Məhkəmə qərarları › İş №3(005)-1454/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1454/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1454/2022 16.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin rəisi Elnur Musayevin inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2022-ci il qərarına əsasən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, baxılması üçün məhkəməyə göndərmişdir. Qeyd olunan qərardan görünür ki, Hüquqi şəxs Şəxs MMC (VÖEN - **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan nümayəndəsi X4 tərəfindən həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət edərək Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 75 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ilə Nəsibbəy Yusifbəyli küçəsinin kəsişməsində yerləşən 0.24 ha torpaq sahəsində çoxmənzilli yaşayış binasının bünövrə işlərini həyata keçirərkən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində nəzərdə tutulan yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilməsi tələblərini pozaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 22/1872 nömrəli xx.xx.2019-cu il tarixli rəyi ilə tikinti altına düşməyən və götürülməsinə icazə verilməyən bir ədəd meşə fonduna daxil olmayan iri diametrli “Safora” cinsli ağac şəhər ərazisində tikinti və abadlaşdırma işləri aparılarkən qanunsuz götürülərək Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1454/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 35.000 (otuz beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1783/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarınan görünr ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanuni təmsilçisi X4 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, iş üzrə Şəxs Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 35.000 (otuz beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş materiallarının yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndəriməsi qərara alınmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroru X5 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili və nümayəndəsi Vəkil izahatında göstərdi ki, qərarla razı deyil. Belə ki, tikinti-söküntü işləri Şəxs MMC ilə podrat müqaviləsi bağlamış "xxxx" MMC-nin əməkdaşları tərəfindən aparılmışdır. Lakin qeyd edilən ağac nə Şəxs MMC-nin, nə də ki, "xxxx" MMC-nin əməkdaşları tərəfindən çıxarılmışdır. Ağacın kim tərəfindən və hansı şəraitdə çıxarılması məlum deyil. Həmçinin ağacın hansı tarixdə çıxarılması da məlum deyil. Bu səbəbdən barələrində başlanılmış inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla razı deyillər. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin çıxışını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin rəisi Elnur Musayevin inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2022-ci il qərarına əsasən hüquqi şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 25 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış aparılan yer Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ilə X6 küçəsinin kəsişməsində Şəxs MMC tərəfindən tikinti işləri aparılaraq çoxmənzilli yaşayış binalarının inşa edildiyi ərazidir. Əraziyə dəmir listdən hazırlanmış qapı vasitəsilə daxil olduqda ərazinin həmin üstlərlə hasarlanması, ərazinin daxilində bünövrə qazıntısı işlərinin aparıldığı müəyyən edildi. Baxışda iştirak edən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X1 bildirdi ki, Bakı şəhəri, Nərimanov rayon İcra hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 75 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ilə X6 küçəsinin kəsişməsində qəzalı vəziyyətdə olan tikililərin sökülərək yerində yeni hündürmərtəbəli yaşayış binalarının tikinti işləri aparılır və bu məqsədlə 0.24 ha torpaq sahəsi Şəxs MMCnin daimi istifadəsinə verilmişdir. X1 həmçinin bildirdi ki, ərazidə aparılması nəzərdə tutulmuş tikinti işlərinin layihəsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 22/1872 saylı ekoloji ekspertiza rəyi verilmişdir. Nərimanov rayon İcra hakimiyyətinin müraciəti əsasında ETSN-nin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019-cu il tarixli 22-1547 saylı və xx.xx.2019-ci il tarixli 22/2210 saylı məktubları əsasında tikinti altına düşməsi zəruri olan ağacların cəmi 5 ədəd - (3 ədəd tut, 1 ədəd ayland və 1 ədəd safora) mövcud vəziyyətləri nəzərə alınmaqla götürülməsi razılaşdırılmış və ərazidə olan müxtəlif meyvə ağaclarının isə vətəndaşların əmlakları qismində özləri tərəfindən köçürülməsi qanunvericiliyin tələblərinə uyğunluğu bildirilmişdir. Qeyd olunan işlər yerinə yetirilmişdir. Hazırki baxış zamanı ərazinin hasara alınaraq bir hissəsində sakinlərin tam olaraq köçürüldüyü, sakinlərə məxsus köhnə yaşayış evlərinin söküldüyü və ərazidə qazıntı işlərinə başlanıldığı müəyyən edilmişdir. Baxış zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 22/1872 saylı ekoloji ekspertiza rəyində qeyd edilən ayrılmış ərazinin Ceyhun Hacıbəyli-küçəsində perpendikulyar istiqamətdə yerləşən cənub-qərb hissəsində ərazinin sərhəd boyu 9 ədəd Qlediçiya və 3 ədəd Eldar şamı cinsinə mənsub olan iri diametrli ağacların mövcud olduğu qeyd olunmuş, lakin əraziyə hazırda keçirilən baxış zamanı sərhəd boyu eyni istiqamətdə olmuş ağaclardan 8 ədəd Safora və 2 ədəd Eldar şamı ağaclarının ərazidə mövcud olduğu müəyyən edilir. Bir ağacın olmaması ilə əlaqədar xx.xx.2021-ci il tarixli MN1739999 protokol tərtib edilərək cərimə tədbiq olunmuşdur. Hazırda isə həmin ağaclardan daha bir ədədinin olmaması müəyyən edilmişdir. Hazırki baxış zamanı xx.xx.2019-cu il tarixli 22/1872 saylı rəylə müqayisədə daha bir ədəd Safora ağacının götürüldüyü müəyyən edilmişdir. Həmçinin əlavə olaraq qeyd olunur ki, Safora ağacları xx.xx.2019-cu il tarixli 22/1872 saylı ekoloji ekspertiza rəyində adları Qlediçiya kimi göstərilmişdir. Bir ədəd Safora cinsli ağac ərazidə aparılan tikinti işləri zamanı götürülmüşdür. Həmin ağacın ölçüləri olmadığından dəyərini müəyyən etmək mümkün olmamışdır; İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 10 iyul 2019-cu il tarixli, ER-22/1872 nömrəli ekoloji ekspertiza rəyindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yuxarıda qeyd olunanları nəzərə alaraq “Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələblərinə əsasən Nərimanov rayonu, Ceyhun Hacıbəyli və Nəsibbəy Yusifbəyli küçələr kəsişməsi ünvanında "xxxx" MMC tərəfindən tikintisi nəzərdə tutulmuş yaşayış binalarının inşası zamanı əsas ekoloji tələblərin nəzərdə tutulduğunu qeyd edərək təqdir olunmuş layihə sənədlərini razılaşdırır. Eyni zamanda bildiririk ki, işlərin icrası zamanı aşağıda qeyd olunan ekoloji tələblərə ciddi riayət olunmalıdır: -ərazinin yerləşmə mövqeyi nəzərə alınaraq işlərin icrası müddətində vətəndaşın təhlükəsizliklərinin nəzərə alınması, işlərin yalnız gündüz saatlarında yerinə yetirilməsi -daşınmalar zamanı tozlanma hallarının qarşısının alınması üçün nəqliyyat vasitələri yük hissələrinin üzərinin tent vasitəsilə örtülməsi; -şəhər yollarının çirklənməsinin qarşısının alınması məqsədilə nəqliyyat vasitələri təkərlərinin yuyulmasının təmin olunması; -həmsərhəd ərazidə yerləşən yaşıllıqların, o cümlədən yol kənarı yaşıllıqla zədələndirilməsi hallarına yol verilməməsi; -layihə altına düşən yaşıllıqların götürülməsi zamanı qanunvericiliyin tələblərinin nəzərə alınması; -işlərin icrası müddətində mənafelərinə toxunulan ətraf yaşayış sakinlərinin ümumi məsələləri əhatə edən sosial tələblərinin nəzərə alınması Qeyd: Nərimanov rayonu Ceyhun Hacıbəyli və Nəsibbəy Yusifbəyli küçələri kəsişməsi ünvanında, "xxxx" MMC tərəfindən tikintisi nəzərdə tutulmuş yaşa binalarının inşası zamanı ekoloji ekspertiza rəyində müəyyən olunmuş ekoloji tələblərin pozulması hallarına yol verildikdə ekspertiza rəyinin hüquqi qüvvəsinin dayandırılması barədə tərəfimizdən qərar qəbul olunacaqdır; İş materiallarında olan “Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” Bakı şəhəri Nərimanov rayon icra hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 75 nömrəli Sərəncamından görünür ki, Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə 0,24 ha torpaq sahəsi Sizin Yurd” MMC-nin daimi istifadəsinə verilmişdir. İş materiallarında olan 30 mart 2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, podratçı "xxxx" MMC sifarişçi Şəxs MMC-nin sifarişi üzrə Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində çoxmərtəbəli yaşayış binasının tikintisi obyektində torpağın qazılıb kənara daşınması işlərini müqavilənin ayrılmaz hissəsi sayılan Əlavə№1də qeyd olunan işlərin vahid smeta cədvəli əsasında razılaşdırılmış şərtlər üzrə görməyi öhdəsinə götürür, sifarişçi isə müqavilə ilə razılaşdırılmış qaydada görülən işlərin dəyərini podratçının hesabına ödəyir. İş materiallarından görünür ki, Sizin Yurd” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 30 mart 2022-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində çoxmərtəbəli yaşayış binasının tikintisi obyektində torpağın qazılıb kənara daşınması işlərini müqavilənin ayrılmaz hissəsi sayılan Əlavə №1də qeyd olunan işlərin vahid smeta cədvəli əsasında razılaşdırılmış şərtlər üzrə görməyi öhdəsinə götürmüşdür. Sifarişçi isə müqavilə ilə razılaşdırılmış qaydada görülən işlərin dəyərini podratçının hesabına ödəməlidir. Hazırkı iş üzrə tərtib edilmiş 25 aprel 2022-ci il tarixli baxış keçirilməsi barədə protokola əsasən isə bir ədəd “Safora” cinsli ağacın kəsilməsi müəyyən edilmişdir. Lakin, həmin ağacın Şəxs, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və ya digər şəxslər tərəfindən kəsilməsi və nə vaxt kəsilməsi inzibati araşdırma aparan orqan tərəfindən dəqiq olaraq müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, “Sizin Yurd" MMC qərarda göstərilən qazma işlərinin icraçısı olmadığından, qərarda qeyd edilən ağacın yerləşmiş olduğu ərazi həmin MMC-nin maraq dairəsində deyildir. Həmin işlərin görülməsi Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış 30 mart 2022-ci il tarixli podrat müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən icra edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinin məzmunundan da görünür ki, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kol əkililərinin zədələnməsi və ya məhv edilməsi, habelə qanunsuz kəsilməsi inzibati məsuliyyət yaradır. Hazırki halda isə aparılmış araşdırma üzrə aşkar edilmiş və toplanmış sübutlarda həmin ərazinin yaşıllıq sahəsinə aid olub-olmamasının müəyyən edilməsi mümkün deyildir. Belə olan halda isə Şəxs MMC-nin əməlində qeyd olunan inzibati xəta tərkibinin olması şübhə doğurur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə -fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir.253.2. Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə -fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. 253.3. Eyni inzibati xəta: 253.3.1. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə -fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir; 13.1-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir; 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır; 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının (bu halda bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır; 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır; 13.6-cı maddəsinə əsasən yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir; 13.7-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir; 13.8-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan respublikasının Nazirlər Kabineti) müəyyən edir; 19-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək, yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək hüququna malikdir; 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanılmış inzibati xəta iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanılmış inzibati xəta iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar