Məhkəmə qərarları › İş №3(005)-1482/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1482/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1482/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Dilənova Aydan Vüsal qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X1, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Bakı şəhəri 35 saylı Vəkil Bürosunu vəkili Nümayəndə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə MN ******* nömrəli 10 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 10 may 2024-cü il tarixdə saat 12:50-də ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada planlı yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan X2 tərəfindən özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilmişdir. Bununla da Şəxs MMC tərəfəndən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs MMC-yə məxsus klinikada planlı yoxlama 10 may 2024-cü il tarixdə aparılmışdır. X2 tərəfindən sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərməsi aşkar edilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Nümayəndə bildirimişdir ki, qeyd edilən fəaliyyət növü ilə bağlı sertifikasiyadan keçmələri ilə bağlı Azərbyacan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış və daxil olmuş cavab məktubundanda görünür ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə mütəxəssislər üçün təkmilləşdirmə kursları təşkil olunduqdan sonra bu ixtisas üzrə sertifikasiya imtahanları keçiriləcək. Buna görə də xaricdə təhsil alaraq ölkəmizdə fəaliyyət göstərən bu sahə üzrə həkimlər hazırda sertifikasiyadan keçə nilmirlər. Odur ki, göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material üzrə inzibati işə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin əməkdaşlarının və sahibkarın iştirakları ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli 297 saylı plandan kənar yoxlama aktından görünür ki, 10 may 2024-cü il tarixdə saat 12:50-də ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada planlı yoxlama aparılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən əldə edilmiş 08 may 2024-cü il tarixli, KY242107626 nömrəli çıxarışdan görünür ki, yoxlayıcı orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-də xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə planlı yoxlamanın keçirilməsi reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanamış sorğuya əsasən cavab məktubundan görünür ki, Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli Qaran ilə təsdiq olunmuş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası na uyğun olaraq 2011-ci ilin yanvar ayından başlayaraq Azerbaycan Respublikasında praktik Tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. 2020-ci ildən Azərbaycan Respublikasında fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə bakalavriat səviyyəsində təhsil aparılır. Eyni zamanda sözügedən ixtisas üzrə xarici ölkələrdə təhsil almış və diplomları ölkə ərazisində tanınmış şəxslər, müvafiq sənəd əldə edərək bu ixtisas üzrə Azərbaycan Respublikasında tibb fəaliyyətinə buraxılırlar və onlar qanunvericiliyə uyğun olaraq fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə təkmilləşdirmə kursu keçdikdən sonra bu ixtisas üzrə sertifikasiya olunmalıdırlar. Bununla bağlı, yeni tədris ilində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə mütəxəssislər üçün təkmilləşdirmə kursları təşkil olunduqdan sonra bu ixtisas üzrə sertifikasiya imtahanları keçiriləcək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İş materialları araşdırılarkən müəyyən olmuşdur ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə mütəxəssislər üçün təkmilləşdirmə kursları təşkil olunduqdan sonra bu ixtisas üzrə sertifikasiya imtahanları keçiriləcəkdir. Belə olduğu təqdirdə hal-hazırda Şəxs tərəfindən heç bir qanunvericiliyin tələblərinə zidd qayda pozunutusu mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli 10 may 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar