Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1456/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2023-cü il tarixli Qərar qəbul etmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) onun adından qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs MMC-nin direktoru X11 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq Bakıdan Quba istiqamətində yeni yolun çəkilişi ilə əlaqədar aparılan qazma-dolğu işləri zamanı topoqraf işləyən X4 və X8 həmin vəzifələrin icra edilməsi üçün onlarla əmək müqavilələri bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək 2022-ci ilin iyun ayından avqust ayınadək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən onları topoqraf vəzifələrinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə həmin MMC inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6 “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2023-cü il tarixli Qərarın məzmununa uyğun çıxış edərək "xxxx" MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqanın nümayəndəsi əlavə olaraq izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-3-cü maddəsinə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. X1 və X8 gördükləri işlər MMC-nin əsas fəaliyyət istiqamətinə aiddir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərdi ki, "xxxx" MMC barəsində qəbul edilmiş qərarla razı deyillər. xx.xx.2022-ci il tarixdə Quba istiqamətində yeni yolun çəkilişi ilə əlaqədar podrat müqaviləsi bağlanmışdır. İşlərin gedişi zamanı onlara topoqraf lazım olmuşdur. Ona görə də Elçin adlı şəxslə 5600 manat dəyərində xidmət müqaviləsi bağlamışlar. Onların əsas işi fəaliyyəti topoqrafiya olmamışdır. Onlar müxtəlif istiqamətlər üzrə təmir-tikinti fəaliyyətini icra edirlər. Topoqraf onlara yalnız bu podrat müqaviləsi üzrə işlərin yerinə yetirilməsi zamanı müvəqqəti olaraq 1-2 aylıq lazım olmuşdur, həmin müddətdə topoqraf onlara lazımı koordinatları verib getmişdir. Adi şəraitdə MMC topoqrafla işləmir. Onların topoqrafla fəaliyyəti daimi deyil, yalnız MMC-yə müəyyən işlərin həyata keçirilməsi tapşırıldıqda qısa müddətlik topoqraf cəlb edilir, bu səbəbdən belə müvəqqəti xidmət üçün əmək müqaviləsi bağlaya bilməzlər. Qanunvericilik də xidmət müqaviləsinin bağlanmasını istisna etmir. Buna görə də xx.xx.2022-ci il tarixdə Elçinin hesabına 4999 manat ödəniş köçürmüşlər. Elçin özü topoqraf mühəndisdir, o da işə Fərid Əliyevi cəlb etmişdir. MMC tərəfindən məhz X4 ilə topoqrafiya xidmətinin göstərilməsi üçün xidmət müqaviləsi bağlanmışdır. Lakin, onlar X12 tanımırlar, həmin şəxs Elçin Baxşəliyev tərəfindən cəlb edilmişdir. Elçinlə Fərid arasında isə müqavilə olub-olmamasından xəbərsizdirlər. Onlar xidmət müqabilində pulu Elçinə ödəmişlər. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərmişdir ki, 2021ci il tarixdən "xxxx" MMC-də direktor kimi fəaliyyət göstərir. Elçin Baxşəliyev həmin şirkətə yol çəkilişi işlərinin görülməsi ilə bağlı topoqraf xidməti göstərmiş, Fərid Əliyev isə Elçin Baxşəliyevin işçisi olaraq topoqraf kimi orada xidmət göstərmişdir. Topoqraf xidməti üçün xüsusi lisenziya tələb olunur, onların əsas fəaliyyəti topoqrafiya ilə bağlı olmadığından və onlara bu xidmət müvəqqəti lazım olduğundan, MMC tərəfindən Elçinlə xidmət müqaviləsi bağlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərmişdir ki, 2022ci ilin iyun ayının 22-dən sentyabr ayına qədər "xxxx" MMC-də mühəndis vəzifəsində işləmiş, faktiki olaraq layihə rəhbəri vəzifəsini icra etmiş və ümumi işə nəzarət etmişdir. Şirkət yol çəkilməsi zamanı qazıntı və geri doldurma işlərini aparmış, Elçin Baxşəliyev həmin ərazidə topoqraf işlərini görmüşdür. Fərid isə Elçinin işçisi olmuşdur. Onda olan məlumata görə Fəridi Elçin özü ilə gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında göstərmişdir ki, orta təhsilli topoqrafdır. 2022-ci ildə təxminən 3 ay müddətinə Quba istiqamətində yol çəkilişi zamanı topoqraf kimi fəaliyyət göstərmişdir. Onu həmin əraziyə Elçin Baxşəliyev çağırmışdır. Səhv etmirsə iyun ayının 1-i Elçinlə danışmış, həmin ayın 3-ü isə işə başlamışdır. Elçin qrup rəhbəri kimi onun fəaliyyətini idarə edirdi. Hazırda da Elçinin göndərişi ilə Ağdamda işləyir. Ona ödənişi Elçin verirmiş. Sonuncu dəfə Elçindən növbəti ödənişi istədikdə, Elçin bildirmişdir ki, şirkət ona pul ödəmədiyindən, hazırda onun ödənişini verə bilmir. Elçin ona ümumilikdə təqribən 1300-1400 manat kart vasitəsi ilə pul ödəmişdir. Sonuncu dəfə ona tam ödəniş edilmədiyindən şikayətçi olmuşdur. Beləliklə, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, sənədləri tədqiq edib, aşağıda qeyd olunan hüquq normalarına əsaslanıb belə hesab edir ki, "xxxx" MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X4 və X8 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə qəbul olunmuş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2023-cü il tarixli Qərar üzrə başlanmış icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********970100 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin vergi ödəyiciləri X4 (VÖEN: **********) və X18 (VÖEN: **********) ilə aralarında bağlanmış xidməti müqavilənin mövcud olub-olmaması yalnız cəmiyyət tərəfindən vergi orqanına təqdim edildiyi halda müəyyən edilə bilən sənəd olduğundan və belə müqavilələr vergi orqanına təqdim edilmədiyindən cəmiyyətin iş qovluğu sənədlərində qeyd edilən şəxslərlə bağlanmış xidməti müqavilə aşkar edilməmişdir. Eyni zamanda müraciətinizdə göstərilən hüquqi şəxsin sorğuda göstərilən şəxslərlə apardığı əməliyyatlara dair məlumatların verilməsi ilə əlaqədar isə qeyd etməyi zəruri hesab edirik ki, həmin məlumatlar kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatlar olduğundan məlumatların verilməsi mümkün deyildir. - Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixli, **********563900 nömrəli məktubundan görünür ki, vergi orqanının istifadəsində olan uçot baza məlumatlarına əsasən "xxxx" MMC ilə X4 və X18 arasında xidməti müqavilənin olması müəyyən edilməmişdir. Eyni zamanda həmin uçot baza məlumatlarına əsasən qeyd edilən şəxslər arasında hər hansı qarşılıqlı əlaqələrinin və əmək münasibətlərinin olması müəyyən edilməmişdir. Əlavə olaraq bildiririk ki, "xxxx" MMC vergi orqanına xx.xx.2022-ci il tarixli **********484400 nömrəli müraciətində (məktuba əlavə olunur) X9 bu şirkətdə işləmədiyini qeyd etmişdir. - X15 Xidmətinin 3-17-5/2-15677/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X17 və X2 adına “Capital Construction" MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişləri daxil edilməmişdir. - “Topoqrafiya xidmətinin göstərilməsi haqqında” xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən “icraçı”- X4 topoqrafiya işləri üzrə xidmət göstərməyi, sifarişçi – "xxxx" MMC isə icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür. Bu müqaviləyə əsasən xidmət haqqı 5600 (beş min altı yüz) manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi inzibati xətaya dair iş üzrə icraat zamanı araşdırma apararkən işin hallarına düzgün hüquqi qiymət vermədən, X4 və X17 ilə "xxxx" MMC arasında əmək münasibətlərinin mövcud olması, həmin şəxslərin MMC tərəfindən işə cəlb edilməsi və bununla da İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə iclasında araşdırılan sübutlarla şikayət verən şəxslə MMC-nin arasında əmək münasibətlərinin olması öz təsdiqini tapmır. Məhkəmə, iş üzrə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:
1. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsində təqsirli bilinməsi üçün işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş şəxslər onu bu cür işə (xidmətə) cəlb etmiş şəxs arasında olan münasibətin məhz əmək hüquq münasibəti olması zəruridir. Çünki, əmək müqaviləsi məhz əmək hüquq münasibətləri üçün tələb olunur. Buna görə də, ayrı-ayrı xidmətlərin göstərilməsi ilə bağlı yaranan mülki hüquq münasibətləri ilə əmək münasibətlərinin hazırki halda fərqləndirilməsi olduqca zəruridir. Məhkəmə isə hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən işin halları tam araşdırılmayaraq X7 ilə "xxxx" MMC arasında olan münasibətlər əsassız olaraq əmək münasibətləri kimi qiymətləndirilmiş, başqa sözlə inzibati xəta haqqında iş üzrə icraat aparan orqan işin faktiki hallarına düzgün qiymət verməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, topoqraf kimi "xxxx" MMC-yə xidmət göstərmiş X4 ilə həmin MMC arasında olan münasibətlərə düzgün hüquqi qiymət verilməsi bütövlükdə inzibati xəta tərkibinin yaranmasına səbəb olan öhdəliyin (əmək müqaviləsinin bağlanması) mövcudluğuna təsir edən əsas amildir. Buna görə də məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparan orqanın diqqətini cəlb edərək bildirir ki, hər hansı tərəflər arasında olan faktiki münasibətləri əmək müqaviləsi bağlanması tələb edən əmək münasibətləri olmasını, yoxsa mülki-hüquqi müqavilə əsasında həyata keçirilən münasibətlər olmasını müəyyən etmək üçün aşağıdakı xüsusatlar aydınlaşdırılmalıdır: - mülki hüquqla tənzimlənən münasibətlər zamanı tərəflər arasındakı faktiki münasibətlər bərabərlik prinsipinə, əmək münasibətləri zamanı isə tabelilik prinsipinə əsaslanır; - mülki hüquqla tənzimlənən münasibətlər zamanı vətəndaşın işi yerinə yetirməsi sərbəst rejimdə, əmək münasibətləri zamanı isə işəgötürənin müəyyənləşdirdiyi rejimdə həyata keçirilir; - mülki hüquqla tənzimlənən münasibətlər zamanı tərəflər arasındakı faktiki razılığın predmetini görülən işin nəticəsi, əmək münasibətləri zamanı isə əmək prosesinin özü təşkil edir. Başqa sözlə, əmək münasibətlərində işçi görülən işinin nəticəsindən asılı olmayaraq əmək haqqı aldığı halda, mülki münasibətlər zamanı isə xidmət haqqı görülmüş işin nəticəsinə görə verilir; - mülki hüquqla tənzimlənən münasibətlər zamanı şəxs ona həvalə edilmiş işi özünə məxsus əmək alətləri və digər vasitələrlə yerinə yetirdiyi halda, əmək münasibətlərində işin görülməsi üçün işçiyə lazım olan alət və vasitələri işəgötürən təmin edir; - mülki hüquqla tənzimlənən münasibətlər zamanı işin görülməsi müddəti həmin işinin nəticəsinin meydana çıxdığı vaxtla şərtləndirilir, əmək münasibətləri zamanı isə bu müddət qanunla müəyyən edilmiş müddətdə davam edir. Məhkəmə, yuxarıda göstərilən hər bir xüsusatı işin faktiki halları ilə müqayisə edərək belə nəticəyə gəlir ki, "xxxx" MMC ilə X4 arasında olan faktiki münasibətlər mülki xarakterli olmuşdur. İş üzrə dindirilmiş şəxslərin izahatları, iş materiallarında olan sənədlər və bir-birini tamamlayan digər mötəbər sübutlarla müəyyən edilmişdir ki, X4 "xxxx" MMC tərəfindən Quba istiqamətində yeni yolun çəkilişi ilə bağlı topoqraf kimi cəlb olunmuş, o, ümumilikdə böyük həcmli və uzun müddətli layihənin bir hissəsində topoqrafiya fəaliyyətini həyata keçirmiş, X4 topoqraf kimi xidmət göstərdiyi 3 aya yaxın müddətdə onun fəaliyyəti sərbəst şəkildə həyata keçirilmiş, yəni onun üçün hər hansı əmək rejimi (iş və istirahət vaxtı və s.) müəyyən edilməmiş, ona ödənilən xidmət haqqı məhz topoqrafiya xidmətinin nəticəsinə görə ödənilmiş, o, həvalə edilmiş işi, yəni topoqrafiya xidmətini özünə məxsus əmək alətləri və digər vasitələrlə yerinə yetirmiş, mülki-hüquqi müqavilə üzrə münasibətlər həmin müqavilədə göstərilən xidmətin icrası ilə əlaqədar 2022-ci ilin avqust ayında başa çatmışdır.
2. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi nümayəndəsinin “tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı yaranmasına dair” gətirdiyi dəlilə münasibət bildirməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinin 2-3.4cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Tərəflər arasında yaranmış münasibətlərinin işəgötürənin əsas fəaliyyət sahəsinə aid olan işlərin yerinə yetirilməsi ilə bağlı olub-olmadığını müəyyən etmək üçün isə hüquqi şəxsin nizamnaməsi nəzərdən keçirilməlidir. Çünki, hüquqi şəxsin fəaliyyət istiqaməti onun nizamnaməsi ilə müəyyən edilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsi). Lakin, hazırda inzibati xəta haqqında iş üzrə icraat aparan orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə hüquqi şəxsin fəaliyyət istiqamətini müəyyən edən hər hansı sübut (o cümlədən, nizamnamə) mövcud olmamışdır. Belə olan halda, səlahiyyətli orqanın hansı əsasla X2 cəlb olunduğu fəaliyyətin hüquqi şəxsin əsas fəaliyyəti ilə bağlı olduğunu müəyyən etməsi məhkəmə üçün qeyri-müəyyəndir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Nizamnamənin 3.1-ci bəndindən görünür ki, Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. İndi isə X2 həyata keçirdiyi xidmətin mahiyyətini və tətbiq sferasını aydınlaşdırmaq lazımdır ki, onun göstərdiyi xidmətin nə dərəcədə MMC-nin əsas fəaliyyət istiqamətinə aid olub-olmadığını müəyyən etmək mümkün olsun. Topoqrafiya – topoqrafik plan və xəritələrin yaradılmasının və onlardan istifadə edilməsinə dair fəaliyyət, topoqraf isə bu fəaliyyətin icraçısıdır. Topoqrafiya fəaliyyəti müxtəlif sferalarda, məsələn, boru kəmərinin, yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi, iri ölçülü tikinti işlərinin aparılması, yeni yaşayış sahələrinin yaradılması, o cümlədən magistral yolların çəkilişi zamanı tətbiq olunur. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, hüquqi şəxsin nümayəndəsi və vəkilinin məhkəmədə bildirdiyi xüsusatlar ağlabatandır. Belə ki, "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti ümumilikdə müxtəlif istiqamətlər üzrə podratçı qismində onlara həvalə edilən layihələrin həyata keçirilməsi ilə bağlıdır. Başqa sözlə, "xxxx" MMC daimi olaraq topoqrafiyanın tətbiqini şərtləndirən fəaliyyəti həyata keçirmir. MMC-nin nümayəndəsi də məhkəmə iclasında bildirmişdir ki, həmin MMC-nin əsas fəaliyyəti istiqaməti təmir-tikinti sahəsidir. Əlbəttə ki, icra olunan layihələrin heç də hamısı topoqraf xidməti tələb edə bilməz. Topoqrafiya xidməti mənzil tikinti-təmiri və ya xırda infrasturuktur layihələrinin deyil, daha çox iri miqyaslı layihələrin icrası zamanı tələb olunur. Bundan başqa, məhkəmə tərəfindən internet informasiya ehtiyatlarına baxış zamanı aydın olur ki, belə xidmətlərinin göstərilməsi ilə bağlı internet informasiya ehtiyatlarında “topoqraf xidməti” adı altında müxtəlif elanlar yerləşdirilmişdir ki, bu da qeyd olunan sahənin təcrübədə xidmət sahəsi, sahibkarlıq sahəsi kimi formalaşdığını təsdiq edir (müvafiq çıxarışlar əlavə olunur). Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən icra olunan müəyyən layihələrin topoqraf xidməti tələb etməsi həmin xidmətin MMC-nin əsas fəaliyyət istiqamətləri ilə bağlı olması demək deyil. Buna görə də müvəqqəti xarakter daşıyan və MMC-nin icra etdiyi bəzi layihələr üçün tələb olunan fəaliyyət həmin MMC-nin əsas fəaliyyət istiqaməti kimi qiymətləndirilə, bunun üçün həmin işlərə cəlb olunmuş şəxslərlə əmək müqaviləsinin bağlanması tələb edilə və əmək müqaviləsinin bağlanmamasına görə məsuliyyətə cəlb edilə bilməz. Bunun əksi, işin ədalətli həllinə mane olardı.
3. Məhkəmə, eyni zamanda X8 həmin işlərin görülməsinə məhz "xxxx" tərəfindən cəlb edilməsinə dair icraat aparan orqanın mövqeyi ilə razılaşmır. Belə ki, yuxarıda tədqiq olunan sübutların məcmusu ilə təsdiq edilir ki, X17 həmin ərazidə işlərin görülməsinə məhz X4 tərəfindən cəlb olunmuşdur. Bu hal məhkəmə iclasında şahid qismində dindirilmiş X10, X5 və eləcə də X8 öz izahatları ilə təsdiq edilir. Xüsusilə, X17 izahatında bildirmişdir ki, Elçin qrup rəhbəri kimi onun fəaliyyətini idarə edir, hazırda da Elçinin göndərişi ilə Ağdamda işləyir. Ona ödənişi Elçin verirmiş. Sonuncu dəfə Elçindən növbəti ödənişi istədikdə, Elçin bildirmişdir ki, şirkət ona pul ödəmədiyindən, hazırda onun ödənişini verə bilmir. Elçin ona ümumilikdə təqribən 1300-1400 manat kart vasitəsi ilə pul ödəmişdir. Göründüyü kimi, bütün bu hallar X8 həmin işlərə məhz X4 tərəfindən cəlb edildiyi qənaətinə gəlməyə əsas verir. X8 işlərin görülməsinə MMC tərəfindən cəlb edilməsi isə məhkəmə iclasında təsdiq edilmir. Məhkəmə bildirir ki, hər hansı bir şəxsin barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin məhz onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Göründüyü kimi, icraat aparan orqanın bununla bağlı gəldiyi nəticə də iş üzrə toplanmış sübutlarla tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə işəgötürən "xxxx" MMC ilə X4 arasında məhz əmək münasibətlərinin mövcud olması, X8 isə ümumiyyətlə MMC tərəfindən işlərin görülməsinə cəlb olunması faktı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi "xxxx" MMC tərəfindən fiziki şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və işəgötürən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və "xxxx" MMC barəsində əsassız və qanunsuz “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, "xxxx" MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Vüsal Qurbanov