Məhkəmə qərarları › İş №3(005)-1455/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1455/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1455/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş 28 aprel 2023cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi üzrə tərtib olunmuş 28 aprel 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, hüquqi şəxs Şəxs tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə gömrük bəyannaməsi əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 10476,94 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 483cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Fides” Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli **********4445 nömrəli yük gömrük bəyannaməsi üzrə xx.xx.2022-ci il tarixində 14508,50 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixli **********7145 nömrəli yük gömrük bəyannaməsi üzrə xx.xx.2022-ci il tarixində 14273,89 ABŞ dolları məbləğində, xx.xx.2022ci il tarixli **********1324 nömrəli yük gömrük bəyannaməsi üzrə xx.xx.2022-ci il tarixində 21494,01 ABŞ dollarında məbləğində və xx.xx.2022-ci il tarixli **********1576 nömrəli yük gömrük bəyannaməsi üzrə xx.xx.2022-ci il tarixində 14772,23 ABŞ dolları məbləğində olan pul vəsaitləri Şəxs MMC-nin Bank Respublikada olan müvafiq hesbalarına vaxtında köçürülümşdür və buna dair rəsmi sübut məhkəməyə təqdim edilmişdir. Hazırda bu məsələ ilə bağlı ilkin olaraq qeyd edirik ki, xx.xx.2022-ci il tarixli **********4445 nömrəli yük gömrük bəyannaməsi üzrə köçürülməmiş hissə - 440,5 ABŞ dollarının 422,5 ABŞ dolları hissəsi kredit not, 18 ABŞ dolları hissəsi isə Bank komissiyası təşkil edir və həmin məbləğdə Şəxs MMC əslində gəlir əldə etməmişdir. Yəni həmin bəyannamə üzrə 422,50 ABŞ dolları məbləğində pul vəsaitinin köçürülməməsinin səbəbi həmin dəyərdə malın məntəqə yerinə çatdıqdan sonra satışa yararlı olmamasının (keyfiyyətsiz olmasının) aşkar edilməsi ilə bağlı olmuşdur. Belə ki, satışa göndərilən mal yaş məhsuldur (üzüm meyvəsi olmuşdur). Bu haqda malı qəbul edən RF-nın "xxxx" MMC şirkəti ilə Şəxs MMC arasında xx.xx.2022-ci il tarixində kredit not (akt) adlı sənət tərtib edilərək təsdiq edilmişdir. Göründüyü kimi, burada Şəxs MMC-nin heç bir təqsiri müəyyən edilmir. Bu haqda da rəsmi sübut məhkəməyə təqdim edilmişdir. Bildiririk ki, digər xx.xx.2022-ci il tarixli **********7145 nömrəli yük gömrük bəyannaməsi üzrə köçürülməmiş hissə 4512,47 ABŞ dollarının 3757,27 ABŞ dolları hissəsi kredit not, 708,80 ABŞ dolları hissəsi bonus və 46,4 ABŞ dolları hissəsi Bank komissiyası təşkil edir və həmin məbləğlərdə Şəxs MMC gəlir əldə etməmişdir. Belə ki, həmin yük gömrük bəyannaməsi üzrə malı qəbul edən RF-nin "xxxx" MMC şirkəti tərəfindən xx.xx.2022-ci il tarixində Şəxs MMC-yə qarşı 3.757,27 ABŞ dolları dəyərində pretenziya ünvanlandırılmış və həmin məbləğdə malın keyfiyyətsiz olması bildirilmişdir. Ona görədə həmin məbləğdə malın dəyəri Şəxs MMC-yə ödənilməmişdir. Bu haqda da rəsmi sübut məhkəməyə təqdim edilmişdir. Eyni qayda ilə xx.xx.2022-ci il tarixli **********1324 nömrəli yük gömrük bəyannaməsi üzrə köçürülməmiş hissə 3231,24 ABŞ dollarının 2187,49 ABŞ dolları hissəsi kredit not, 955,16 ABŞ dolları hissəsi bonus və 88,59 ABŞ dolları hissəsi Bank komissiyası təşkil edir və həmin məbləğlərdə Şəxs MMC gəlir əldə etməmişdir. Belə ki, həmin yük gömrük bəyannaməsi üzrə malı qəbul edən RF-nin "xxxx" MMC şirkəti tərəfindən xx.xx.2022-ci il tarixində Şəxs MMC-yə qarşı 2187,49 ABŞ dolları dəyərində pretenziya ünvanlandırılmış və həmin məbləğdə malın keyfiyyətsiz olması bildirilmişdir. Ona görədə həmin məbləğdə malın dəyəri Şəxs MMC-yə ödənilməmişdir. Bu haqda da rəsmi sübut məhkəməyə təqdim edilmişdir. Nəhayət eyni qayda ilə xx.xx.2022-ci il tarixli **********1576 nömrəli yük gömrük bəyannaməsi üzrə köçürülməmiş hissə 1083,61 ABŞ dollarının 483,79 ABŞ dolları hissəsi kredit not, 573,06 ABŞ dolları hissəsi Bonus və 26,76 ABŞ dolları bank komissiyası təşkil edir və həmin məbləğlərdə Şəxs MMC gəlir əldə etməmişdir. Belə ki, həmin yük gömrük bəyannaməsi üzrə də malı qəbul edən RF-nm "xxxx" MMC şirkəti tərəfindən xx.xx.2022-ci il tarixində Şəxs MMC-yə qarşı 483,79 ABŞ .dolları dəyərində pretenziya ünvanlandırılmış və həmin məbləğdə malın keyfiyyətsiz olması bildirilmişdir. Ona görədə həmin məbləğdə malın dəyəri Şəxs MMC-yə ödənilməmişdir. Bu haqda da rəsmi sübut məhkəməyə təqdim edilmişdir. Bütün bunlardan başqa məhkəmənin diqqətinə çatdırılır ki, RF-nın "xxxx" MMC şirkəti ilə Şəxs MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli müvafiq akta əsasən, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək satın alınmış 44,740,32 ABŞ dolları dəyərində mala görə Şəxs MMC tərəfindən "xxxx" MMC şirkətinə həmin malın ümumi məbləğinin 5% həcmində, yəni 2.237,02 ABŞ dolları dəyərində mükafat (bonus) ödənilmişdir. Həmin bonuslar xx.xx.2022-ci il tarixli **********7145 nömrəli yük gömrük bəyannaməsi üzrə 708,80 ABŞ dolları, xx.xx.2022-ci il tarixli **********1324 nömrəli yük gömrük bəyannaməsi üzrə 955,16 ABŞ dolları və xx.xx.2022-ci il tarixli **********1576 nömrəli yük gömrük bəyannaməsi üzrə 573,06 ABŞ dolları təşkil etmişdir. Məhz həmin məbləğlərin cəmi 2.237,02 ABŞ dolları təşkil edir. Bu haqda da rəsmi sübut məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən, müvafiq sənədləri məhkəməyə təqdim edib MMC-nin barəsində aparılan inzibati iş icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş 28 aprel 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə gömrük bəyannaməsi əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 10476,94 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Retail İmport” şirkəti tərəfindən 10476,94 ABŞ dolları məbləğində xarici valyutanın Şəxs MMC-nin hesabına köçürülməməsi sonuncunun öz iradəsindən asılı olmayan səbəblərdən, yəni malın bir hissəsinin zay olması əsası ilə əlaqədar ödənilməmişdir. Məhkəmə bu halın onun iradəsindən asılı olmayaraq baş verməsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-55, 105, 114-118,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar