Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1357/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 15 iyun 2021-ci il tarixdə saat 19:50 radələrində Nərimanov rayon 18-ci PŞ-nin inzibati binasında polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 izahatında göstərdi ki, 15.06.2021-ci il tarixdə saat 19:20 radələrində vət. Şəxs, Ə.Əlizadə küçəsi 42/9 ünvanında tikilməkdə olan binanın yaxınlığında betonlama işləri görülən zaman öz avtomobilini həmin ərazidə saxlamış və bununla bağlı “xxxx” MTK tərəfindən onun barəsində şikayət verilmişdir. Həmin şikayətlə bağlı Şəxs 18-ci PŞ-yə dəvət olunmuşdur. 18-ci PŞ-də vət. Şəxs ilə profilaktiki söhbətlər aparılan zaman o, dəfələrlə ünvansız nalayiq söyüşlər söymüşdür. Təhqiqat araşdırması aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin material onun icraatına daxil olarkən müəyyən olunmuşdur ki, polis əməkdaşları tərəfindən dəfələrlə xəbərədarlıq edilməsinə baxmayaraq vət. Şəxs şöbədə olarkən tələblərə məhəl qoymayaraq dəfələrlə söyüşlər söyərək şöbənin iş rejimini pozmuşdur. Şəxs polis şöbəsində səs-küy salmasına səbəb onun şöbəyə daxil olarkən mobil telefonu təhvil verməsi tələbinə məhəl qoymaması olmuşdur. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Sonda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, şöbədə kameralar olsa da, hadisənin görüntülərini təqdim edə bilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 14.06.2021-ci il tarixdə saat 22:00 radələrində idarə etdiyi avtomaşını ünvan 2 ünvanının qarşısında saxlamışdır. Avtomaşınını öz evinin qarşısında saxlamasının səbəbi də yolun əks istiqamətindən “dayanma-durma qadağandır” işarəsinin olmasıdır. O, avtomaşınında betonun izləri olduğunu görüb yaxınlıqda olan tikinti şirkətinə bu barədə məlumat vermiş, lakin MTK-nın əməkdaşları ona heç bir kömək etməyəcəklərini bildirmişlər. Təxminən 15 dəqiqə sonra 18-ci PŞ-nin əməkdaşları yaxınlaşmışlar. O, polis əməkdşalarına hadisənin neçə baş verdiyini izah etmiş və onun avtomobilinin yolu kəsmədiyini, yolu şirkətin yük maşınlarının bağladığını, bu səbəbdən də avtomaşınını oradan çəkmədiyini bildirmişdir. Daha sonra polis əməkdaşları çıxıb getmişlər. Bundan bir neçə dəqiqə sonra 18-ci PŞ-nin əməkdaşı Qələndər Cabbarov ona zəng etmiş, bundan sonra o, avtomaşınını oradan çəkmişdir. 15.06.2021-ci il tarixdə Qələndər Cabbarov onu 18-ci PŞ-yə dəvət etmiş, o, 18ci PŞ-nə gəlmiş və ona “xxxx” MTK-nın onun barəsində şikayət ərizəsi yazdığı bildirilmişdir. O, polis əməkdaşlarına hər hansı müqavimət göstərməmişdir, şöbəyə daxil olan kimi polis əməkdaşları onu təhqir etmiş və onu müvəqqəti saxlama yerinə salmışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmçinin bildirdi ki, o, söyüş söyməmiş, kiminləsə dava etməmişdir. Əksinə polis əməkdaşları onunla kobud danışmış, o, polis şöbəsinə girən zaman “sən lotusan, camaatın qabağın kəsirsən” demiş və təhqir etmişlər. Bütün bu deyilənləri kamera görüntüləri əldə etməklə müəyyən etmək olar. Polis şöbəsində yazdığı izahatı polis əməkdaşlarının təzyiqi altında olduğu üçün imzalamışdır. Tərəfindən polis əməkdaşlarına hər hansı müqavimət göstərilmədiyindən və onların qanuni tələblərinə tabesizlik göstərmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsi cinayət axtarışı üzrə əməkliyyat müvəkkili X3 izahatında göstərdi ki, 15.06.2021-ci il tarixdə saat 19:20 radələrində Şəxs Ə.Əlizadə küçəsi 42/9 ünvanında tikilməkdə olan binanın yaxınlığında betonlama işləri görülən ərazidə avtomaşınını saxladığından tikinti şirkəti 18-ci Polis Şöbəsinə şikayət etmişdir. Həmin şikayətlə bağlı Şəxs 18-ci PŞ-yə dəvət olunmuşdur. 18-ci PŞ-yə daxil olarkən Şəxs mobil telefonunu təhvil verməsi tələb olunsa da, o, bundan imtina etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Verilmiş suala cavab olaraq şahid bildirdi ki, şöbə rəisinin göstərişinə əsasən şöbəyə daxil olan hər bir kəs mobil telefonunu təhvil verməlidir, Şəxs isə mobil telefonunu təhvil verməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahatında göstərdi ki, dostu Şəxs 14.06.2021-ci il tarixdə idarə etdiyi avtomaşını ünvan 2 ünvanının qarşısında saxlamışdır. Avtomaşınında betonun izləri olduğundan Elvin tikinti şirkətinə bu barədə məlumat vermiş, lakin MTK-nın əməkdaşları ona heç bir kömək etməyəcəklərini bildirmişlər. 15 iyunda 18-ci Polis Şöbəsindən tikinti şirkətinin şikayəti ilə əlaqədar Elvini çağırdıqda, onlar birlikdə şöbəyə getmişlər. Dostları Ağaəli də onlarla birlikdə olmuşdur. Elvin şöbəyə daxil olan kimi orada səs-küy qalxmış, Elvinə “sən lotusan” deyə qışqırıldığını eşitmişlər. Onları içəri buraxmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X5 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən rəhbərliyə ünvanlanmış 15 iyun 2021-ci il tarixli raportdan görünür ki, 15.06.2021-ci il tarixdə xidmətdə olan zaman saat 19:20 radələrində vət. Şəxs, Ə.Əlizadə küçəsi 42/9 ünvanında tikilməkdə olan binanın yaxınlığında betonlama işlərinin görülməsi həyata keçirilən ərazidə **-ST-*** nömrəli avtomaşınını saxlanması ilə əlaqədar 18-ci PŞ-yə dəvət olunmuşdur. 18-ci PŞ-də Şəxs ilə profilaktiki söhbətlər aparılan zaman dəfələrlə ünvansız nalayiq söyüşlər söymüşdür. Polis əməkdaşları tərəfindən dəfələrlə xəbərədarlıq edilməsinə baxmayaraq Şəxs tələblərə məhəl qoymayaraq söyüşlər söyərək şöbənin iş rejimini pozaraq tabe olmamışdır. Qeyd olunanları nəzərə alaraq qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 iyun 2021-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı Emin Quliyev tərəfindən toplanmış material üzrə cinayət hadisəsi olmadığından fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, 15.06.2021-ci il tarixdə “xxxx” MTK-nın sədri X9 RPİ-nin 18-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, 14.06.2021-ci il tarixdə saat 23:30 radələrində ünvan 2 ünvanında Pilot Lahiyyə üzrə tikilən hündür mərtəbəli binanın tikintisində beton işləri aparılan zaman **-ST-*** dövlət nömrə nişanlı, Posche Panamera markalı avtomaşını idarə edən sürücü beton maşınlarının hərəkətinə mane olmaq üçün qəsdən avtomaşınını Qarabağ küçəsində saxlayaraq beton maşınlarının hərəkətinə mane olmuş, şirkətin əməkdaşları ilə mübahisə etmiş və şirkətin işinə mane olduğu üçün şirkətə maddi və mənəvə ziyan vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir; 15 iyun 2021-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 21:21-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Şəxs barəsində başlanmış İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, işin hallarından və işdə iştirak edən şəxslərin izahatlarından aydın olur ki, Şəxs 15.06.2021-ci il tarixdə saat 19:20 radələrində barəsində “xxxx” MTK-nin şikayətinə əsasən dəvət olunduğu 18-ci polis şöbəsinə getmişdir. Şəxs polis əməkdaşının şöbəyə daxil olarkən mobil telefonunu təhvil vermək barədə tələbə tabe olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qəsdən tabe olmamağın Şəxs yalnız polis əməkdaşlarının mobil telefonu təhvil vermək barədə tələbini icra etməməsində özünü göstərdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının vətəndaşın şöbəyə daxil olarkən mobil telefonunu təhvil verilməsi barədə tələbi qanuni hesab edilə bilməz. Belə ki, mobil telefon hər bir vətəndaşın şəxsi əşyası olmaqla, həmin əşyanın polis əməkdaşları tərəfindən tələb edilməsi hər hansı qanunda nəzərdə tutulmamışdır. Polis əməkdaşlarının həmin tələbini məhkəmə qanuni tələb hesab etmir və qeyd edir ki, göstərilən halın mövcudluğu şəxsin İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə əsasən hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Həmçinin Şəxs polis şöbəsində nalayiq ifadələr işlətməsi barədə polis əməkdaşlarının dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs hadisənin görüntülərini məhkəməyə təqdim etməmiş və bunun təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında söyüş söymədiyini, əksinə, şöbəyə daxil olarkən polis əməkdaşlarının onunla kobud rəftar etdiyini bildirmiş və onun bu dəlilləri məhkəmə iclasında şahid qismində dindirilən X4 və X8 tərəfindən təsdiq edilmişdir. Məhkəmə, inzibati məsuliyyətə cəlb edilən şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını (İXM-8.2), inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin inzibati xəta haqqında protokol tərtib etməyə əsas olan halları təsdiq etmək üçün hər hansı digər tutarlı dəlil və ya sübutu olmadığını nəzərə alaraq məhkəmə qeyd edir ki: İXM-in: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, polis əməkdaşlarının Şəxs mobil telefonunu təqdim etməsi barədə tələbi qanuni olmamış və bu səbəbdən sonuncunun həmin tələbə tabe olmaması qanun pozuntusu kimi, yəni İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə araşdırması zamanı Şəxs polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən irəli sürdüyü hər hansı digər qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində başlanmış İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 16 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1357/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1357/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver