Məhkəmə qərarları › İş №3(005)-1476/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1476/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1476/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X1 iştirakı ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 24.06.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC 14,000,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 20 may 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru X3 izahatında göstərmişdir ki, son illərdə pandemiya ilə əlaqədar olaraq ölkəmizlə yanaşı qardaş Türkiyə Cümhuriyyətində də bütün iş sahələrində müəyyən problemlər yaranmışıdır. Belə ki, hər iki ölkədə müəyyən dövrlərdə iş məhdudiyyətləri və s. problemlər yarandığından bağlanmış müqaviləyə əsasən qarşı tərəfdən təchizatda problemlər yaranmışdır. Onu da qeyd etmişdir ki, təchizatçı şirkət də digər şirkətlərdən məhsul alışı edərək onları təmin edəcəyinə görə bu proses daha da çətinləşmişdir. Bundan başqa təchizatçı şirkətin idarəetməsində aparılmış dəyişikliklər də onlarla qarşı tərəf arasında olan müqaviləyə əsasən məhsul alışının gecikməsinə öz təsirini etmişdir. 27 aprel 2021-ci il tarixində Ziraat bank tərəfindən müddət bitməsinə az qalması ilə bağlı aldığı məlumatdan sonra dərhal təchizatçı şirkətlə təcili olaraq mal təminatının olunmasına görə əlaqə saxlamışdır. X2 29 aprel - 17 may tarixləri aralığında pandemiyaya görə tam məhdudiyyət (Kapanma) olduğundan köməklik edə biləcəklərinin mümkün olmadığını bildirmişlər. Qeyd olunan fors-major halına görə mal təminatı vaxtında olunmamışdır. Mal təminatı prosesinin uzanacağını nəzərə alaraq ödənişin geri qaytarılmasına görə qarşı tərəflə razılıq əldə olunmuş və ödəniş geri qaytarılmışdır. Ödənişin geri qayıtması barəsində bank tərəfindən verilmiş sənədlə əlavəni məhkəməyə təqdim etmişdir. Pandemiyanın yaratdığı fors-major halını və bank tərəfindən müddətin bitməsinə az qalmış verilən məlumatı nəzərə alaraq tərtib olunmuş protokola xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 10,00 manat olan "xxxx" MMC 26.01.20017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı barədə 11 iyun 2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" ASC-dəki bank hesabından 20 may 2019-cu il tarixində 14,000,00 ABŞ dolları məbləğində qabaqcadan köçürülmüş ödənişin bəyan edilməyən 14,000,00 ABŞ dolları hissəsi ilə əlaqədar köçürülmənin aparıldığı tarixdən 2 il ərzində müvafiq malların ölkəyə idxalını (idxal olunan xidmətlərin göstərilməsini) və ya qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını təsdiq edən sənədlər müvəkkil banka təqdim edilmədiyindən əməldə İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinin tərkib əlamətləri müşahidə edilmişdir. Göstərilən faktla bağlı cəmiyyətin əməlində inzibati xəta tərkibinin olmasını istisna edən sübutlarınızın 24 iyun 2021-ci il tarixinədək təqdim edilmədiyi təqdirdə, müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib olunacaq. İş materiallarında olan "xxxx" ASC-nin 21 may 2021-ci il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3 bəndinə əsasən ödənişin aparıldığı gündən 2 il-730 (yeddi yüz otuz) gün müddətinə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim edilməməsi səbəbindən müvafiq köçürmə üzrə avans sənədləri əlavədə Sizə təqdim edilir. İş materiallarında olan 4-19 nömrəli 20 may 2019-cu il tarixli köçürmə ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 14,000,00 ABŞ dolları məbləğində pulun xaricə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC tərəfindən verilmiş 15.07.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, ödəniş tarixindən müddət keçməsinə baxmayaraq məhz 20.05.2019-cu il tarixində qeyd olunan qabaqcadan ödəniş əsasında köçürülmüş vəsaitlər “GİDA ENDUSTRİ DİS TİCARET ANONİM SİRKETİ” şirkəti tərəfindən 14,473,23 ABŞ dolları geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən köçürülmüş vəsait hesabı "xxxx" tərəfindən verilmiş çıxarışa əsasən geri qaytarılmışdır. Bu fakt məhkəməyə təqdim edilmiş sənədlər ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş məbləğin geri qaytarılmasını kimi hərəkətlərə yol verilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən pulun geri qaytarılması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 430.4-cü maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən "xxxx" MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 24 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar