Məhkəmə qərarları › İş №3(005)-1454/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1454/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1454/2020 28.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3-də yerləşən Şah Lahmacun restoranında epidemiya əleyhinə rejim qaydalarının pozularaq maskadan istifadə edilməməsi aşkar edilmişdir. Bununla da Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndəsnin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3-də yerləşən Şah Lahmacun restoranında epidemiya əleyhinə rejim qaydalarının pozularaq maskadan istifadə edilməməsi aşkar edilmişdir. Bu səbəbdən də Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3-də yerləşən Şah Lahmacun restoranında epidemiya əleyhinə rejim qaydalarının pozularaq maskadan istifadə edilməməsi aşkar edilmişdir. Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan ,Şəxs MMC-nin nümayəndəsi X3 tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, yoxlama zamanı Şəxs MMC-nin “Şah Lahmacun” restoranında işçi tərəfindən maska taxılmaması aşkar edildi. Belə hallara bir daha yol verilməyəcəyinə söz verirlər. İş materiallarında olan fotoşəkillərdən restoranda müştərilərin maskadan istifadə etməməsi müşahidə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə –fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3-də yerləşən Şah Lahmacun restoranında epidemiya əleyhinə rejim qaydalarının pozularaq maskadan istifadə edilməməsi halı mövcud olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 211.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar