Məhkəmə qərarları › İş №3(005)-1383/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1383/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1383/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Dilənova Aydan Vüsal qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1, Şəxs MMC-nin rəhbəri X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 01 may 2024-cü il tarixli, MN ******* nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokodan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X7 xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən satış meneceri vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X4 protokola uyğun çıxış edərək müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin rəhbəri X5 protokola etiraz etdiklərini, qeyd edilən şəxsi heç bir əmək fəaliyyətinə cəlb edilmədiyini, şirkətin qısa müddət ərzində cəmin 3 ay fəaliyyət göstərmişdir. Günay Tofiqli və digər şikayət edən şəxslərlə görüşüb işlə bağlı danışdıqlarını bildirmişlər. Qısa müddət menecer kimi işləsə də, fəaliyyət göstərmədikləri üçün əmək müqaviləsi bağlamamışlar. Artıq şirkətin ümumiyyətlə fəaliyyət göstərmədiyini nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətində verdiyi izahatından aydın olur ki, Şəxs MMC-də xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərdə işləmişdir. Əmək haqqı 700 manat olmalı idi, lakin əmək müqaviləsi bağlanmamış və əmək haqqı verilməmişdir. İnzibati xəta haqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, Şəxs MMC-nin əməkdaşları ilə X7 arasında olan whatsaap sosial şəbəkəsi üzərindən danışıqların çıxarışından görünür ki, X7 müxtəlif xidmətlərin göstərilməsi ilə bağlı əməkdaşlarla danışıqları olmuşdur. Məhkəmə, iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən X7 Şəxs MMC tərəfindən əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş və bu proses iş materiallarında olan möhtəbər sübutlarla öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Şəxs MMC tərəfindən müvafiq əmək müqaviləsi olmadan şəxsin müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və sair nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar