Məhkəmə qərarları › İş №3(005)-144/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-144/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-144/2024 12.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 12 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə xırda talama etmişdir. Bununla da, barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, 12 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə vətəndaş X3 Gənclik Mall Ticarət mərkəzində yerləşən Bravo marketdən bir nəfər şəxsin 350 manat dəyərində ərzaq məhsulları oğurlaması barədə Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəhbərliyinə yazdığı şikayət ərizəsi qeydiyyata alınaraq təhqiqatçı Vüqar Rəşidovun icraatına verilmiş, araşdırmanın nəticəsi olaraq 12 yanvar 2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında tərəfindən İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs barəsində inzibati xəta haqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilən xüsusatları nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, onun oğruluq etmək niyyəti olmamışdır. Belə ki, o, məhsulları arabaya yığdıqdan sonra kassaya doğru ödəniş üçün getmiş və üzərində pul olmadığından məhsulları marketdə arabada qoyub getmişdir. Daha sonra ona mühafizə yaxınlaşaraq oğurluq etməsini bildirmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Vüqar Rəşidov tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “İnzibati qaydada tutma haqqında” 11 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyinə dair kifayət qədər sübutlar toplanmamış, İXM-in bir sıra tələbləri pozulmuşdur. Belə ki, İXM-in 8-ci maddəsinə əsasən (Təqsirsizlik prezumpsiyası prinsipi) inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin törədilməsi müəyyən edilməlidir. İXM-in 227-ci maddəsində xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq inzibati xəta kimi nəzərdə tutulmuşdur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. X5 izahatında Şəxs tərəfindən Gənclik Mall Ticarət mərkəzində yerləşən Bravo marketdən bir nəfər şəxsin 350 manat dəyərində ərzaq məhsulları oğurlamasını izah etsə də, onun bu dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında təqdim edilmiş diskə baxış zamanı müəyyən edilir ki, Şəxs götürdüyü bir neçə məhsulu marketdən çıxan zaman marketin çıxış məntəqəsində qoyaraq heç nə götürmədən oradan uzaqlaşır. Bununla da Şəxs mağazadan dəyəri 350 manat olan ərzaq məhsullarını götürməklə oğurlamağa cəhd etmişdir. Qeyd edilən xüsusatla bağlı məhkəmə bildirir ki, inzibati xətalara dair qanunvericilik inzibati xətaya cəhdə görə məsuliyyət nəzərdə tutmur. Yalnız başa çatmış inzibati xəta inzibati məsuliyyətə səbəb ola bilər. Göründüyü kimi hazırki iş üzrə cinayət və ya inzibati xəta hadisəsinin törədilməsi məsələsi araşdırılsa da, əldə edilmiş sübutlara düzgün qiymət verilməmiş, Şəxs barəsində icraat İXM-in prinsiplərinin tələbləri pozulmaqla aparılmış, onun təqsirli olması və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol formal mülahizələrə əsaslanmışdır. Sadalananları, həmçinin İXM-in 53, 84-cü maddələrini rəhbər tutaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə sübutlar inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün kifayət etmədiyindən Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 12 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 12 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar