Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1487/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhər BPİ-nin X8 İdarəsinin nümayəndəsi X1, inzibati xəta haqqında iş üzrə şikayət verən X2 iştirakları ilə, Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4, Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ** ES *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixində saat 09:00 radələrində Bakı şəhəri Nəcəfbəy Vəzirov küçəsində yolun sağ tərəfində avtomobillər üçün ayrılmış cib hissəsində avtomobilini parklayıb işə getmişdir. Saat 10:30 radələrində AsanPay-dan telefonuna SMS daxil olmuşdur. SMS-də YPX tərəfindən tərtib olunmuş EQ 20017468 saylı electron protokol barədə məlumat qeyd olunmuşdur. Elə həmin gün protokoldan electron qaydada Baş Dövlət Yol Polis İdarəsinə şikayət məktubu ünvanlamışdır. Bir neçə həftə keçdikdən sonra məktubunun cavablandırılması vaxtını öyrənmək üçün 102, 902 xidmətlərilə, ********** və ********** nömrələrilə əlaqə saxlamışdır. Ona bildirmişlər ki, şikayətinə polis nəfəri Orxan Əkbərov baxır. Bir neçə gündən sonra həmin şəxs ona zəng vurmuş və protokolun düzgün tərtib olunduğunu bildirmişdir. Onun iddiasına görə o, avtomobilini yolun piyadalara aid hissəsində parklamışdır. O isə polis əməkdaşına bildirmişdir ki, orada piyada yolunu avtomobil yolundan ayıran səki yoxdur və o, avtomobilini yolun piyadalara aid hissəsində deyil, yol kənarında ayrılmış cibdə parklamışdır. Ondan səkinin olmadığı halda nəyə əsaslanaraq yolun o hissəsini piyadalara aid etdiyini soruşduqda o cavabdan yayınıb "biz məktubunuza cavab yazarıq, razı olmasanız məhkəməyə müraciət edərsiniz" deyə cavab vermiş və telefonla bu mövzu ilə bağlı müzakirə aparmaq istəmədiyini bildirmişdir. Məlum olduğu kimi "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən araşdırılması tələb olunan müraciətlər 30 iş günü ərzində cavablandırılmalıdır. Onu da bildirmək istəyir ki, 18 mart tarixində BPİDYPİ-nə ünvanladığı şikayət məktubuna heç bir obyektiv araşdırma aparılmadan, İXM-nin 8-ci bəndini kobudcasına pozaraq dəfələrlə 102, 902 xidmətlərinə və Orxan Əkbərova şəxsən zəng edəndən sonra nəhayət ki, 07 may tarixində cavab verilmişdir. Onu da qeyd etmək istəyir ki, BDYPİ-nin məktubuna bir aydan çox müddətdə cavab verməsi səbəbindən dəbbə pulu hesablanmasından ehtiyat edərək 18 AZN cərimə məbləğini ödəmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq qanuna zidd tərtib olunan EQ 20017468 saylı protokolun qərarına xitam verilməsini və ödənilən 18 AZN cərimə məbləğinin qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ-nin X8 İdarəsinin nümayəndəsi X5 çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qanuni və əsaslıdır. X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi videogörüntüdən də aşkar şəkildə görünür. Bu səbəbdən də məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 “MERCEDES C240” minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 20 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan fotoşəkillərdə “MERCEDES C240” minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin səkidə dayanması tam aydın deyil. X4 tərəfindən məhkəməyə təqdim edilmiş video görüntülərdən görünür ki, “MERCEDES C240” minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı yerdə bordür sökülmüşdür və yerin həmin hissəsi avtomobil yolu ilə bir səviyyədədir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 16-cı hissəsinə əsasən səki — yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. İş materiallarından müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X4 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X2 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyinə müraciət ünvanlanmalı və inzibati xətanın baş verdiyi ünvan 1ında olan həmin yerdə səkinin olub olmaması, yəni X3 məxsus avtomobilin dayandığı yerin piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsi olub olmaması aydınlaşdırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X4 barəsində Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X4 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də X2 barəsində Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1487/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1487/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver