Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1383/2020 07.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, X2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, X6 Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi, polis mayoru X13 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyişikayətəməhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 RPİ-nin 16-cı PB-nin rəisi, polis mayoru X13 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Onun barəsində Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşı, polis leytenantı X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.1-ci maddəsində (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Həmin protokola əsasən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin rəisi Şükürov Xəyal onu İXM-in 211.1-ci maddəsi ilə təqsirli hesab edərək barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar qəbul edərək onu 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə etmişdir. Ona qərarın əsli deyil, ksero surəti təqdim edilmişdir. Cərimə edilməyinə səbəb kimi isə işlədiyi müəssisənin nəzdində olan mağazada karantin rejimi qaydalarının pozulması göstərmişlər. Bildirir ki, o, “xxxxxxxxxx” MMC-də administrativ direktor vəzifəsində çalışır. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 21 ünvanında yerləşən “Mothercare” adlı mağaza “xxxxxxxxxx” MMC-yə məxsusdur. Mağazada uşaq qidası, ana və uşaqlar üçün geyim, sənaye malları, təhlükəsizlik, ev və gəzinti üçün müxtəlif mallar satılır. Xüsusi karantin rejiminin tətbiqi ilə bağlı olaraq ərzaq məhsullarının satışı bilvasitə mağazadan, digər malların satışı isə onlayn qaydada satılırdı. Vergi orqanında olan uçot məlumatına əsasən cəmiyyətin əsas fəaliyyəti ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışından ibarətdir (əsas fəaliyyət kodu: 47290); digər fəaliyyət növlərindən biri isə poçt və ya internet ilə sifarişləri yerinə yetirən firmalar vasitəsilə pərakəndə satışdan ibarətdir (kod: 47910). xx xxxx 2020-ci il tarixdə özlərini Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edən şəxslər mağazaya daxil olaraq bildirmişlər ki, mağazada xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarəti həyata keçirəcəklər. Həmin şəxslər sanitar gigiyenik vəziyyəti, işçilərin qeydiyyatını yoxlamışlar. Yoxlama zamanı heç bir qanun pozuntusu tapmadıqda bildirmişlər ki, xüsusi karantin zamanı mağazanın fəaliyyəti qanunsuzdur, belə ki, satılan ərzaq məhsullarının çeşidi azdır. Cəmiyyətin əməkdaşı tərəfindən onlara izah edilmişdir ki, mağazada satılan qida məhsulları yalnız uşaqlar üçün nəzərdə tutulduğundan mağazada uşaq qidasından başqa sair qida məhsulları satılmır. Lakin Nərimanov RHİ-nin əməkdaşları öz mövqelərində israr edərək mağazaya polis əməkdaşlarını dəvət etmişlər. Mağazaya gələn polis əməkdaşları özlərini Nərimanov RPİnin əməkdaşları kimi təqdim etmiş, onlar da mağazada sanitar gigiyenik vəziyyəti, işçilərin qeydiyyatını yoxlamışlar. Yoxlamalar zamanı heç bir qanun pozuntusu tapmadıqda bildirmişlər ki, mağazanın fəaliyyəti qanunsuzdur, belə ki, satılan ərzaq məhsullarının çeşidi azdır. Cəmiyyətin əməkdaşı tərəfindən bir daha polis əməkdaşlarına izah edilmişdir ki, mağazada satılan qida məhsulları yalnız uşaqlar üçün nəzərdə tutulduğundan mağazada sair qida məhsulları satılmır. Lakin buna baxmayaraq Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi tərəfindən barəsində inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı protokol tərtib edilmiş və xx xxxx 2020-ci il tarixli, ******* nömrəli qərarla 4000 azn cərimə edilməsi ilə bağlı olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirir ki, qərarla razı deyil, qərarı qanunsuz və əsassız hesab edir. O, İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməmişdir. Hesab edir ki, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin rəisi Şükürov Xəyal tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar ləgv edilməli, barəsində olan inzibati xəta haqqında isin icraatına xitam verilməlidir. Qeyd edir ki, qanunvericilik satılan ərzaq məhsullarının çeşidinə dair və hansı kateqoriya istehlakçı üçün nəzərdə tutulması barədə tələblər və meyarlar müəyyən etməmişdir. Bundan əlavə malların onlayn qaydada satışını icra etməyə, sifarişləri qəbul etməyə və poçtla göndərməyə görə işçilərin mağazaya daxil olması üçün ən azından gündəlik olaraq mağazanın açılması zəruridir. Bu zaman işçilərin mağazada, anbarda olmaları xüsusi karantin rejimi qaydalarının pozuntusu kimi qiymətləndirilə bilməz. Nəticə etibarı ilə hesab edir ki, Bakı şəhər Nərimanov RPİ-nin 16-cı PB-nin qərarı qanunsuz və əsassızdır və bu səbəbdən də ləğv edilərək, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X10 şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İzahatında göstərdi ki, o, “Mothercare” mağazasında administrativ direktor və anbar və məlumat bazasının rəhbəri vəzifəsində işləyir. Onun əsas vəzifəsi anbara gələn malları qəbul etmək, həmin malların düzgün saxlanmasını təmin etmək, anbarda inventarizasiya prosesini təmin etməkdir. Bir sözlə bütün anbar üzrə məsuliyyət onun üzərindədir. “Mothercare” adlı mağaza “xxxxxxxxxx” MMC-yə məxsusdur və onu işə həmin MMC-nin direktoru X16 götürmüşdür. Onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əsassız hesab edir. Göstərilənləri nəzərə alaraq qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X6 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 RPİ-nin 16-cı PB-nin rəisi, polis mayoru X13 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşı X9 tərəfindən tərtib edilmiş xx xxxx 2020ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Atatürk prospektində yerləşən “xxxxxxxxxx” mağazası icazə olmadan fəaliyyət göstərdiyindən X10 barəsində İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsası ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi, polis mayoru X13 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 4000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayışdan görünür ki, “xxxxxxxxxx” MMC (VÖEN **********) Bakı şəhəri, Nərimanov Rayonu, X19 ev 21 ünvanında uçota alınmışdır. Təsərrüfat subyetinin adı “Mothercare” Mağazasıdır; X12 şəxsi məlumatlarından görünür ki, “xxxxxxxxxx” MMC-nin (VÖEN **********) rəhbəri X11r; “xxxxxxxxxx” MMC-nin Nizamnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik direktor tərəfindən həyata keçirilir; “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”ndan görünür ki, “xxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi X11r; xx xxxxxx 2019-cu il tarixdə bağlanmış 075/19 nömrəli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “xxxxxxxxxx” MMC-nin direktoru X16 (işəgötürən) X10 (işçi) ilə əmək müqaviləsi bağlayaraq sonuncunu administrativ direktor və anbar və məlumat bazasının rəhbəri vəzifəsinə işə götürmüşdür. Həmin müqaviləyə 1 nömrəli əlavədən görünür ki, “xxxxxxxxxx” MMC-nin administrativ direktoru və anbar və məlumat bazasının rəhbəri cəmiyyətin direktoruna tabedir. İşçinin əmək funksiyaları isə qeyd edilən əlavənin 2-ci bölməsində nəzərdə tutulmuşdur (anbara gələn malları qəbul etmək, onların düzgün saxlanması və sorğuya uyğun olaraq düzgün verilməsi; malın mağazalara vaxtında çatdırılmasına nəzarət etmək; bütün anbar üzrə məsuliyyət daşımaq; anbardakı işçilərin düzgün işə vaxtlı-vaxtında gəlmələrini tələb etmək; anbarda kompyuterdə mövcud olan bazanın gündəlik yenilənməsini, bazaya məlumatın düzgün daxil edilməsini və gündəlik bazanı yeniləməyi həyata keçirmək; məlumatların düzgün bazaya daxil edilməsinə və düzgün idarə edilməsinə nəzarət etmək; məlumatların idarə edilməsinə dəstəyi təmin etmək; zəruri məlumat bazasının vaxtında təchizatını təmin etmək; mağazalar və anbarlarda inventarizasiya prosesinə vaxtında nəzarəti təmin etmək; ümumi bazaya məlumat daxil edən işçilərdən vaxtında hesabat tələb etmək; hesabatı vaxtında müdiriyyətə təqdim etmək; malın hər hansı ünvana çatdırılmasına və çatdırılmanı həyata keçirən işçinin adını, soyadını və imzasını mövcud olan formaya düzgün daxil edilməsinə nəzarət etmək; anbardan bütün daxil olan və çıxan mal haqqında tam məlumatlı olmaq). Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X10 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, iş materiallarından göründüyü kimi, X10 “xxxxxxxxxx” MMC-də administrativ direktor və anbar və məlumat bazasının rəhbəri vəzifəsində işləyir və onun əmək funksiyası anbarın fəaliyyətinə nəzarət etməkdir. Həmçinin, X10 “xxxxxxxxxx” MMC-nin direktoru X16 tərəfindən işə götürülmüşdür. “xxxxxxxxxx” MMC-nin də nizamnaməsindən aydın olur ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik direktor tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, X3 RPİ-nin 16-cı PB-nin rəisi, polis mayoru X13 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Vəzifəli şəxslərin inzibati məsuliyyətindən bəhs edən İXM-in 17-ci maddəsinin tələbindən görünür ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsindən aydın olur ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-in tələblərindən (Maddə 1) aydın olur ki, inzibati məsuliyyət və bu məsuliyyətə görə tənbeh tədbiri inzibati xəta törətmiş şəxsin barəsində tətbiq olunur. Yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunması isə inzibati məsuliyyətin əsasını təşkil edir (Maddə 3). Göründüyü kimi, X10 İXM-in 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunarkən onun vəzifələri düzgün aydınlaşdırılmamış və onun tərəfindən hansı vəzifələrin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi məsələsinə münasibət bildirilməmişdir. Halbuki, X6 əmək funksiyalarından da göründüyü kimi o, administrativ direktor və anbar və məlumat bazasının rəhbəri olaraq yalnız anbarın fəaliyyətinə nəzarət etməlidir. “xxxxxxxxxx” MMC-nin fəaliyyətinə cari rəhbərliyi isə həmin Cəmiyyətin direktoru həyata keçirməlidir. Bundan başqa inzibati tənbeh vermə haqqında qərar qəbul olunarkən İXM-in 18.2-ci maddəsində sadalanan əsaslar da nəzərdən keçirilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur İXM-in: 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Bununla da məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla qərar qəbul edərək X6 hüquqlarını pozmuşdur. İş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, X10 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi, polis mayoru X13 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması Nərimanov RPİ-nin 16-cı PB-yə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi, polis mayoru X13 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Nərimanov RPİ-nin 16-cı PB-yə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1383/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1383/2020
07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver