Məhkəmə qərarları › İş №3(005)-1375/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1375/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1375/2020 07.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Nərimanov RPİ-nin 17-ci PŞ-nin MN ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 RPİ-nin 17-ci PŞ-nin MN ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxx 2020-ci il tarixdə Nərimanov rayonu, A.Nemətulla küçəsi ilə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Özünü polis mayoru X6 təqdim edən əməkdaş qoruyucu maskadan istifadə etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211-ci maddəsinin tələblərini pozduğunu iddia etmişdir. Cavabında isə o, qeyd edilən Məcəllənin həmin maddəsində qoruyucu maskadan istifadə edilməsi ilə bağlı heç bir məcburi norma olmaması ilə yanaşı Bakı şəhərində apteklərdə qoruyucu maska qıtlığının yaşandığını qeyd etmiş və yaxınlıqda yerləşən üç aptekə birgə gedib qoruyucu maskanın olubolmaması ilə bağlı maraqlanmağı təklif etmişdir. Bütün iradlarına baxmayaraq mayor Axundzadə protokol tərtib etmiş və protokolun 2-ci nüsxəsini ona verməməklə bərabər dəfələrlə təkid etsə də, irad və etirazlarının protokola əlavə edilməsinə şərait yaratmamışdır. xx.xx.2020-ci il tarixdə Nərimanov rayon İcra və Probasiya şöbəsindən bildiriş aldıqdan sonra inzibati tənbeh vermə haqqında Qərarla tanış olanda bəlli olmuşdur ki, törədilməmiş inzibati xətaya görə əsassız və qanunsuz tərtib edilmiş protokola əsasən, qanunda nəzərdə tutulmayan cərimə tətbiq etməklə 17-ci Polis Şöbəsinin rəisi əsassız və qanunsuz qərar qəbul etmişdir. Çünki həmin vaxtı İXM-in 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Qoruyucu vasitələrdən istifadə etməməyə görə heç bir məsuliyyət nəzərdə tutulmamışdır. Həmin dövrlərdə DİN-in İctimai Təhlükəsizlik Baş İdarəsinin rəis müavini Operativ Qərargahın mətbuat konfransında qoruyucu maskadan istifadə etməməyə görə cərimə tətbiq edilməsini qanunsuz hesab etməklə polis əməkdaşlarını bir növ bu kimi əməllərindən çəkinməyə çağırmışdır. Fərdi qoruyucu vasitələrindən istifadə olunması barədə İXM-in 211-ci maddəsinə xx.xx.2020-ci il tarixdə (124-Vİ QD №-li Qanunla) 2-ci bənd əlavə edilməklə istifadə qaydasının müəyyən edilməsini Nazirlər Kabinetinə tapşırılmışdır. Nazirlər Kabineti müvafiq Qərarında yalnız qapalı yerlərdə qoruyucu maskadan istifadənin məcburi olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən X7 şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İzahatında göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə Ağa Nemətulla küçəsində piyada gəzərkən fərdi qoruyucu vasitədən istifadə etmədiyinə görə barəsində əsassız olaraq İXM-in 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həimn protokol əsasında da inzibati məsuliyyətə cəlb olunmuşdur. Onun tərəfindən karantin rejiminin heç bir tələbi pozulmamışdır. Belə ki, göstərilən qoruyucu vasitədən istifadə olunması piyada gəzərkən məcburi hal kimi müəyyən edilməmiş və buna görə inzibati məsuliyyət nəzərdə tutulmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov RPİ-nin 17-ci PŞ-si tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Ağa Nemətulla küçəsində piyada maskasız hərəkət etmişdir. X7 İXMin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; Nərimanov RPİ-nin 17-ci PŞ-nin MN ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Ağa Nemətulla küçəsində karantin qaydalarını pozaraq piyada maskasız hərəkət etmişdir. X3 İXM-in 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: - dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; - insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; - sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; - gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qaydasının müəyyənləşdirilməsi, sanitariya normalarının və qaydalarının hazırlanması; - əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması; - sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; - vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması; 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 124 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. İnzibati xəta haqqında protokolun tərtib edildiyi vaxt qüvvədə olan İXM-in 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya gigiyena və karantin rejimlərinin pozulması əməli inzibati xəta kimi müəyyən edilmişdir. Həmin əmələ görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən hərəkət məhdudiyyətlərinin X7 tərəfindən pozulması müəyyən olunmamışdır. Belə ki, qanunvericiliyin məzmunundan göründüyü kimi, sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi hesab edilən hallar müəyyən edilmişdir. Göstərilən bu fərdi vasitələrdən piyada gəzərkən istifadə olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, Nərimanov RPİ-nin 17-ci PŞ-si tərəfindən X4 İXM-in 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edərkən onun piyada gəzməsi zamanı fərdi qoruyucu vasitədən istifadə etməsinin məcburi olmaması nəzərə alınmamış və əsassız olaraq barəsində İXM-in 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, xx xxxxx 2020-ci il tarixdə İXM-in 211-ci maddəsində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmamışdır. Bu barədə İXM-in 211.2-ci maddəsi həmin məcəlləyə x xxxx 2020-ci il tarixli, 124-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, X4 piyada gəzərkən fərdi qoruyucu vasitədən istifadə etməsinin məcburi hal olmamasını və bu barədə inzibati məsuliyyət nəzərdə tutulmadığını nəzərə almamış, barəsində əsassız olaraq İXM-in 211-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Təqdim olunmuş sənədlər əsasında X4 İXM-in 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş nöqsanlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, X4 barəsində Nərimanov RPİ-nin 17-ci PŞ-nin MN ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Nərimanov RPİ-nin 17-ci PŞ-nə göndərilməlidir. İXM-in: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 İXM-in 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Nərimanov RPİ-nin 17-ci PŞ-nin MN ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Nərimanov RPİ-nin 17-ci PŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar