Məhkəmə qərarları › İş №3(005)-1355/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1355/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1355/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin polis sahə inspektoru X5 Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abbas oğlunun iştirakları ilə, xx.xx.1978-ci il təvəllüdlü, Abşeron rayonunda anadan olmuş, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan Şəxs Abbas oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsindən daxil olmuş 03 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Abbas oğlu xx.xx.2024-cü il tarixdə X3 qarşı nalayiq ifadələr işlədərək onu təhqir etmiş, həmçinin narkotik vasitələrindən istifafə etdiyi müəyyən olunmuşdur. Bununla da, Şəxs Abbas oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru Hacıyev Nurlan Faiq oğlu inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək Şəxs Abbas oğlu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abbas oğlu özünü 206 və 510-cu maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, narkotik vasitədən heç bir zaman istifadə etməmiş, həmçinin X3 qarşı heç bir təhqir xarakterli sözdən istifadə etməmişdir. Taksidə olduqları zaman radionun səsinin azaldılmasını istəmişlər, o isə azaltmışdır. Daha sonra onunla kobud danışdıqları üçün ünvana çatdırmaq istəməmiş və avtomobili saxlayaraq avtomobildən düşmələrini bildirmişdir. Qeyd olunanların nəzərə alınmasını və barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadə verərək qeyd etmişdir ki, taksi sifarişi etmiş, sürücü qismində Şəxs Abbas oğlu onu qeyd edilən ünvana aparmaq üçün gəlmişdir. Avtombildə sürücü yüksək səs tonu ilə musiqi dinləmiş, o narahat olduğu üçün səsini aşağı endirməsini xahiş etmişdir. Lakin sürücü bundan imtina etmiş, onu avtomobildən endirmək istəmiş, daha sonra isə onun ünvanına nalayiq sözlərlə təhqir etmişdir. Özünün və anasının səhətində problem olmasını və hamilə olmasını bildirmişdir. Lakin buna baxmayaraq sürücü yenə də ünvana çatdırmamış və onları yolda saxlamışdır. Onlarla kobud rəftar etmişdir. Hal-hazırda Şəxs Abbas oğlundan şikayətçidir və barəsində müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Abbas oğlu həmin tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin Ambulator X1 haqqında 03 may 2024-cü il tarixli, 2903 nömrəli rəyindən görünür ki, Şəxs Abbas oğlunun kannabinodilərdən istifadə etmə halları olub. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Abbas oğlunun İXM-in 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün qismən etirafedici izahatından başqa, zərərçəkmiş şəxsin ifadəsi və araşdırılmış sübutlarla tam sübuta yetir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Abbas oğlunun İXM-in 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Abbas oğlu həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qeyd edilən maddələrin dispozisiyasından göründüyü kimi, Şəxs Abbas oğlu əməllərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə inzibati xəta haqqında protokolları nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Abbas oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Abbas oğlunun ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs Abbas oğlu barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs Abbas oğlu İXM-in 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli isə İXM-in 89.5-ci maddəsinə əsasən Şəxs Abbas oğlunun inzibati qaydada tutulma vaxtından hesablanmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs Abbas oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Abbas oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 23:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar