Məhkəmə qərarları › İş №3(005)-1483/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1483/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1483/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Saatlı rayonu, Qara Nuru kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" Mənzil-Tikinti Kooperativində fəhlə işləyən, Saatlı rayonu, Qara Nuru ərazi dairəsi, Qara Nuru kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı materiallar 15 may 2024-cü il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 15 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14 may 2024-cü il tarixdə saat 23:30 radələrində Dədə Qorqud parkında ucadan nalayiq söyüşlər söymüşdür, bununla da İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin 15 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14 may 2024-cü il tarixdə saat 23:30 radələrində Nərimanov rayonu, Dədə Qorqud parkında polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, dostu ilə içkili olmuşdur. Şəxs heç kəsi təhqir etməmişdir. O, polis əməkdaşlarına müqavimət göstərmədiyini və dostu ilə sadəcə ucadan danışdığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq o barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevə ünvanlanmış 14 may 2024cü il tarixli raportdan görünür ki, polis əməkdaşları 14 may 2024-cü il tarixdə Nərimanov rayonu inzibati ərazisində xidmətdə olarkən 2 qadın onlara yaxınlaşaraq 2 nəfər şəxsin onlara nalayiq ifadələr işlətdiyini və onlardan şikayətçi olduqlarını bildirdilər. Həmin vətəndaşlar polis əməkdaşları saxlayaraq Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirdilər. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevə ünvanlanmış HK-2 № 2096 saylı raportdan görünür ki, 14 may 2024-cü il tarixdə saat 23:29 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 ZM-ə X4 zəng edərək 2 nəfər şəxsin onları narahat etməsi barədə məlumat vermişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” 15 may 2024-cü il tarixli, 2/26007 saylı protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi yüngüldür. İş materiallarında olan sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vətən müharibəsi iştirakçısıdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Şəxs barəsində başlanmış İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. İXM-in 535.1-ci maddəsi üzrə tərtib edilmiş 15 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola münasibətdə qeyd edir ki, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, nə özünün izahatı, nədə araşdırılmış sübutlarla sübuta yetmir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, işin hallarından və işdə iştirak edən şəxslərin izahatlarından aydın olur ki, Şəxs 14 may 2024-cü il tarixdə saat 23:30 radələrində Dədə Qorqud parkında ucadan nalayiq söyüşlər söysə də, PŞ-də polis əməkdaşlarına qarşı hər hansı bir zor tətbiq etməmiş, həmçinin zor tətbiq etməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəxs qəsdən tabe olmamağına yol vermədiyini bildirmişdir. Eyni zamanda Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasına dair şahid ifadəsinin olmaması ilə Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini sübuta yetirilmir. Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması barədə nəticəyə gəlməyə əsas verir. Həmçinin Şəxs barəsində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inibati xətaya dair protokol tərtib edilmişdir. Belə ki, İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması özözlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən Şəxs əməlində inzibati xətaya görə Vətən müharibəsi iştirakçısı olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, onun inzibati qaydada saxlanılması nəzərə aılnmaqla cərimə cəzası yüngülləşdirilmədir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 15 may 2024cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar