Məhkəmə qərarları › İş №3(005)-1365/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1365/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1365/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2, Zərər çəkmiş şəxs-X3, Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 17 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1486/2020 nömrəli, 02.09.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 20.02.2020-ci il tarixindən başlayaraq 06.04.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Həmçinin borclu Şəxs 06.04.2019-cu il təvəllüdlü X1 üç yaşınadək hər ay 30 manat tutulub X5 verilməlidir. Buna baxmayaraq Şəxs hazırki tarixədək qərəzli şəkildə icra sənədini tam şəkildə icra etməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1486/2020 nömrəli, 02.09.2020-ci il tarixli icra sənədi şöbənin icraatına 03.09.2020-ci il tarixdə daxil olmuş və icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu Şəxs 27.12.2020-ci il tarixdə şöbəyə dəvət olunaraq icraata başlamaq haqqında qərar müvafiq bildirişlə borcluya şəxsən təqdim edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılarkən onun adına tələbin yönəldiləcəyi əmlak və nağd pul vəsaiti aşkar edilməlmişdir. “Elektron İcra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılan zaman onun adına “MERCEDES GL550 minik" markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi müəyyən olunmuş və avtomobilin üzərinə həbs qoyulmasına dair 14.09.2020-ci il tarixli təqdimatla Nərimanov rayon məhkəməsinə müraciət edilmiş, məhkəmənin 8(005)-543/2020 saylı, 28.09.2020-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilmiş, məlum qərardad əsasında avtomobilin saxlanılmasına dair 05.11.2020-ci il tarixli axtarış qərarı qəbul edilmiş və eyni tarixli məktubla icra edilməsi üçün AR DİN BDYPİ-nə göndərilmişdir. Bundan əlavə borclu N. Məmmədovun adına tələbin yönəldiləcəyi digər əmlak və gəlirlər aşkar edilməmişdir. Daha sonrakı mərhələdə borclu N. Məmmədovun istifadəsində olan ***-***-**- ** mobil nömrəsi vasitəsilə şöbəyə dəvət olunmasına baxmayaraq müxtəlif bəhanələrlə şöbəyə gəlməmiş və telefona cavab verməmişdir. Bu şəbədən icra sənədində borclunun qeydiyyat yeri kimi göstərilən ünvan 2 ünvanına 26.10.2020-ci il tarixdə baxış keçirilmiş, borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmiş və buna dair müvafiq akt tərtib edilmişdir. Bu səbəbdən borclu N.Məmədov barəsində axtarış elan olunmasına dair 28.10.2020-ci il tarixli qərar qəbul edilərək icra olunması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilmiş, idarənin 16.11.2020-ci il tarixli 07-28077 saylı, məktubu ilə 10.11.2020-ci il tarixdən 60824/20 saylı axtarış işi açıldığı müəyyən edilmişdir. Borclu şəxs 17.06.201-ci il tarixdə polis vasitəsilə şöbəyə təhvil verilişdir. Məlum icra vərəqəsi üzrə borclu N. Məmmədovun yaranmış aliment öhdəliyi 3100 (üç min iki yüz) manat təşkil etmiş, həmin vəsaitdən borclunun anası Ruqiyyə Məmmədova tərəfindən 27.12.2020-ci il tarixdə 100 (bir yüz) manat ödənilmiş, hazırki tarixə 3100 (üç min bir yüz) manat ödənilməmiş borcu qalmaqdadır. Daha sonrakı mərhələdə borclu şöbəyə dəvət olunmasına baxmayaraq müxtəlif bəhanələrlə şöbəyə gəlməmişdir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, maddi imkansızlığı səbəbindən icra sənədlərinin icrasını təmin edə bilmir. Uzun müddətdir ki, iş axtarır. Barəsində dəfələrlə axtarış elan edildiyindən heç bir iş yeri onunla əmək müqaviləsi bağlamır. İcra sənədinin icrasını təmin edə bilməsi hazırda mümkün belə deyil. Lakin çalışıb borcunu tam şəkildə ödəyəcəkdir. İcra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmır. Göstərilənləri nəzərə alaraq barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs X8 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs şikayətçidir. Ata kimi övladı ilə maraqlanmır. Borclu bu günə qədər heç bir ödəniş etməyib. Heç olmazsa ay ərzində 100 manat ödəniş etsə idi, bu məbləğ belə uşağının ehtiyaclarının bir qismini qarşılayardı. Maddi imkanı olduqca pisdir. Məhkəmənin qərarından məlumatlı olduğu halda icra sənədini icra etmir. Hazırda borclunun 3100 manat ödənilməmiş alimnet borcu qalıb. Hazırda Şəxs şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1486/2020 nömrəli, 02.09.2020ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 20.02.2020-ci il tarixindən başlayaraq 06.04.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Həmçinin borclu Şəxs 06.04.2019-cu il təvəllüdlü X1 üç yaşınadək hər ay 30 manat tutulub X5 verilməlidir. İcraata başlamaq haqqında 03.09.2020-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1486/2020 nömrəli, 02.09.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildirişlər, özünün və zərər çəkmiş şəxsin verdiyi izahatı və iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuru, borclunun izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş aliment öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, aliment borcunun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 17 iyun 2021-ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli 17 iyun 2021-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar