Məhkəmə qərarları › İş №3(005)-1390/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1390/2021

06.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1390/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri X1 və X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 515.0.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən tərtib edilmiş 18 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 18 iyun 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilən qaydasının pozulması faktı aşkar edilmişdir. Bununla da, Şəxs barəsində İXM-in 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 515.0.2-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində onun tərəfindən dini mərasim keçirilməmişdir. Həmin yerdə toplaşmalarının səbəbi kənd təsərrüfatı mallarının satışı ilə əlaqədar olmuşdur. O, inanclı bir şəxsdir, yəni Allaha olan inancını davamlı olaraq ritual ibadətlər şəklində də icra etməkdədir. O, Bakı şəhərində kirayədə yaşadığı evdə ibadətlərini fərdi şəkildə mütəmadi olaraq icra etmişdir. Eyni zamanda həmin evdə olduğu günlərdə onun yaşadığı evə ticarət məqsədi ilə gələn tanıdığı şəxslərdən inanclı olanlar həmin evdə namaz ibadətlərini fərdi və ara-sıra ictimai şəkildə birlikdə icra etmişlər. Onun tərəfindən dini mərasim təşkil edilib keçirilmədiyindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X4 izahatında göstərdi ki, hüquqlarını müdafiə etdiyi Şəxs fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Şəxs yaşadığı evin həyətyanı sahəsində təsərrüfat fəaliyyəti üzrə xırda buynuzlu heyvanların saxlanılması ilə məşğul olur. Şəxs saxladığı xırda buynuzlu heyvanlardan əldə etdiyi ət, süd, pendir və s. malların həftədə bir dəfə Bakı şəhərində satışını həyata keçirir. Onun belə bir təsərrüfat fəaliyyəti həyata keçirməsi barədə Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının Meyniman kənd İnzibati Ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.06.2021-ci il tarixli, 286 saylı arayışından da görünür ki, o, həqiqətən də Hacıqabul rayon, Meyniman kəndində özünə məxsus qeyri-yaşayış sahəsində xırda buynuzlu heyvandarlıq məhsullarının istehsalı və satışı ilə məşğul olmaqdadır. Bundan əlavə, Şəxs 2015-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyi, Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** saylı şəhadətnaməsi ilə 5 saylı Ərazi Vergilər idarəsində qeydiyyata alınmışdır. Hüquqlarını müdafiə etdiyi Şəxs bildirdiyinə görə, o, 2020-ci ilin avqust ayının sonlarına kimi hər həftənin 4-cü günü Bakı şəhərinə gətirmiş olduğu ərzaq mallarını Biləcəri qəsəbəsində yaşayan qohumunun evinə yerləşdirməklə, satışını oradan mütəmadi həyata keçirmişdir. O, rayondan gətirmiş olduğu ərzaq mallarının satışını genişləndirdiyi üçün Bakı şəhərində özünə mənzil kirayələmək, rayondan gəldiyi zaman həmin evdə yaşamaq və gətirdiyi malların bir çoxunu həmin evdən əvvəlcədən sifarişi vermiş şəxslərə satışını həyata keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, Orxan Novruzovun qanuni sahibliyində olan və özünün də əvvəllər yaşamış olduğu Bakı şəhəri, Nərimanov ravonu, Ağa Nemətulla 27 ünvanında verəşən yaşayış evini kirayələmək üçün 28.08.2020-ci il tarixdə iki tərəfin arasında özlərinin imzası ilə təsdiq edilmiş icarə müqaviləsi bağlamışdır. Sözügedən icarə müqaviləsi ilkin olaraq 6 aylıq müddətinə bağlanılsa da, sonradan hər iki tərəfin müqaviləni ləğv etmə barədə istəyi olmadığı üçün müqavilə davamlı olaraq qüvvədə qalmaqla mənzil Şəxs tərəfindən müqavilə məqsədləri üzrə istifadə edilmişdir. Hüquqlarını müdafiə etdiyi Şəxs bildirdiyinə görə satış məqsədilə rayondan gətirdiyi ərzaq mallarını kirayələdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 27 ünvanında yerəşən yaşayış evində olan soyuducuya yerləşdirməklə həftənin 4-cü, 5-ci və 6-cı günləri şəhərin müxtəlif yerlərində alıclara çatdırmaqla satışını icra etmişdir. Bundan əlavə, onun bildirdiynə görə əvvəlcədən sifariş vermiş bir çox tanıdığı şəxslər 4-cü və 5-ci günlər onun yaşadığı evə gələrək sifariş verdikləri ərzaq mallarını ondan həmin ünvandan almışlar. Şəxs bildirdiyinə görə o, inanclı bir şəxsdir, yəni Allaha olan inancını davamlı olaraq ritual ibadətlər şəklində də icra etməkdədir. O, Bakı şəhərində kirayədə yaşadığı evdə ibadətlərini fərdi şəkildə mütəmadi olaraq icra etmişdir. Eyni zamanda həmin evdə olduğu günlərdə onun yaşadığı evə ticarət məqsədilə gələn tanıdığı şəxslərdən inanclı olanlar həmin evdə namaz ibadətlərini fərdi və ara-sıra ictimai şəkildə birlikdə icra etmişlər. Onların evdə fərdi və ya ictimai şəkildə ibadətlərini icra etməsinə qanun məhdudiyyət qoymamış, onlar da bunu bildikləri üçün bu ibadətlərini icra etməkdə tərəddüd etməmişlər. Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin Şəxs barəsində inzibati xəta haqqında 18.06.2021-ci il tarixli, MN ******* saylı protokolunu əsassız hesab edir. Protokoldan görünür ki, guya Şəxs istifadəsində olan qeyri-yaşayış sahəsində dini mərasimlərin keçirilməsi qaydalarını pozmuşdur. Lakin protokolda Şəxs hansı dini mərasimin keçirdiyi, onun törətmiş olduğu bu pozuntunun konkret nədən ibarət olduğu, konkret olaraq dini mərasim keçirdiyi zaman hansı icazəli olmayan dini ədəbiyyatlardan və qaydalardan istifadə etməsi halları qeyd edilməmişdir. İnzibati orqanın dini mərasim olaraq nəzərdə tutmuş olduğu pozuntu insanların evlərdə 10-15 nəfər toplaşaraq öz dini etiqad və əqidələrini ifadə etmək olmuşdur, belə olan halda bu həm Konstitusiya, həm də dini etiqad azadlığı haqqında qanunvericiliklə icazəli hesab olunur və əsla inzibati pozğuntu hesab edilmir. İnzibati orqanın tərtib etmiş olduğu protokolda Şəxs öz dini etiqad və əqidəsini ifadə etmək şəklində keçirmiş olduğu dini mərasim nəticəsində hansı ictimai qaydanın pozulması və ya hansı ictimai əxlaqa zidd hal aşkar olması halları belə qeyd edilməmişdir. Halbuki, bu hal Konstitusiya qanunu ilə açıqca təsbit edilməkdədir. Protokoldan görünür ki, guya Şəxs dini mərasimlərin keçirilməsi qaydalarını qeyri-yaşayış sahəsində keçirmişdir. Şəxs vətəndaş Orxan Novruzovun qanuni sahibliyində olan və özünün də əvvəllər yaşamış olduğu Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 27 ünvanında yerəşən yaşayış evini 28.08.2020-ci il tarixdə iki tərəfin arasında özlərinin imzası ilə təsdiq edilmiş icarə müqaviləsi əsasında yaşayış məqsədilə kirayəyə götürmüşdür. Sözügedən icarə müqaviləsi ilkin olaraq 6 aylıq müddətinə bağlanılsa da, sonradan hər iki tərəfin müqaviləni ləğv etmə barədə istəyi olmadığı üçün müqavilə davamlı olaraq qüvvədə qalmaqla mənzil Şəxs tərəfindən müqavilə məqsədləri üzrə istifadə edilmişdir. Həmin evin yerləşdiyi yerin və daxilində olan məişət şəraitinin yaşayış məqsədli olduğu ev olaraq icarəyə verilməsi açıq-aydın görünməkdədir. Qanunvericlik dini mərasimlərin evlərdə keçirilməsinə heç bir məhdudiyyət qoymamaqdadır. Yazılı şəkildə etirazı məhkəməyə təqdim edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək izahatında göstərdi ki, 18 iyun 2021ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilən qaydasının pozulması faktı aşkar edilmişdir. Belə ki, həmin mənzildə çox sayda insanlar yığışmış və dini təlim keçirilmişdir. Göstərilənlərə əsasən İXM-in 515.0.2-ci maddəsinin sanksiyasına uyğun olaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 18 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 18 iyun 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilən qaydasının pozulması məşğul olması faktı aşkar edilmişdir. Bu fakt həmin qeyri-yaşayış sahəsində yığıncaqların keçirilməsi ilə təsdiq edilir; Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi, mənzildə çoxsaylı şəxslərin oturması üçün şərait yaradılaraq stullar qoyulmuş və həmin stullarda şəxslər əyləşmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özü etiraf etməsə də, tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Belə ki, İXM-in 515.0, 515.0.2-ci maddələrinə əsasən dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə - fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər; 6-1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir; 30-cu maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İXM-də və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən 18 iyun 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində dini mərasimlərin keçirilməsinin qanunla müəyyən olunmuş qaydası pozulduğundan o, İXM-in 515.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar