Məhkəmə qərarları › İş №3(005)-1484/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1484/2020

25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1484/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayətçi X1 Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 27-ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* saylı protokolun ləğv edilməsinə dair verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X2 Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 27-ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* saylı protokolun ləğv olunmasına dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixində (bazar günü) saat 18:00-ə yaxın Mehman Bünyadzadə küçəsi onun müvəqqəti yaşadığı 10-20 nömrəli bina yaxınlığında zibil konteynerlərinin yanında o, tibbi yardıma ehtiyacı olan kiçik pişik balasını götürüb evə aparmışdır. Onu polis işçisi saxlamışdır. O, başa salmışdır ki, o, evdən 10-15 dəqiqəlik çıxmışdır və SMS-icazə rejimini heç vaxt pozmamışdır, hər dəfə icazə ilə çıxır, sadəcə indi qeyri-adi vəziyyətdir və evə qayıdıb veterinar tapıb, sonra SMS icazə alıb, pişiyi aparmalı imiş. Ancaq polis işçisi rus dilini bilmirmiş. O, jestlə yaşadığı evi və saatı göstərmişdir. Söhbətə yaxında dayanmış mülki geyimdə olan bir adam müdaxilə edib. Özünü təqdim etmədən, heç bir sənəd göstərmədən aqressiya göstərməyə başlamışdır. O, əllərimdən dartİB, pişik balasını əlindən almağa və qəzəblə qışqırmağa başlamışdır. Küçədə insan çox olub, amma heç kimi saxlamayıblar. O, bu aqressiv vətəndaşa digərlərinin diqqətini yönəldib, o isə daha da qəzəblənərək polisdən ona protokol yazılmasını tələb edib. Şikayətçi bu insanın hərəkətlərinə çox əsəbləşsə də, özünü sakit saxlayırmış. Şikayətçinin onun hansı haqqla özünü belə aparması sualına o, 27 nömrəli polis idarəsində rəis müavini Hümbətovdur cavabı verilib. Şikayətçi isə soruşub ki, necə vəzifəli şəxs, zabit belə formada özündən yaşlı qadınla danışa bilər? Növbəti gün xx xxxx 2020-ci il tarixində o, xəstə pişiyi “İdeya” heyvan sığınacağına aparmışdır. (girişdə qeydiyyatdan keçmişdir və təyinat vərəqəsi var). 14 iyul tarixində mən 1542 və 102 qaynar xətt nömrələrinə zəng vurmuş və ona yazılmış protokolla razı olmadığını və iddiası olduğunu bildirmişdim. 10 gün müddətində hara müraciət etməli olduğunu soruşmuşdur. Ona cavab veriblər ki, narahat olmasın. Amma problem həll olunmayıb. Xahiş edir ki, məhkəmə bu işi araşdırıb obyektiv qərar versin və ona ədalətsiz yazılmış protokol ləğv edilsin. Xahiş edir nəzərə alınsın ki, o, işsizdir, dövlətdən 190 manat yardım almamışdır, mənzili yoxdur, müvəqqəti olaraq tanışlarının evində qalır və qanun pozuntusu çox təcili bir vəziyyətdə baş vermişdir. Xahiş edir onun səhhətimdə problem yaradan, təzyiq artımı və ürək ağrıları ilə nəticələnən Hümbətovun hərəkətləri qanunsuz elan edilsin. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayətçi X2 və qərarı barəsində şikayət verilmiş Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 27-ci PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd edilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, X2 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hallarına yol vermiş və nəticədə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1, 99.1.1-ci maddələrnə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsidir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 328-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, qanunla inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmadığından, məhkəmə hazırki şikayətin dəlillərinin araşdırılmasını, eyni zamanda təmin edilməsini mümkün hesab etmir. Buna görə də, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 27-ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan X1 verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 27-ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan X1 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar