Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-147/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18ci PŞ-nin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Ağdaş rayonunun, Qarağan-Sədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Ağdaş rayonu, Qarağan-Sədi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 07 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 07 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, vətəndaş Şəxs 06.01.2022-ci il tarixdə saat 16:50 radələrində Hacı Məmmədov küçəsində ünvansız söyüşlər söymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X2 tərəfindən tərtib olunmuş 07 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 07 yanvar 2021-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 07 yanvar 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs 06.01.2022-ci il tarixdə saat 16:50 radələrində Hacı Məmmədov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan Şəxs eyni tarixdə törətdiyi bir neçə inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 07 yanvar 2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-dən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X2 hər iki protokolun məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin operatorəməliyyatçı vəzifəsində işləyir. 06.01.2022-ci il tarixdə səhər saatlarında hüquqşünasla görüşərək nəqliyyat departamentinin yanına yaxınlaşmışlar. Şirkətin balansında olan iki nəqliyyat vasitəsi nəqliyyat departamenti tərəfindən küçədə yüklü şəkildə saxlanılmışdır. Onlar da hüquqşünasla birlikdə həmin nəqliyyat vasitələrinə baxış keçirməklə bağlı polis şöbəsindən icazə almış, daha sonra həmin nəqliyyat vasitələrinə baxış keçirmişlər. Baxış keçirən zaman polis əməkdaşları onları görümüş və heç bir problem olmamışdır. Onlara həmin ərazini tərk etməklə bağlı heç bir məlumat verilməmişdir. Onlara cəmi bir dəfə axşam saatlarında ərazini tərk etməklə bağlı göstəriş verilmiş, həmin vaxtda da ərazini tərk etmişlər. O, söyüş söyməmiş, sadəcə polis əməkdaşlarından icazə alaraq işini görmüşdür. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 izahat verərək göstərmişdir ki, 06.01.2022-ci il tarixdə, 16:50 radələrində xidmətdə olarkən 2 nəfər şəxsin nalayiq söyüşlər söyməsini müəyyən etmişlər. Həmin şəxslərə yaxınlaşaraq sakitləşdirməyə çalışsalar da, həmin şəxslər ətrafda məktəblilərin də olmasına baxmayaraq öz hərəkətlərini davam etdirmişlər. Dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq yenə də söyüşlər söyərək ictimai qaydanı pozmuşlar. Həmin şəxsləri polis şöbəsinə dəvət etsələr də, onlar bundan imtina edərək polis əməkdaşlarını qollarından və sinələrindən itələyərək tabesizlik göstərmişdir. Həmin şəxsləri sakitləşdirərək avtomaşına əyləşdirib Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Şöbədə şəxsiyyətləri dəqiqləşdirilərkən müəyyən olunmuşdur ki, onlardan biri hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin polis sahə rəisi X5 digər şahid X3 ifadəsinə oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Bakı Şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevə ünvanlanmış 06.01.2022-ci il tarixli raportdan görünür ki, 06.01.2022-ci il tarixdə saat 16:50 radələrində ünvan 3 ünvanında 2 (iki) nəfər şəxsin ucadan nalayiq söyüşlər söydüyünü aşkar etmişlər. Həmin şəxslər ətrafdan keçən insanların və məktəblilərin olmasına baxmayaraq ünvanlı və ünvansız söyüşlər söyürdülər. Həmin şəxslərin ucadan söydükləri söyüş səslərinə qeyd olunan ünvanda yerləşən yaşayış binasından sakinlərində baxdıqlarını görmüşlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və sakitləşdirmələrini xahiş etmişlər. Lakin, həmin şəxslər daha da ucadan danışmağa və söyüşlər söyməyə başlamışlar. Həmin şəxsləri 18-ci PŞ-nə dəvət etmişlər, lakin onlar polis əməkdaşlarının qanuni tələblərinə riayət etməmişlər. Həmin şəxslər onlarla PŞ-nə getmək əvəzinə, onları qollarından və sinələrindən itələməyə başlamışlar. Həmin şəxsləri sakitləşdirərək avtomaşına oturdub 18ci PŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. “İnzibati qaydada tutma haqqında” 06 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 06.01.2022-ci il tarixdə, saat 17:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 06.01.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokollar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü tətbiq edilməli, həbsetmənin əvvəli isə inzibati qaydada tutulduğu vaxtdan, yəni 06 yanvar 2022-ci il tarixdən saat 17:30-dan hesablanmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3cü maddəsi nəzərə alınmaqla barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 yanvar 2022-ci il tarixdən saat 17:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-147/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-147/2022
07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver