Məhkəmə qərarları › İş №3(005)-1374/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1374/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1374/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş 11 iyun 2021-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş 11 iyun 2021-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin səlahiyyətli şəxsi tərəfindən 02 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN ******* saylı, 11 iyun 2021-ci il tarixli qərar qəbul edilmişdir. Şikayətə əlavə edilmiş MN ******* saylı, 11 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi hüquqi şəxs barəsində müvafiq icra hakimiyyəti tərəfindən inzibati xəta haqqında protokol və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xətalar qanunvericiliyinin tələblərinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məhz məhkəmənin səlahiyyətinə aid edilmişdir. Lakin məhkəmənin səlahiyyətini mənimsəyən müvafiq icra hakimiyyəti qanunvericiliyin tələblərinə əməl etmədən qanunsuz və əsassız olaraq "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə etmişdir. Buna görə də, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, "xxxx" MMC barəsində aparılan Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXMnin 18.5-ci maddəsinin tələbinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Fövqəladə Hallar Nazirliyi 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Fövqəladə Hallar Nazirliyi 3cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 11 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinin tələbinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinin tələbinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin barəsində 02 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol səlahiyyətli şəxs tərəfindən tərtib edilsə də, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməli olduğu halda göndərilməmiş və bu iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, subyektiv hüquq pozuntusuna yol verilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla "xxxx" MMC-nin barəsində 11 iyun 2021-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş 11 iyun 2021-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş 11 iyun 2021-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar