Məhkəmə qərarları › İş №3(005)-1418/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1418/2020

31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1418/2020 31.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Babayev Eldar Hafiz oğlunun katibliyi, Səlahiyyətli orqan- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili- “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə MN ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki,Şəxs” X3 məxsus kosmetoloji mərkəzdə plandankənar yoxlama keçirilən zaman lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Bununla da MMC tərəfindın İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X13 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxnin xx.xx.2020-ci il tarixli qərarı ilə özəl tibb fəaliyyətinin subyektlərində lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət üzrə Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən kosmetoloji mərkəzdə plandankənar yoxlama həyata keçirilməsi qərara alınmışdır. Bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2020-ci il tarixli, KY201461944 saylı çıxarış da əldə olunmuşdur. Yoxlamanın təyin edilməsi üçün əsas isə insanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması, bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsinin müəyyən edilməsi olmuşdur. Həmin ünvanda yoxlama həyata keçirilən zaman MMC tərəfindən lisenziyanın şərtlərinə əməl edilmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı isə müəyyən edildi ki, ümumiyyətlə həmin kosmetoloji mərkəz lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğuldur. Belə ki, Nazirliyin xxxnin əməkdaşları tərəfindən həmin ünvanda baxış zamanı müəyyən edilmişdir ki, kosmetoloji xidmət göstərmək üçün otaqlarda üztəmizləyici avadanlıqlar, digər otaqlarda isə massaj aparatı vasitəsilə xidmət göstərilir. Eyni zamanda yoxlama aktına sahibkar Xanım Qurbanova tərəfindən heç bir etirazının olmadığını bildirərək imzası ilə aktın doğruluğunu təsdiq etmişdir. Həmçinin sosial şəbəkələrdə aparat vasitəsilə göstərilən xidmətlər barədə videoçarxlar mövcuddur. Odur ki, göstərilənləri nəzərə alaraq hüquqi şəxsin barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili X14 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs MMC tərəfindən inzibati xəta haqqında protokolda qeyd edilən pozuntunun törədilməsinə yol verilməmişdir. Qeyd etmişdir ki, sübutetmə vəzifəsi səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən törədilməsi ehtimal olunan pozuntunun mövcud olmasını təsdiq edən heç bir sübutu iş materiallarına əlavə etməmişdir. Belə ki, lisenziya tələb olunan xidmət göstərəcəyini planlaşdırdığından xeyli işlər görülmüş, tibb fəaliyyəti üçün nəzərdə tutulan normativ-texniki tələblərə uyğun avadanlıqların alınması və bu sahədə xidmət göstərəcək müvafiq ixtisasa və iş stajına malik şəxslərin cəlb edildikdən sonra lisenziya üçün rəsmi müraciət edilməsi qərara alınmış, lakin sərt karantin rejimi ilə əlaqədar həmin işləri tamamlamaq mümkün olmamışdır. Ümumiyyətlə həmin ünvanda kosmetoloji xidmət göstərilməsini təsdiq edən heç bir mötəbər sübut yoxdur. Şəxs MMCnin lazimi avadanlıq və işçiləri olmadığından, belə bir xidmətin göstərilməsi faktiki olaraq mümkün deyil. “xxx” X16 əməkdaşları tərəfindən baxış keçirilərkən, Şəxs MMC-nin direktoru Xanım Qurbanova bu barədə məlumat verərək, tibb xidməti göstərilmədiyi bildirmişdir. Buna görə tərtib olunmuş protokol Xanım Qurbanova tərəfindən imzalanmamışdır. Eyni zamanda həmin obyektdə tibb sahəsində xidmət göstərilməməsi ilə bağlı məlumat verəcək şəxslərlə bağlı yazılı vəsatətləri məhkəməyə təqdim etmişdir. Ümumilikdə iş materialları natamamdır. Özəl tibb fəaliyyətinin həyata keçirilməsi üçün 50 özəl tibb fəaliyyəti mövcuddur. Protokolda dəqiq göstərilməlidir ki, MMC hansı özəl fəaliyyətlə məşğul olur. Xanım Qurbanova xx.xx.2020-ci il tarixdə kosmetoloq köməkçisi kimi işçi ilə müqavilə bağlayır. xx.xx.2020-ci il tarixdə həmin kosmetoloq köməkçisi işə gəlir ki, iş yeri ilə tanış olsun. Həmçinin həmin yerdə kosmetoloji aparatlar belə qoyulub ancaq quraşdırılmayıb. Sahibkarlıq fəaliyyətinin əsas məqsədi reklamdır. Ən azı müəyyən kütləyə belə bir obyektin mövcudluğu ilə bağlı məlumat olmalıdır. Onlar tərəfindən sosial şəbəkələrdə yerləşdirilmiş videoçarxlar isə sadəcə reklam xarakterlidir. Odur ki, hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Xanım Qurbanova ilə əmək müqaviləsi bağlamışlar. Əmək müqaviləsinə əsasən o, Şəxs MMC-də kosmetoloq köməkçisi kimi işləyəcəkdi. Kosmetoloq işçiləri isə olmamışdır. xx.xx.2020-ci il tarixdə ünvan 2 C ünvanda yerləşən obyektə gəlib iş yeri ilə tanış olmaq istəmişdir. Həmin tarixdən öncə isə iş yerinə getməmişdir. Əmək haqqı məbləği 500 AZN məbləğinə yaxın olmalı idi. Xanım Qurbanovadan obyektin müvafiq lisenziyasının olub-olmadığını soruşmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin iş yerini dırnaq ustası olan rəfiqəsi vasitəsilə tapmışdır və xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. İşə qəbul ilə bağlı yazılı ərizə verməmişdir. xx.xx.2020-ci il tarixdə isə obyektdə X20 adlı xanımı aparatlarla tanış etməyə başlamışdır. Tanışlıq isə təqribən 1-2 saat vaxt çəkmişdir. Ümumilikdə obyektdə dörd otaq var. Daha sonra yoxlama aparılmış və yoxlama aparıldıqdan sonra obyekt işləməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri X9 izahatında göstərmişdir ki, protokol qərəzli tərtib olunmasının göstərici məhz yoxlama keçirilməsinə əsas olan böhtan xarakterli şikayətdir. Həmin şikayət onunla hazırda aralarında əmlak və nikahın pozulması ilə bağlı məhkəmə mübahisəsi olan əri X11 tərəfindən verilmişdir. Şikayətdə Şəxs MMC-nin 2018-ci ilin iyun ayından fəaliyyət gösətərilməsi qeyd olunsa da, iş materiallarına əlavə edilmiş kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən MMC-nin xx.xx.2020-ci ildə qeydiyyata alındığı təsdiq olunur. X5 isə məqsədi saxta diplom alınması, başqa şəxslərə zərər vurulması, evdən oğurluq edilməsi kimi əsassız və böhtan xarakterli məlumatlar əsasında şantaj edilməklə və dövlət orqanların bu tipli şikayətlər yazmaqla əmlak mübahisəsi ilə bağlı onun iddialarını geri götürməsi məqsədi daşıyır. Yəni tərəflərindən inzibati xəta hadisəsi törədilməyib. Bu sadəcə yoldaşının şər və böhtan xarakterli məlumatlarıdır. Sosial şəbəkələrdə olan video görüntülərdə isə obyektdə olan aparatlar işə qoşulmadan sadəcə üzə doğru tutmaqla reklam xarakterli çəkilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxx tərəfindən plandankənar (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli 70 nömrəli qərarı ilə Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən kosmetoloji mərkəzdə yoxlamanın həyata keçirilməsi qərar alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxx tərəfindən Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən kosmetoloji mərkəzdə həyata keçirilmiş plandankənar (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli 03 nömrəli aktdan görünür ki, Şəxs tərəfindən lisenziyanın şərtlərinə riayət olunmamış, lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2020-ci il tarixli, KY201461944 saylı çıxarışdan görünür ki, Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən kosmetoloji mərkəzdə yoxlamın müddəti xx.xx.2020-ci il tarixdə başlayır və xx.xx.2020-ci il tarixdə başa çatır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 210.1-ci maddəsinə əsasən, Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə- fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. “Özəl tibbi fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə digər qaydalar nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada yaradıla bilər. Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq sertifikatı olan mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”-nın (Siyahı İİ) 2.13.2-ci bəndinə əsasən lisenziya əsasında kosmetoloji fəaliyyətin göstərilməsi öz əksini tapmışdır. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Digər tərəfdən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və rəhbərinin MMC-nin hərəkətlərində inzibati pozuntuya yol verilməməsi ilə bağlı izahatlarına, habelə şahid qismində məhkəməyə dəvət edilmiş X1 izahatlarına hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmə araşdırılması zamanı izahatı alınmış X4 izahatında sahibkar Xanım Qurbanova ilə xx.xx.2020-ci il tarixdə əmək müqaviləsini bağladığını, lakin xx.xx.2020-ci il tarixdə həmin obyektə gələrək tanış olduğunu, habelə həmin obyektdə heç bir avadanlığın işlək vəziyyətdə olmamasını, kosmetoloq köməkçisi olduğunu lakin kosmetoloq vəzifəsində işçinin olmamasını bildirmişdir. Qeyd olunanlarla əlaqədar olaraq məhkəmə hesab edir ki, X4 ilə Xanım Qurbanova arasında, yəni işəgötürənlə işçi arasında əmək münasibətlərinin olması səbəbindən xx.xx.2020-ci il tarixdə obyektin özəl tibb fəaliyyəti ilə məşğul olmamasını bildirməsi mövcud olan həqiqəti təhrif etmək xarakteri daşıyır. Bununla əlaqədar məhkəmə M.Zülfüqarovanın verdiyi ifadəsini işin faktiki hallarına uyğun olmayan və Şəxs ilə əmək münasibətlərində olduqları Xanım Qurbanovannın direktoru olduğu MMC-nin məsuliyyətdən yayındırmaq məqsədi ilə verilməsi kimi qiymətləndirərək sübut kimi qəbul etmir. Eyni zamanda Şəxs rəhbəri Xanım Qurbanova izahatında lisenziya tələb olunan xidmət göstərəcəyini planlaşdırdığından obyektdə tibb fəaliyyəti üçün nəzərdə tutulan normativ-texniki tələblərə uyğun avadanlıqları aldığını və bu sahədə xidmət göstərəcək müvafiq ixtisasa və iş stajına malik şəxsləri cəlb etdikdən sonra lisenziya üçün rəsmi müraciət edəcəyini lakin pandemiya ilə əlaqədar həmin işləri tamamlamaq mümkün olmadığını qeyd etmişdir. Halbuki yuxarıda adıçəkilən qanuna əsasən özəl tibb fəaliyyəti ilə xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq sertifikatı olan mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul oluna bilər. Odur ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlər, habelə məhkəmə iclasında tərəflərin səsləndirdiyi izahatların qarşılıqlı şəkildə tədqiqi ilə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən ünvan 2 C ünvanda yerləşən kosmetoloji mərkəzdə lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olunmuşdur. Bununla da Şəxs hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20.000 (iyirmi min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar