Məhkəmə qərarları › İş №3(005)-1459/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1459/2021

30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1459/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs – X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 30 iyun 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. 30 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-536/2019 nömrəli, 13.02.2019-cu il tarixli, Ağdam Rayon Məhkəməsinin 2(13)-2522/2017 nömrəli, 12.05.2017-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6208/2017 nömrəli, 09.10.2017-ci il tarixli, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2370/2011 saylı, 23.09.2011-ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Beləliklə, barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 30 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov rayon İcra şöbəsinin icra məmuru X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xəstəliyi ilə əlaqədar borclarını ödəyə bilmir. İşsizdir, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmır. Eyni zamanda İ qrup əlildir. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X12 izahatında göstərdi ki, borclu qərəzli olaraq icra sənədinin icrasından yayınır. Şəxs şikayətçidir. Bunu nəzərə alaraq borclunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-536/2019 nömrəli, 13.02.2019cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 11,187 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı X7 xeyrinə tutulmalıdır; Ağdam Rayon Məhkəməsinin 2(13)-2522/2017 nömrəli, 12.05.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 4700 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və mənəvi ziyana görə 1000 manat, cəmi 5700 manat iddiaçı X4 xeyrinə tutulmalıdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6208/2017 nömrəli, 09.10.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 5000 manat borc iddiaçı X5 xeyrinə tutulmalıdır; Suraxanı Rayon Məhkəməsinin 2(010)-2370/2011 nömrəli, 23.09.2011-ci il tarixli icra vərəqəsindən görünür ki, borclular Şəxs və X1 müştərək qaydada cəmi 5982,25 ABŞ dolları məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu iddiaçı “FİNCA Azerbaijan” X10 Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Cavabdehlər Şəxs və X1 tutulmalı olan cəmi 5982,25 ABŞ dolları məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu Şəxs məxsus girov qoyulmuş 40,8 qram çəkidə olan 583 əyarlı qızıl-zinət əşyasına (qızıl sepə) yönəldilməli və həmin girov predmeti açıq hərracda satılmalıdır; “İcraata başlamaq haqqında” 08.08.2019-cu il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında 107428/2019-15-2 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-536/2019 nömrəli, 13.02.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “İcraata başlamaq haqqında” 16.11.2017-ci il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında 17/69-325353/17-3 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6208/2017 nömrəli, 09.10.2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “İcraata başlamaq haqqında” 12.07.2017-ci il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında 206610-7 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Ağdam Rayon Məhkəməsinin 2(13)-2522/2017 nömrəli, 12.05.2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “İcraata başlamaq haqqında” 11.07.2014-cü il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında 9905-10B nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2370/2011 nömrəli, 23.09.2011-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1296/2018 nömrəli, 25.10.2018-ci il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-897/2019 nömrəli, 24.12.2019cu il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-536/2019 nömrəli, 13.02.2019-cu il tarixli və Ağdam Rayon Məhkəməsinin 2(13)- 2522/2017 nömrəli, 12.05.2017-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə X6 mülkiyyətində olan “FAW” yük markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur; Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 01.12.2020-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir; Elektron icra sistemindən çıxarışdan görünür ki, Şəxs İ qrup əlildir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq icra sənədlərini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi qənaətinə gəlir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs birinci qrup əlil olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 30.2-ci maddəsinə əsasən birinci qrup əlillər barəsində inzibati həbs tətbiq edilə bilməz; 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarların mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə, Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar