Məhkəmə qərarları › İş №3(005)-1438/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1438/2021

14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1438/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, şikayət verən şəxs X5 vəkili və nümayəndəsi X6 iştirakları ilə, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin 31 may 2021 tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin 31 may 2021 tarixli, MN seriyalı ******* nömrəli Qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki qərarla bağlı qeyd etmək istəyir ki, bu qərarın qəbul edilməsinə səbəb guya ki, "xxxx" ASC tərəfindən əmək müqaviləsinə xitam verilərkən işçiyə əmək haqqının hesablanmasında əmək qanunvericiliyinin tələblərinin pozulması olmuşdur. X16 26.04.2013-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əlavələr olunaraq O.Məhərrəmov müxtəlif vəzifələrdə çalışmışdır. 16.09.2019-cu il tarixdən 12.07.2020-ci il tarixədək və 05.08.2020-ci il tarixdən 23.08.2020-ci il tarixədək Qusar filialının müdiri vəzifələrini icra etmişdir. 12.01.2021-ci il tarixdə O.Məhərrəmovla bağlanmış əmək müqaviləsinə əlavə razılaşma bağlanılaraq, işçi Yasamal filialının biznes satış üzrə böyük mütəxəssisi vəzifəsinə keçirilir və əmək haqqı 1,440 manat müəyyən edilir. Xaçmaz filialının müdiri vəzifəsində çalışan X4 Qusar filialının da müdiri vəzifələrinin icrası həvalə edilmişdir. Həmin müqavilə üzrə O.Məhərrəmova əlavə əmək haqqı verilməsi tərəflərin qarşılıqlı razılığı ilə nəzərdə tutulmamışdır. Lakin O.Məhərrəmov daxili qaydalara uyğun olaraq filialın idarəçiliyini təmin etmədiyindən filialın fəaliyyəti üzrə audit yoxlaması keçirilmiş və O.Məhərrəmovun özünün də etiraf etməsinə əsasən filiala həftədə bir dəfə, 3-4 saat gəlmişdir. İşində yol verilən nöqsanlar və filialın idarə edilməsində yarıtmaz fəaliyyətinə görə O.Məhərrəmovun işdən azad olunması məsələsi müzakirə olunmuşdur. Lakin aralarında bağlanan centlemen razılaşmasına (qeyri-rəsmi, sənədlə möhkəmləndirilməyən, bir qayda olaraq qarşılıqlı etimada əsaslanan şifahi formada bağlanan saziş) əsasən audit tərəfindən aşkarlanan nöqsanlara görə ona ƏM-nin 70-ci maddəsinin “ç” bəndi tətbiq edilməmiş və güzəşt olunmuşdur. Hətda O.Məhərrəmovun müsbət şəxsi keyfiyyətlərini, bankda uzun müddət işlədiyini və şəxsi xahişini nəzərə alaraq, filial müdiri vəzifəsindən Bankın Yasamal filialına böyük mütəxəssis vəzifəsinə keçirilmişdir. Bütün bu müddətlər ərzində əmək haqqının məbləği ilə bağlı heç bir narazılıq olmamış və Oruc Məhərrəmov bu barədə rəhbərliyə hər hansı iradını bildirməmişdir. Oruc Məhərrəmov 12.01.2021-ci il tarixdə böyük mütəxəssis vəzifəsinə keçdikdən sonra işdən öz xahişi ilə azad olunan vaxtadək “mübahisəli əmək haqqı”nın məbləği ilə bağlı tələb irəli sürməmiş və şifahi razılaşmaya sadiq qalmışdır. 31.03.2021-ci il tarixdə O.Məhərrəmovla bağlanmış əmək müqaviləsi ƏM-nin 68-ci maddəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmiş və O.Məhərrəmova son haqq-hesab hesablanaraq ödənilmişdir. Həmin son haqq-hesab hesablanıb ödənildikdən sonra da O.Məhərrəmov banka əmək haqqı məbləği ilə bağlı hər hansı tələb və ya etiraz bildirməmişdir. Ona hətta öz xahişi nəzərə alınaraq müsbət xasiyyətnamə də verilmişdir. Yəni bank və O.Məhərrəmov çox yaxşı münasibətlər zəminində ayrılmışlar. Lakin buna baxmayaraq O.Məhərrəmov banka məlum olmayan səbəblərdən ödənilməyən əmək haqqı ilə bağlı Əmək Müfəttişliyinə şikayət etmişdir. Halbuki, yuxarıda qeyd olunduğu əvəzetmə dövründə O.Məhərrəmov tərəfindən hər hansı əlavə əmək haqqı ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir. Bu cür tələb vaxtında irəli sürülmüş olsa idi, əvəzetmə barədə əmr dərhal ləğv və əvəzetmə digər səlahiyyətli şəxsə həvalə edilərdi. X12 bank tərəfindən O.Məhərrəmova əvəzetmə dövrü üçün əmək haqqı ödənilməməsini əmək qanunvericiliyin tələblərinin pozulması kimi şərh etmiş və onu inzibati xəta törətməkdə təqsirli bilərək inzibati cərimə tətbiq etmişdir. Əmək müfəttişliyinin tərtib etdiyi inzibati xəta haqqında protokola qarşı verilmiş etirazda, həmçinin işə baxılan zaman hüquqşünasların şifahi qaydada yaranmış mübahisənin fərdi əmək mübahisəsi xarakteri daşıması bildirilsə də, X12 buna hər hansı əhəmiyyət verməmişdir. Əksinə X12 əvəzetmə üzrə əmək haqqının işçiyə ödənilməməsini əmək qanunvericiliyinin tələblərinin pozulması kimi şərh edərək onu cərimələmişdir. Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Göründüyü kimi qanunun tələbinə əsasən işçiyə əlavə (əmək haqqına) qarşılıqlı razılığa əsasən müəyyən edilir. Lakin qanunda əvəzetməyə görə əlavə haqqın nəzərdə tutulmaması da qadağan edilməmişdir. Yəni qanun imperativ qaydada işçiyə əvəzetməyə görə əlavənin ödənilməsini nəzərdə tutur. Eyni zamanda əlavənin müqavilədə nəzərdə tutulmaması da pozuntu kimi qanunda müəyyən edilmir. Göründüyü kimi qanunun bu tələbinin tətbiqi ilə bağlı mübahisəli hallar və məqamlar mövcuddur və bu səbəbdən həmin mübahisələr yalnız məhkəmələr tərəfindən həll edilməlidir. Lakin X8 yaranmış fərdi əmək mübahisəsinə şərh verməklə faktiki olaraq məhkəmə hakimiyyətinin səlahiyyətlərini mənimsəmişdir. Əmək Məcəlləsinin 308-ci maddəsinə əsasən işəgötürənlər, işçilər, icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən bu Məcəllənin, eləcə də bütövlükdə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların dürüst və eyni cür tətbiq edilməsinə, onların tələblərinin düzgün yerinə yetirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində prokurorluq orqanları, habelə səlahiyyəti bu Məcəllənin 15-ci maddəsi ilə müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Əmək Məcəllənin 15-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin maddənin 4-cü bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Göstərilən Məcəllənin 2-ci bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Əmək Məcəlləsinin tələblərindən göründüyü kimi X12 əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirir və əmək qanunvericiliyini pozmuş fiziki və ya hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək hüququ var. Lakin qanunun tətbiqi ilə bağlı yaranmış mübahisə üzrə əmək qanunvericiliyinin pozulmasına hüquqi qiymət vermək X8 səlahiyyətinə aid deyil və bu səbəbdən hazırki mübahisə üzrə X8 hər hansı hüquqi qiymət verməsi tərəflərin hüquq bərabərliyi prinsipini pozur. Eyni zamanda X8 yaranmış fərdi əmək mübahisəsinə, yəni qanunun tətbiqi ilə bağlı yaranmış mübahisəyə öz istədiyi və bildiyi kimi şərh verməsi, bizi gələcəkdə həmin məsələ ilə bağlı məhkəmə müdafiəsi hüququndan da məhrum etmişdir. Belə ki, məlum olduğu kimi işəgötürənin əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı inzibati qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı preyudisial əhəmiyyətə malikdir. Bu preyudisiallıq ondan ibarətdir ki, işəgötürən işçiyə münasibətdə artıq əmək qanunvericiliyinin tələblərinin pozulmasında təqsirli hesab edilir və bu hal mübahisəsiz hal kimi nəzərə alınır. Nəticədə işəgötürən fərdi əmək mübahisəsi üzrə məhkəmədə öz hüquqlarını müdafiə etməsindən məhrum olur. Belə hal isə əmək qanunvericiliyinin prinsiplərinə ziddir və heç bir halda qanuni hesab edilə bilməz. Bu səbəbdən hesab edir ki, X12 bankla işçi arasında qanunun tətbiqi ilə bağlı yaranmış fərdi əmək mübahisəsi üzrə inzibati icraat açmaqda qanunsuzluq etmişdir və tərəflərin hüquq bərabərliyini pozaraq ona müdaxilə etmişdir. İXM-nın 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə səbəb olan əməl - hərəkət və ya hərəkətsizlik olmalıdır. Hazırki halda mənim nə qanunsuz hərəkətim, nə də hərəkətsizliyim olmuşdur. Bu səbəbdən də əməlimdə nə inzibati xətanın tərkibi var, nə də hazırki mübahisə inzibati xəta hadisəsi hesab olunur. AR İXM-nın 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni zamanda qeyd olunmalıdır ki, O.Məhərrəmovla əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulması qəbul edilsə belə, bu halda da müvafiq icra hakimiyyəti orqanı inzibati tənbehi tətbiq etməkdə qanunun tələblərini pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-nın 192-ci maddəsi “Siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar” Fəslinə aiddir və bu səbəbdən inzibati məsuliyyətə cəlb etmə müddəti bu xətalar üzrə 3 ay təşkil edir. Nəzərə alsaq ki, O.Məhərrəmovun Qusar filialının müdiri vəzifəsi üzrə müvəqqəti əvəz etməsinə 24.08.2020-ci il tarixdə xitam verilmişdir. Həmin vaxt O.Məhərrəmov əmək haqqı tələbi ilə bağlı rəhbərliyə müraciət etməmişdir. Bundan sonra onunla filial müdiri kimi davam edən əmək münasibətlərinə 12.01.2021-ci il tarixdən xitam verilmişdir və onunla həmin vaxtdan yeni əmək münasibətləri yaranmışdır. Onun pozulmuş hesab etdiyi hüquqları üzrə müddətin axımı 24.08.2020-ci il tarixdən başlanılmışdır. Yəni artıq 24.08.2020-ci il tarixdən O.Məhərrəmov Qusar filialının müdirinin vəzifələrini icra etmir və hüquqlarının pozulması üzrə müddətin axımı da məhz həmin vaxtdan hesablanmalıdır. Əgər əmək qanunvericiliyinin pozulması anı həmin vaxt baş vermişdirsə, bu halda hazırda həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti (3 ay) də ötürülmüşdür. Beləliklə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək məhkəmədən X8 Bakı şəhər İdarəsinin 31.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatında şikayətdə göstərilən əsaslara görə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən şikayətçi "xxxx" ASC-nin İdarə Heyətinin sədri X5 nümayəndəsi və vəkili X10 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin 31 may 2021 tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin əmək müfəttişi X11 tərəfindən tərtib edilmiş 19.05.2021-ci tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında Protokol”un surətindən görünür ki, vətəndaş X3 əmək müqaviləsinə xitam verilərkən əmək haqqı ödənişləri qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanıb tam ödənilməmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 31.05.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, 19.05.2021-ci tarixli, MN seriyalı ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edildi ki, vətəndaş X3 əmək müqaviləsinə xitam verilərkən əmək haqqı düzgün hesablanıb tam ödənilməmişdir. X2 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1000 (bir min) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" ASC-nin 06/236-13 saylı əmrindən olan çıxarışdan görünür ki, X7 26 aprel 2013-cü il tarixdən Nəsimi filialının Kredit şöbəsinə, biznes və mikro kreditlər üzrə böyük mütəxəssis vəzifəsinə 3 aylıq sınaq müddəti ilə işə qəbul edilmişdir. "xxxx" ASC-nin 015/1542/2019 saylı, 27.11.2019-cu il tarixli əmrindən olan çıxarışdan görünür ki, Qusar filialının müdiri vəzifələrinin müvəqqəti icrası 01.12.2019-cu il tarixindən Xaçmaz filialının müdiri X4 həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X9 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, 19.05.2021-ci tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin adı və s. göstərilən qrafalarda X1, adı, atasının adı göstərilsə də, protokolun surətinin ona təqdim olunmasını təsdiq edən sübut (X5 imzası və s.) və ya buna dair digər qeydlər protokolda mövcud deyildir. Qanunvericiliyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Əgər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etmişsə, bu barədə protokolda müvafiq qeyd aparılmalı idi. Həmçinin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı da öz əksini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin üzərinə düşür. Qeyd edilən orqan "xxxx" ASC-nin İdarə Heyətinin sədri X9 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən yalnız X3 izahatına istinad etmişdir ki, həmin izahat, başqa sübutlar olmadan şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan "xxxx" ASC-nin İdarə Heyətinin sədri X9 tərəfindən X3 işdən çıxdıqdan sonra ona son haqqhesabın ödənilməməsi qənaətinə gəldiyi halda, bu faktı təsdiq edən mötəbər sübutlar əldə etməli idi və bundan sonra əldə edilmiş sübutlara hüquqi qiymət verərək X5 əməlində inzibati xəta tərkibinin olub-olmadığını müəyyən etməli idi. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" ASC-nin Qusar filialının müdiri vəzifələrinin müvəqqəti icrasının 01.12.2019-cu il tarixindən Xaçmaz filialının müdiri X4 həvalə edilməsi zamanı Oruc Məhərrəmovun əmək haqqısına əlavələrin müəyyən edilib edilməməsi və buna dair tərəflərin qarşılıqlı razılığının olub olmaması, həmçinin düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən araşdırılmamış, bununla bağlı X5 izahatı alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, X3 X12 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanladığı şikayətində göstərilən xüsusatların aydınlaşdırılması istiqamətində yenidən araşdırma aparmalı, işin hallarının yenidən hər tərəfli qiymətləndirilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və sair. Məhkəmənin gəldiyi nəticəyə görə, şikayət qismən təmin edilməli, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul olunmuş 31.05.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. "xxxx" ASC-nin İdarə Heyətinin sədri X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul olunmuş 31.05.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar