Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1402/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlu, Şəxs-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli 14 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən 15.03.2021-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı bu günə kimi göndərməmişdir. Nəticədə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Ona görə ki, İnzibati Xətalar Məсəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən hüquqi şəxsə ünvanlanmış sorğu əlavə edilməmişdir. İş materiallarına yalnız poçt qəbzi əlavə edilmişdir ki, həmin qəbzdən də ümumiyyətlə sorğunun göndərilməsi və yaxud hər hansı digər sənədin göndərilməsi müəyyən edilmir. Bundan əlavə: - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verilməmiş, protokol tərtib edilməzdən əvvəl dəvət edilməmiş; - onun nümayəndəsi dəvət olunaraq izahat vermək, protokolun məzmunu barədə, o cümlədən sorğuya cavab verilməməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmiş, işin icraatını rədd edən hallar mövcud olub-olmadığı araşdırılmayaraq hüquqi şəxsin fəaliyyətinin dayandırılıb-dayandırılmaması aydınlaşdırılmamış; - protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış və bunun səbəbləri barədə qeydiyyat aparılmamışdır. Beləliklə də müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokol tərtib edilməzdən əvvəl Nərimanov RPİ DYPŞ-yə dəvət edilməmiş, onun nümayəndəsinin izahatı alınmamış, bu barədə protokolda qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bundan əlavə protokol tam doldurulmamışdır. Belə ki, protokolda hüquqi şəxsin VÖEN-i barədə (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) məlumat ümumiyyətlə göstərilməmişdir. Bu qrafa protokolda boş qalmışdır. Ümumiyyətlə belə bir hüquqi şəxsin mövcudluğuna dair, onun hüquqi ünvanının Nərimanov rayonu ərazisinə aid olmasına dair iş materiallarına heç bir sənəd əlavə edilməmiş, protokol tərtib edən səlahiyyət orqan araşdırmamışdır ki, həmin hüquqi şəxsin hüquqi ünvanı, reyestr məlumatları barədə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsindən internet saytından “Kommersiya qurumlarının dövlət reyestri məlumatları” (dövlət qeydiyyatına alındığı tarix, qanuni təmsilçisi, hüquqi ünvanı, təşkilati hüquqi forması və s.) məhkəməyə təqdim edilmiş materiallarda olmamışdır. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad.106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1402/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1402/2021
23.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver