Məhkəmə qərarları › İş №3(005)-1372/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1372/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1372/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 barəsində Bakı şəhəri X8 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 11.06.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, barəsində Bakı şəhəri X8 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 11.06.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 10 iyun 2021-ci il tarixdə Z.Bünyadov prospektində ona, qardaşı X3 məxsus Mercedes Benz 200 minik avtomobili ilə hərəkət edərkən saat 14:15 radələrində YPX onu saxlamış, avtomobili BDYPİ-nin 17№-li Siqnal - Cərimə Meydançasına aparmış və Bakı şəhəri DYPİ Yol patrul xidməti inspektoru X6 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib edilmişdir. Protokolda onun Azərbaycan Respublikasının İXM-nin 342.7-ci maddəsində göstərilən tələblərin pozulması qeyd olunaraq məsuliyyət qeyd edilmişdir. O bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokola aşağıdakı yazını əlavə etmişdir: “sürücü saxta və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etdiyi üçün tərəfindən saxlanıldı”. Protokola etirazını bildirmiş olduğu üçün şikayətinə 11 iyun 2021-ci ildə Bakı şəhəri DYP-də baxılsa da, əsaslandırmasına heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinin tələblərini pozduğunu iddia edərək 4 cərimə balı və 60 manat məbləğində cərimə edilməsi ilə bağlı qərar çıxarılmışdır. Onun tərəfindən dövlət qeydiyyat nişanına heç bir kənar müdaxilə olmamış, dövlət qeydiyyat nömrə nişanı təbii olaraq az miqdarda aşınmaya məruz qalmışdır. Bu barədə ona heç bir xəbərdarlıq edilməmişdir. Həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddəsinə əsasən heç bir cərimə balı nəzərdə tutulmamışdır. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri X8 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 11.06.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri X8 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 11.06.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, X2 10.06.2021-ci il tarixdə saat 14:15 radələrində “MERCEDES BENZ 200” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobili Z.Bünyadov küçəsi ərazisində idarə edərkən saxta və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etmiş və nəticədə o, Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 (altmış) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X2 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayət verən şəxs X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri X8 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 11.06.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar