Məhkəmə qərarları › İş №3(005)-1375/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1375/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1375/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət verən şəxs X8, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X21 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X8 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X15 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X25 Xidməti Bakı şəhər Ərazi İdarəsinin 30 oktyabr 2023-cü il tarixli, MN-1291371 saylı qərarına əsasən o, X4 və onun rəfiqəsi X9 əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə əlaqədar İXM-nin 192.1 maddəsilə 4000 manat cərimə edilmişdir. Həmin qərardan məhkəməyə şikayət etmişdir. Öz şikayətini onunla əsaslandırmışdır ki, o, qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. X10 fərdi sahibkardır, dırnaq ustasıdır. İcarəyə götürdüyü sahədə ona da qeyri-yaşayış sahəsi vermişdir və o, fərdi sahibkar kimi orada işləyib. X16 isə Məmmədova Türkanənin rəfiqəsidir, arada bir onun yanına gəlib söhbət etmişdir. Belə ki, nə Türkanə ilə, nə də Zümrüd ilə əmək müqaviləsi bağlamalı deyil. Bunları nəzərə alaraq, Nərimanov Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərarı ilə şikayətini qismən təmin etmişdir. Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və yenidən araşdırılma aparılması üçün X25 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. X25 Xidmətinin Bakı şəhər İdarəsi onu yenidən araşdırma aparmaq üçün 01 may 2024-cü ildə idarəyə dəvət etmişdir. O da özündə olan sənədlərlə oraya getmişdir. Ona orada ilk növbədə bildirmişlər ki, “əgər qərarımız qanunsuz idisə, onda məhkəmə qərarı ləğv edib və işə xitam verilməlidir. O halda ki, yenidən araşdırmaya göndəribsə deməli qərarımız qanunidir”. Daha sonra onun icarə müqaviləsinə baxış keçirib müəyyən etmişlər ki, icarə müqaviləsi notariat tərəfindən təsdiq edilməyib və reyestr xidməti tərəfindən qeydiyyata alınmamışdır. O halda ki, qeyriyaşayış sahəsinin mülkiyyətçisi icarə müqaviləsini Notariat tərəfindən təsdiq edilməyibsə, bu halda o, X10 və onun yanına gələn rəfiqələri ilə əmək müqaviləsi bağlamalı imiş. O, bildirmişdir ki, birincisi nəticə düzgün çıxarılmır. İcarə müqaviləsinin təsdiq edilməməsi başqa bir mövzudur. İcarə müqaviləsinin olub-olmaması əmək müqaviləsinin bağlanmasına təsir göstərmir. Hətta ona işçi tələb olunmur. O, özü də az qazanır. Hələ üstəlik işçi götürüb ona da ayda əmək haqqı verib ona məzuniyyət, məzuniyyət pulu, vergisi, sığortası və.s. ödənişlər etməyə imkanı yoxdur. Əmək müfəttişliyi araşdırma predmetindən kənara çıxıb başqa mübahisəni araşdırırlar. Onun mülkiyyətçi ilə icarə müqaviləsinin etibarsız və ya etibarlı olduğunu araşdırır. Həmin müqavilənin etibarsız hesab edilməsi yalnız məhkəmə qərarı ilə mümkündür. Tutaq ki, müqaviləsi qanun pozuntusu ilə bağlanıb. O demək deyil ki, o, fərdi sahibkar və eyni statusa malik olan digər fərdi sahibkar Məmmədova Türkanə ilə əmək müqaviləsi bağlamalıdır və əks təqdirdə İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir? X18 məntiqi ilə gedilsə, onda icarəyə verən mülkiyyətçi onunla əmək müqaviləsi bağlamalı idi. Və yaxud da Məmmədova Türkanə onu işə götürməli və onunla əmək müqaviləsi bağlamalı idi. Qeyd edir ki, o, heç kimi işə cəlb etməmişdir, X10 və onun rəfiqələri onun üçün işləmir. Hər kəs fərdi sahibkar kimi fəaliyyət göstərir. İstədiyi vaxtda gəlib, istədiyi vaxtda gedirlər. Özləri öz vergisini, vergi hesabatını, sosial sığortasını ödəyirlər. Bunların ona heç bir aidiyyəti yoxdur. X25 əmək münasibətlərini digər münasibətlər ilə səhv salır. Belə ki, o, iş rejimini müəyyən etmir, X5 və.s. rəhbəri deyil. Onların aralarında əməkdaşlıq münasibəti mövcuddur. X25 Xidməti yenidən araşdırma apararkən faktiki hallara qiymət vermədən, mahiyyəti üzrə araşdırma aparmadan onun məsuliyyət daşıdığı qənaətinə gəlmişdir. Hesab edir ki, qərar qanunsuz olduğuna görə ləğv edilməli və inzibati xətalara dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X15 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X27 izahatında göstərdi ki, X1 Türkünə Cavanşir qızını və onun rəfiqəsi X11 xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri (kontraktlar) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bu səbəbdən X25 Xidmətinin Bakı şəhər İdarəsinin 01 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ilə vəzifəli şəxs barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Odur ki, həmin qərar əsaslı olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin izahatlarını, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, vətəndaş X12 və X2 Tərifə Hidayət qızı tərəfindən xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində 4000 (dörd min yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. 04 oktyabr 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icayə verən X22 və icarəçi X15 arasında icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən icayə verən X22 Bakı şəhəri, Nərimanov rayonu, X29 prospekti, 47 E ünvanında yerləşən ümumi sahəsi 763.1 kv/m olan qeyri-yaşayış sahəsinin 49.5 kv/m olan hissəsini icarəçi X13 icarəyə vermişdir. 01 avqust 2023-cü il tarixli və 16 oktyabr 2023-cü il tarixli sub icarə müqavilələrindən görünür ki, icayə verən X15 və icarəçi X10 arasında sub icarə müqavilələri bağlanmışdır. Həmin icarə müqavilələrinə əsasən icayə verən X15 Bakı şəhəri, Nərimanov rayonu, X29 prospekti, 47 E ünvanında yerləşən ümumi sahəsi 763.1 kv/m olan qeyri-yaşayış sahəsinin 49.5 kv/m olan hissəsindən müvafiq olaraq 8.0 kv/m və 5.0 kv/m sahələri icarəçiyə öz sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün sub icarəyə vermişdir. İş materiallarında olan sənədlərdən və qəbzlərdən görünür ki, X10 fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş “Fiziki şəxsin uçotu haqqında” şəhadətnamədən görünür ki, X7 məxsus ********** saylı №(VÖEN) mövcuddur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-776/2024 saylı, 28 mart 2024cü il tarixli qərarından görünür ki, şikayətçi X8 şikayətinin qismən təmin olunması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməsi qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, X15 ilə X10 arasında icarə münasibətləri mövcuddur. Eyni zamanda X15 və X5 hər birinin VÖEN-i vardır. X15 ilə X16 arasında isə hər-hansı bir münasibətlərin olması iş materialları ilə təsdiq olunmur. Məhkəmə hesab edir ki, qeyd olunan məsələ ilə bağlı X18 Bakı şəhər idarəsi tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. X15 ilə X10 arasında mövcud olan icarə münasibətləri səlahiyyətli orqan tərəfindən araşdırılmamışdır. X25 vəzifəli şəxs kimi X8 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə X8 göstərilən maddə ilə təqsirliliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər idarəsinin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X15 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X15 barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X15 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, barəsində icraat aparılan şəxsin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin idarəyə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar