Məhkəmə qərarları › İş №3(005)-1475/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1475/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1475/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında iş üzrə icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 6 may 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 69000.00 ABŞ dolları məbləğində pul vəsaitini 7 aprel 2023-cü il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 69000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. İnzibati xəta 8 aprel 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 izahatında göstərmişdir ki, onun təmsil etdiyi MMC-nin inzibati xətanın baş verməsində təqsiri olmamışdır. Belə ki, müqavilə bağladıqları "xxxx" MMC xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərini pozaraq təhvil verməli olduqları malları 2 il ərzində göndərməmiş və ya onun əvəzinə xx.xx.2023-cü il tarixdə göndərilən pul vəsaitini geri qaytarmamışdır. Bununla bağlı qeyd olunan şirkətlə dəfələrlə yazışmalar və danışıqlar aparılmış, sifarişlərin çoxluğu ilə əlaqədar malların göndərilməsində gecikmələrin olması barədə məlumat verilmişdir. Təkidlərdən sonra malların bir qismi göndərilmiş və qalıq pul vəsaiti də geri qaytarılmışdır. Bununla da ölkədən köçülürmüş 69000.00 ABŞ dolları məbləğində vəsaitin 27356,88 ABŞ dolları dəyərində alınan mallar ölkəyə idxal edilmiş, qalıq pul vəsaiti isə geri qaytarılmışdır. MMCnin təqsirinin müəyyən edilmədiyi və özü də maddi zərərə məruz qaldığı halda barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunması qanunsuz və əsassızdır. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli PB/PBL-OUT-00269-2025 nömrəli məktubunun məzmunu və ona əlavə olunmuş cədvəlin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin bank hesabından 69000.00 ABŞ dolları ********* avans kodu ilə köçürülmüş, yük gömrük bəyannaməsi təqdim edilməmişdir. **********3367 nömrəli gömrük bəyannaməsinin çıxarışından görünür ki, Az-TRS- RGL-2023 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə üzrə satıcı "xxxx" MMC tərəfindən alıcı Şəxs MMC-yə göndərilən 27356,88 ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli PB/VB-OUT-02667-2025 nömrəli arayışdan görünür ki, Şəxs MMC xx.xx.2023-cü il tarixli avans ödənişin 27356,88 USD hissəsi **********3367 №-li YGB ilə, 20,000.00 USD hissəsi xx.xx.2025-ci il tarixində geri qaytarılan 20000,00 USD vəsait ilə (000SWİ**********), 21643,12 USD hissəsi isə xx.xx.2025-ci il tarixində geri qayıdan 30300,00 USD vəsait ilə bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə edilmiş dəyişiklikdən sonra Mərkəzi Bankın İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, MMC-nin nümayəndəsinin təqdim etdiyi sənədləri tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir: “İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə isə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar.” Hazırki işin materiallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə satıcı "xxxx" MMC tərəfindən alıcı Şəxs MMC-yə göndərilən 27356,88 ABŞ dolları dəyərində mal ölkəyə idxal olunduqdan sonra satıcı tərəfindən müqavilə üzrə öhdəliklər vaxtında icra edilməmiş, pul vəsaitinin qalıq hissəsində malların idxal edilməməsi və ya qalıq pul vəsaitinin geri qaytarılmaması Şəxs MMC-nin qəsdi ilə əhatə olunan təqsiri səbəbindən baş verməmişdir. Hazırda isə əvvəlcədən göndərilmiş 69000 ABŞ dolları pul vəsaiti üzrə gömrük bəyannaməsinə əsasən 27356,88 ABŞ dolları dəyərində malın idxalı, 20000 ABŞ və 21643,12 ABŞ dolları miqdarında pul vəsaitinin geri qaytarılması təmin olunmuşdur. Məhkəmə hesab edir ki, müqavilə tərəflərindən birinin (hazırki halda "xxxx" MMC-nin) öz öhdəliklərini icra etməməsi nəticəsində müqavilənin digər tərəfi təqsirli hesab edilə və digər müqavilə tərəfinin məsuliyyəti öhdəliyi müqavilə şərtlərinə uyğun icra etmiş (hazırki halda müqavilə üzrə müəyyən olunmuş pul vəsaitini ödəmiş) tərəfin üzərinə qoyula bilməz. Belə ki, təqsir inzibati xəta tərkibinin əlamətlərindən biri olan subyektiv cəhətin elementidir və inzibati xətanın törədilməsində təqsiri olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması mümkün deyil. Məhkəmə Şəxs tərəfindən xaricə köçürülmüş pul vəsaiti müqabilində göndərilməli olan malların müəyyən olunan 2 il ərzində ölkə ərazisinə vaxtında idxal edilməməsində və ya ödənilmiş valyuta vəsaitinin vaxtında xaricdən geri qaytarılmamasında təqsirinin olmadığını, bu halın hüquqi şəxsdən asılı olmayan səbəblərdən baş verdiyini nəzərə alaraq Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin tərkibinin olmaması qənaətinə gəlir. Bundan əlavə qeyd edilməlidir ki, Şəxs xx.xx.2023-cü il tarixdə xaricə köçürdüyü 69000.00 ABŞ dolları miqdarında vəsaitin bir hissəsinin hesabına alınan mallar ölkəyə idxal edilmiş və həmin məbləğdə valyuta vəsaitinin qalıq hissəsi geri qaytarılmamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 69000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçmədən malların (xidmətlərin) ölkə ərazisinə idxal olunmamasında təqsirinin olmamasını, bununla da MMC-nin əməlində inzibati xəta tərkibinin mövcudluğunun istisna olunduğunu nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar