Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1388/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin nümayəndələri X7 və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 515.0.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tərtib edilmiş 18 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 18 iyun 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildə dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilən qaydasının pozulması faktı aşkar edilmişdir. Bununla da, Şəxs barəsində İXM-in 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək izahatında göstərdi ki, 18 iyun 2021ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildə dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilən qaydasının pozulması faktı aşkar edilmişdir. Belə ki, həmin mənzildə çox sayda insanlar yığışmış və dini təlim keçirilmişdir. Göstərilənlərə əsasən İXM-in 515.0.2-ci maddəsinin sanksiyasına uyğun olaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o Cavid Mürvətli adlı şəxsi 2018-ci il tarixdən tanıyır. Cavid Mürvətli yaşadığı evin həyətyanı sahəsində xırda buynuzlu heyvanların saxlanılması ilə məşğul olur. Cavid Mürvətli saxladığı xırda buynuzlu heyvanlardan əldə etdiyi ət, süd, pendir və sairə malların həftədə bir dəfə Bakı şəhərinə gətirərək tanışlara satır. O, 2020-ci ilin avqust ayının sonlarına kimi Cavid Mürvətlinin həftənin hər 4-cü günü Bakı şəhərinə gətirmiş olduğu ərzaq mallarını Biləcəri qəsəbəsində yaşayan qohumunun evindən almışdır. 2020-ci ilin sentyabr ayından isə Cavidin Nərimanov rayonu ərazisində kirayələdiyi və özünün də orada yaşadığı evdən mütəmadi alış-veriş etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin ev Orxan Novruzov adlı şəxsin qanuni sahibliyində olan və özünün də əvvəllər yaşamış olduğu Nərimanov rayonu, Ağa Neymətulla 27 ünvanında yerləşən yaşayış evidir. O, inanclı bir şəxsdir, yəni Allaha olan inancını ritual ibadətlər şəklində icra edir. Eyni zamanda X4 rayon ərazisində yaşadığı evə ticarət məqsədilə gedən zaman ara-sıra fərdi və ya ictimai şəkildə namaz ibadətini birlikdə icra etmişlər. O, 18 iyun 2021-ci il tarixdə ərzaq mallarını alıb evdən bayıra çıxan zaman inzibati orqanın əməkdaşları evə daxil olmuş, onu küçədən evə qaytararaq stulda məcburi səkildə polis əməkdaşlarının təkidi ilə oturdaraq şəkillərini çəkmişlər. Sonra o, buna qəti şəkildə etiraz etdiyi üçün məcburi qaydada 18-ci polis bölməsinə aparılaraq orada barəsində protokol tərtib etmişlər. Hesab edir ki, onun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X5 izahatında göstərdi ki, hüquqlarını müdafiə etdiyi Şəxs Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda həkim travmatoloq-ortoped (cərrah) işləyir. O həm də işlədiyi İnstitutda kiçik elmi işçi, tibb üzrə “Fəlsəfə Doktoru”dur. Bakı şəhərində yaşayır, ailəlidir, 2 övladı vardır. Şəxs bildirdiyinə görə, 2018-ci il tarixdən Cavid Mürvətli adlı şəxsi tanıyır. Həmin şəxsi tanıdıqdan sonra ona məlum olmuşdur ki, o, yaşadığı evin həyətyanı sahəsində təsərrüfat fəaliyyəti üzrə xırda buynuzlu heyvanların saxlanılması ilə məşğul olur. Cavid Mürvətli saxladığı xırda buynuzlu heyvanlardan əldə etdiyi ət, süd, pendir və sairə malların həftədə bir dəfə Bakı şəhərində satışını həyata keçirir. Onun belə bir təsərrüfat fəaliyyəti həyata keçirməsi barədə Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının Meyniman kənd inzibati Ərazi Vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.06.2021-ci il tarixli 286 saylı arayışından da görünür ki, o, həqiqətən də Hacıqabul rayon, Meyniman kəndində özünə məxsus qeyri-yaşayış sahəsində xırda buynuzlu heyvandarlıq məhsullarının istehsalı və satışı ilə məşğul olmaqdadır. Bundan əlavə, Cavid Mürvətli 2015-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyi, Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** saylı şəhadətnaməsi ilə 5 saylı Ərazi Vergilər idarəsində qeydiyyata alınmışdır. Hüquqlarını müdafiə etdiyi Şəxs bildirdiyinə görə, o, 2020-ci ilin avqust ayının sonlarına kimi Cavid Mürvətlinin həftənin hər 4-cü günü Bakı şəhərinə gətirmiş olduğu ərzaq mallarını Biləcəri qəsəbəsində yaşayan qohumunun evindən almışdır. 2020-ci ilin sentyabr ayından isə Cavidin Nərimanov rayonu ərazisində kirayələdiyi və özünün də orada yaşadığı evdən mütəmadi alış-veriş etmişdir. Sonradan ona bəlli olmuşdur ki, həmin ev Orxan Novruzov adlı şəxsin qanuni sahibliyində olan və özünün də əvvəllər yaşamış olduğu Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla 27 ünvanında yerləşən yaşayış evidir. Həmin evin kirayəsi ilə bağlı 28.08.2020-ci il tarixdə iki tərəfin arasında özlərinin imzası ilə təsdiq edilmiş icarə müqaviləsi bağlamışdır. Sözügedən icarə müqaviləsi ilkin olaraq 6 aylıq müddətinə bağlanılsa da sonradan hər iki tərəfin müqaviləni ləğv etmə barədə istəyi olmadığı üçün müqavilə davamlı olaraq qüvvədə qalmaqla mənzil Cavid Mürvətli tərəfindən müqavilə məqsədləri üzrə istifadə edilmişdir. Onu da qeyd etmək istəyir ki, icarə müqaviləsinin 3.4-cü maddəsinə əsasən icarə haqqı tərəflər arasında 280 (iki yüz) səksən manat müəyyən edilmişdir. Şəxs bildirdiyinə görə o, inanclı bir şəxsdir, yəni Allaha olan inancını davamlı olaraq ritual ibadətlər şəklində də icra etməkdədir. Eyni zamanda X4 rayon ərazisində yaşadığı evə ticarət məqsədilə gedən zaman ara-sıra fərdi və ya ictimai şəkildə namaz ibadətini birlikdə icra etmişlər. Əlbəttə ki, onların evdə fərdi və ya ictimai şəkildə ibadətlərini icra etməsinə qanun məhdudiyyət qoymamış, onlar da bunu bildikləri üçün bu ibadətlərini icra etməkdə tərəddüd etməmişlər. Nəzərə çatdırmaq istəyir ki, Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin Şəxs barəsində inzibati xəta haqqında 18.06.2021-ci il tarixli, MN ******* saylı protokolunu aşağıda qeyd edəcəyi dəlillərə əsasən əsassız hesab edir. Protokoldan görünür ki, guya Şəxs gəlmiş olduğu mənzil sahəsində dini mərasimlərin keçirilməsi qaydalarını pozmuşdur. Lakin, protokolda Şəxs hansı dini mərasimin keçirdiyi, onun törətmiş olduğu bu pozuntunun konkret nədən ibarət olduğu, konkret olaraq dini mərasim keçirdiyi zaman hansı icazəsi olmayan dini ədəbiyyatlardan və qaydalardan istifadə etməsi halları qeyd edilməmişdir. Qəbul etsək ki, inzibati orqanın dini mərasim olaraq nəzərdə tutmuş olduğu pozuntunun insanların evlərdə 10-15-nəfər toplaşaraq öz dini etiqad və əqidələrini ifadə etmək olmuşdur belə olan halda bu həm Konstitusiya, həm də dini etiqad azadlığı haqqında qanunvericiliklə icazəli hesab olunur və əsla inzibati pozuntu hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin 2-ci hissəsinə əsasən, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Həmin maddənin 3cü hissəsində qeyd edilir ki, dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, inzibati orqanın tərtib etmiş olduğu protokolda Şəxs öz dini etiqad və əqidəsini ifadə etmək şəklində keçirmiş olduğu dini mərasim nəticəsində hansı ictimai qaydanın pozulması və ya hansı ictimai əxlaqa zidd hal aşkar olması halları belə qeyd edilməmişdir. Halbuki bu hal Konstitusiya qanunu ilə açıqca təsbit edilməkdədir. Protokoldan görünür ki, Şəxs dini mərasimlərin keçirilməsi qaydalarını mənzil sahəsində keçirməklə pozuntu törətmişdir. Qeyd etmək istəyir ki, yuxarıda da qeyd etdiyi kimi Cavid Mürvətli vətəndaş Orxan Novruzovun qanuni sahibliyində olan və özünün də əvvəllər yaşamış olduğu Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla 27 ünvanında yerləşən yaşayış evini 28.08.2020-ci il tarixdə iki tərəfin arasında özlərinin imzası ilə təsdiq edilmiş icarə müqaviləsi əsasında yaşayış məqsədilə kirayəyə götürmüşdür. Sözügedən icarə müqaviləsi ilkin olaraq 6 aylıq müddətinə bağlanılsa da, sonradan hər iki tərəfin müqaviləni ləğv etmə barədə istəyi olmadığı üçün müqavilə davamlı olaraq qüvvədə qalmaqla mənzil Cavid Mürvətli tərəfindən müqavilə məqsədləri üzrə istifadə edilmişdir. Fərz etsək ki, Şəxs evdə dini mərasimdə iştirak etmişdir, belə olan halda da qanunvericilik dini mərasimlərin evlərdə keçirilməsinə, onun belə bir mərasimdə iştirakına heç bir məhdudiyyət qoymamaqdadır. “Dini etiqad azadlığı haqqında” qanunun 1-ci maddəsinə əsasən, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Həmin qanunun 21-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ibadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məxsus ərazidə, ziyarətgahlarda, qəbristanlıqlarda, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir. Qanunvericilikdə mənzil və evlərdə yığışmaqla dini ayin və mərasim keçirilməsi qadağan olunmadığı halda, inzibati orqan bu xüsusatı dəqiq araşdırmadan yəni evlərdə qanunla dini mərasimlərin keçirilməsinə icazə verilməsinə baxmayaraq bu halı protokolda sadəcə özünün qənaəti ilə pozuntu kimi qeyd etmişdir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Onu da qeyd etmək istəyir ki, inzibati orqan tərəfindən şəxsin qanuni əsaslarla yaşadığı evə qanunsuz və əsassız daxil olması onun Konstitusiya ilə təsbit edilmiş mənzil toxunulmazlığı hüququnu pozmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş şəkillərdən görünür ki, inzibati orqan qanunsuz şəkildə evə daxil olmaqla bərabər eyni zamanda evdə olan şəxslərin iradəsi əleyhinə onların şəkillərini çəkərək qanun pozuntusu törədən şəxs kimi təqdim etməyə çalışmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 515-ci maddəsi əsasında yəni dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması maddəsi əsasında inzibati pozuntu törədilməsi göstərilir. Halbuki sözügedən evdə nə Şəxs nə də orada olan digər şəxslərin hansısa dini qurum və ya hansısa icma yaratmaq niyyəti olmamışdır ki, bu maddədə göstərilən əsaslarla inzibati pozuntu törədilməsi sübut olunsun. Onların həmin gün sözügedən evə gəlməsi və toplanması əsas olaraq ərzaq mallarının alınması olmuşdur. Eyni zamanda protokol yazılan gün onlar öz dini etiqad və əqidəsinə uyğun olaraq heç bir dini ibadət və dini ayin yerinə yetirməmişlər. Şəxs bildirdiyinə görə o, həmin gün ərzaq mallarını alıb evdən bayıra çıxan zaman inzibati orqanın əməkdaşları evə daxil olmuş, onu küçədən evə qaytararaq stulda məcburi səkildə polis əməkdaşlarının təkidi ilə oturdaraq səkillərini çəkmişlər. Sonra o, buna qəti səkildə etiraz etdiyi üçün məcburi səkildə 18-ci polis bölməsinə aparılaraq orada protokola imza etdirmişlər. Qeyd edilənlərlə bir daha sübut olunur ki, hüquqlarını müdafiə etdiyi Şəxs heç bir inzibati xəta hadisəsi törətməmiş və onun əməlində heç bir inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən, əməldə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən- Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının gözlənilməsi və qorunması qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 105.1-ci maddələrinin tələblərini nəzərə alaraq hüquqlarını müdafiə etdiyi Şəxs heç bir inzibati xəta hadisəsi törətmədiyi və onun əməlində heç bir inzibati xəta hadisəsi olmadığı üçün inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 18 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 iyun 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildə dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilən qaydasının pozulması ilə məşğul olması faktı aşkar edilmişdir. Bu fakt həmin mənzildə yığıncaqların keçirilməsi ilə təsdiq edilir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi, mənzildə çoxsaylı şəxslərin oturması üçün şərait yaradılaraq stullar qoyulmuş və həmin stullarda şəxslər əyləşmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özü etiraf etməsə də, tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Belə ki, İXM-in 515.0, 515.0.2-ci maddələrinə əsasən dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə - fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər; 6-1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir; 30-cu maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İXM-də və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən 18 iyun 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildə dini mərasimlərin keçirilməsinin qanunla müəyyən olunmuş qaydası pozulduğundan o, İXM-in 515.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında, İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun əməlində inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1388/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1388/2021
06.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver