Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-145/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 07 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol daxil olmuşdur. 06 yanvar 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs 06.01.2022-ci il tarixində 14:40-da Z.Bünyadov prospekti 1965-ci məhəllədə Sosial Xidmətlər Agentliyində xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin sahə inspektoru X4 protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, o, Pirşağı qəsəbəsində yerləşən 10 nömrəli internat məktəbində oxuyub və yaşayıb. Ata və anası yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətindən H.Əliyev fondu tərəfindən növbəli şəkildə mənzil verilir. O, 3 ildən bir həmin təşkilata müraciət etsə də, cavab verilməmişdir. 06.01.2022-ci il tarixində o, sənədlərini götürüb həmin yerə gedib, orada Faiq və Xətai adlı işçilərlə söhbət edib. Onlar onu dinləmədən polisə göstəriş veriblər ki, onu bayıra çıxartsınlar. Bu zaman o onlara uca səslə lazımı orqanlara şikayət edəcəyini bildirib və oradan bayıra polis tərəfindən çıxarılıb, sonra polis şöbəsinə gətirilmişdir. Əsəbi olduğu üçün səs-küy salmışdır. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sosial Xidmətlər Agentliyinin əməkdaşı X9 izahatında göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov 1965, X12 mərkəzi, 1-ci bina, 2-ci mərtəbədə yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Qəbul otağında saat 15:30-da Agentliyə mənzil təminatı ilə əlaqədar dəfələrlə müraciət etmiş vətəndaş X2 müvafiq izahat verilməsinə baxmayaraq, vətəndaş izahatla qane olmamış və müraciətinin təmin edilməyəcəyi halda özünü və binanı yandıracağını bildirmişdir. X3 binada yüksək səslə qışqırmağa başlamış, vəzifəli şəxslərin ünvanına nalayiq ifadələr işlətmiş, agentliyin əməkdaşlarını söyüb təhqir etmişdir. Bütün bunlar Agentliyin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin fəaliyyətinə təsir göstərmiş və qəbul otağına yaxınlaşmış digər vətəndaşlara xidmət göstərilməsinə mane olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nərimanov rayon mühafizə idarəsinin polis nəfəri X6 izahatında göstərmişdir ki, X3 06.01.2022-ci il tarixdə saat 15:00-15:30 radələrində Agentliyin Bakı şəhəri, Nərimanov rayonu. Ziya Bünyadov 1965 prospektində yerləşən “Çinar Park” biznes mərkəzinin 1-ci binasının 2-ci mərtəbəsində yerləşən inzibati ofisinə gələrək səs-küy salmış, Agentliyin əməkdaşlarının ünvanlarına yüksək səslə təhqirlər səsləndirərək nalayiq ifadələr işlətmişdir. Onu sakitləşdirə bilmədiyindən köməyə avtopatrul çağırmışdır. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: “İnzibati qaydada tutma haqqında” 06.01.2022-ci il tarixli, AZA seriyalı 001795 nömrəli protokoldan görünür ki, Şəxs 06.01.2022-ci il tarixdə saat 15:15 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeyində Sosial Xidmətlər Agentliyindən Azərbaycan Respublikası Nərimanov rayon Polis İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Sosial Xidmətlər Agentliyi Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi, xüsusilə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırılması üçün mənzil verilməsi istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Mənzil təminatı ilə əlaqədar müraciət etmiş X3 06.01.2022-ci il tarixdə saat 15:00-15:30 radələrində Agentliyin Bakı şəhəri, Nərimanov rayonu. Ziya Bünyadov 1965 prospektində yerləşən “Çinar Park” biznes mərkəzinin 1-ci binasının 2-ci mərtəbəsində yerləşən inzibati ofisinə gələrək səs-küy salmış, Agentliyin maddi əmlakına ziyan vuran hərəkətlər edir, Agentliyin əməkdaşlarının ünvanlarına yüksək səslə təhqirlər səsləndirərək nalayiq ifadələr işlətmiş, üzərinə benzin töküb binanın yandırılması ilə bağlı təhdidlər edərək ümumi iş ahənginin və ictimai qaydanın pozulmasına təsir etmiş, əməkdaşları, habelə mühafizə polisi tərəfindən sakitləşdirilməsi mümkün olmamışdır. Baş vermiş faktla bağlı şahid olmuş Agentliyin müvafiq departamentlərinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. 06.01.2022-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov 1965, X12 mərkəzi, 1-ci bina, 2-ci mərtəbədə yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Qəbul otağında saat 15:30-da Agentliyə mənzil təminatı ilə əlaqədar dəfələrlə müraciət etmiş vətəndaş X3 yenidən Agentliyin Qəbul otağına yaxınlaşmışdır. Vətəndaşa müvafiq izahat verilməsinə baxmayaraq, vətəndaş izahatla qane olmamış və müraciətinin təmin edilməyəcəyi halda özünü və binanı yandıracağını bildirmişdir. Bununla yanaşı vətəndaş X3 binada yüksək səslə qışqırmağa başlamış, vəzifəli şəxslərin ünvanına nalayiq ifadələr işlətmiş. Agentliyin əməkdaşlarını söyüb təhqir etmişdir. Bütün bunlar Agentliyin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin fəaliyyətinə təsir göstərmiş və qəbul otağına yaxınlaşmış digər vətəndaşlara xidmət göstərilməsinə mane olmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 06.01.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı,şahid izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 06.01.2022-ci il tarixdə tarixdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ictimai yerdə nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozmaq, Agentliyin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin fəaliyyətinə təsir göstərmək və qəbul otağına yaxınlaşmış digər vətəndaşlara xidmət göstərilməsinə mane olmaq kimi hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməlindən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 yanvar 2022-ci il saat 15:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-145/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-145/2022
07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver