Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1402/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyi tərəfindən BNA ******* nömrəli, 31 iyul 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən BNA ******* nömrəli, 31 iyul 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Sabunçu Rayon məhkəməsinin 3(008)-1914/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X1 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyi tərəfindən BNA ******* nömrəli, 31 iyul 2021-ci il tarixli qərarından verdiyi şikayət ərizəsi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuşdur, sürücülük təcrübəsi var və avtomobil idarə edir. Bildirir ki, cəriməsi olmadığı halda, Bakı Nəqliyyat Agentliyi tərəfindən ona **-TE-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinə cərimə gəldiyi bildirilmişdir. Hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin BNA ******* nömrəli, 31 iyul 2021-ci il tarixli qərarı qanunsuzdur və əsassızdır. Bu səbəbdən də həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsini müdafiə edərək təmin edilməsini, BNA ******* nömrəli, 31 iyul 2021-ci il tarixli qərar inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini, iş üzrə icrata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati qərardan şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA 11635456 nömrəli, 31 iyul 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20 (iyirmi) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, elektron sənəd şəklində qərarın qəbul edilməsi mümkün olan maddələri tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Göründüyü kimi törədilməsi ehtimal edilən X1 əməli üzrə tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qərara alındığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə görə, bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, belə olan halda, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddələri pozulmaqla sənədləşdirildiyindən sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı Nəqliyyat Agentliyinin BNA ******* nömrəli, 31 iyul 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* nömrəli, 31 iyul 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1402/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1402/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver