Məhkəmə qərarları › İş №3(005)-1379/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1379/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1379/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X9 Şöbəsi tərəfindən 14 iyun 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin baş təhqiqatçısı R.Ağəliyevin 327 nömrəli rədd materialının qərarına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq piyada X2 vuraraq sağlamlığına “yüngül” dərəcəli bədən xəsarəti yetirmişdir. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: 22 aprel 2021-ci il tarixli, HK-1/335 sıra sayı ilə qeydə alınmış ərizədən görünür ki, 22 aprel 2021-ci il tarixdə X4 ərizə ilə Nərimanov RPİ-yə müraciət edərək 16 aprel 2021-ci il tarixdə, təxminən saat 18:30 radələrində ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət etdiyi zaman ağ rəngli, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobil ilə onu vurub bədən xəsarəti yetirdiyini bildirərək sürücünün müəyyən edilib məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, 15 aprel 2021-ci il tarixdə avtomobil ilə vacib işləri olduğuna görə "xxxx" MMC-dən “HYUNDAİ ELANTRA” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Səhəri günü, yəni 16 aprel 2021-ci il tarixdə, təxminən saat 15:30 radələrində qohumu Şəhla Kərimovanı tibbi müayinələrdən keçirmək üçün qızı Gülnar Kərimova və digər qohumu X5 ilə birlikdə Nərimanov rayonu, S.Rəhman küçəsində yerləşən Nərgiz klinikasına aparmışdır. Təxminən saat 17:30 radələrində Şəhla Kərimovanın müayinələri başa çatmışdır. Müayinələr başa çatdıqdan sonra onları yaşadıqları evə aparmaq üçün idarə etdiyi avtomobili hərəkətə gətirib əvvəlcə Xan Şuşinski küçəsinə daxil olmuş, daha sonra Xan Şuşinski küçəsindən M.Əlizadə küçəsinə dönərkən idarə etdiyim avtomobilin sağ yan güzgüsü avtomobil yolunun sağ tərəfi ilə hərəkət edən piyada qadına dəymişdir. Dərhal avtomobili dayandırıb qadından üzr istəmişdir. Qadın da üzr istəməyin lazım deyil deyə cavab vermişdir. O qadına bəs nə lazımdır deyə xəbər aldıqda qadın da bildirmişdir ki, 40 manat versin özü rentgen müayinəsinə gedəcək. Həmin vaxt Şəhla ilə Gülnar da avtomobildən yerə enib qadından üzr istəmişlər. Qadın da bir daha 40 manat pul istəmişdir ki, özü müayinədən keçəcək. Ona görə də ona 40 manat pul verdikdən sonra qadın getmişdir. Aparılan araşdırma zamanı X4 izahat verərək bildirmişdir ki, 16 aprel 2021-ci il tarixdə, təxminən saat 18:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsində, yaşadığı evin yaxınlığında avtomobil yolunun kənarı ilə piyada hərəkət edirmiş. Həmin vaxt ondan arxa tərəfdən gələn gümüşü rəngli, markasını tanımadığı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sağ qoluna və sağ ayağına dəyərək ona bədən xəsarəti yetirmişdir. Hadisədən sonra həmin avtomobili idarə edən cavan oğlan əvvəlcə yerə enmiş, daha sonra avtomobildə sərnişin olan, özünü sürücünün bacısı kimi təqdim edən cavan qız yerə enmişdir. Sürücü qarşısına avtomobil çıxması səbəbindən onu vurduğunu deyib ondan üzr istəmişdir. Eyni zamanda sürücünün bacısı ona demişdir ki, bibi bağışla avtomobilin güzgüsü əyildi. O da demişdir ki, görün avtomobil ona necə dəyibsə güzgüsü əyilib. O, əli ilə sağ qolunu və ayağını tutub əyilən kimi olmuşdur. Sonra sürücü ona 10 (on) manat pul uzadıb nə xəsarətin varsa sabah gedərsən rentgenə. O da 10 (on) manat pulu götürməmişdir. Bu zaman sürücünün anası kimi bildiyi qadın avtomobildən yerə enib ona demişdir ki, səki ilə niyə getmirsən. O də bildirmişdir ki, buradan o tərəfə səki yoxdur ki, səki ilə gesin. Sonra sürücü anasından xəbər aldı ki, rentgen neçə manatdır. O da 10 (on) manatdır deyə cavab verdi. Sürücünün anası sürücüdə olan 10 (on) manat pulun üzərinə 20 (iyirimi) manat pul əlavə edib ona uzatdı ki, götür 30 (otuz) manat puldur. O da 30 (otuz) manat pulu onların üzərinə atmışdır ki, “sizinlə polisdə danışacağam”. Sürücü də ona demişdir ki, onun da polis dostu var. O, sürücüyə demişdir ki, avtomobilin dövlət qeydiyyat nişanını və özünün mobil nömrəsini ona versin. O da kağız parçasının üzərinə idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanını və özünün mobil telefon nömrəsini ona verib avtomobilə əyləşib getmişlər. Hadisədən sonra o, yaşadığı evə getmişdir. Bir neçə gün gözləmişdir ki, sağ ayağında və sağ qolunda olan ağrılar keçərsə şikayət etməsin. Lakin bir neçə gün gözlədikdən sonra sağ ayağında olan ağrılar şiddətlənmiş, eyni zamanda şişkinlik başlamışdır. Ona görə də Nərimanov RPİ-nə gedərək sürücüdən şikayət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 tərəfindən verilmiş 26.04.2021-ci il tarixli, 245 nömrəli ekspert rəyindən görünür ki, vət. X1 almış olduğu xəsarətlər – sol aşıq – baldır oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sol baldırın və sol ayaq barmaqlarının şişkinli hematomaları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 16.04.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06 may 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar