Məhkəmə qərarları › İş №3(005)-1492/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1492/2021

06.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1492/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3, tələbkar X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X9 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 1(005)-70/2020 saylı, 05 fevral 2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı 047417 nömrəli, 02 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 1(005)- 70/2020 saylı, 05 fevral 2020-ci il tarixli icra sənədini tam icra etməmiş və icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Nəticədə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-70/2020 nömrəli, 05.02.2020-ci il tarixli icra sənədi üzrə vurulmuş maddi zərərə görə 5750 manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) - Şəxs tutularaq zərərçəkmiş şəxslər (mülki iddiaçı) - X1, X5, X6 və X4 xeyrinə ödənilməlidir. Borclunun əmlak vəziyyəti yoxlanılarkən onun adına tələbin yönəldiləcəyi əmlak aşkar edilməmişdir. Həmçinin borclu tərəfindən icra sənədinin hissə-hissə icra olunmasına dair ərizə ilə müraciət olunmasına baxmayaraq məhkəmənin 7(005)-452/2020 saylı, 30.10.2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Hazırkı tarixə borclu Şəxs 2050 manat ödəniş etmiş, 3700 manat ödənilmiş vəsait qalmışdır. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, icra sənədi üzrə borcu ödəməkdən qərəzli olaraq yayınmamış, sadəcə olaraq maddi çətinliklər səbəbindən borcunu tam ödəyə bilməmişdir. İcra sənədi üzrə müəyyən olunmuş 5750 manat puldan bu günə qədər 2550 manat ödəniş etmiş, 3200 manat ödənilməmiş borcu qalmışdır. Sonuncu ödənişi bugün, yəni 06 iyul 2021-ci il tarixdə ödəmişdir. Qalan borcu da yaxın vaxtlarda ödəyəcəkdir. Məhkəməyə 500 manatı ödəməsinə dair qəbzi təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X10 çıxış edərək izahatında göstərdi ki, o, hissə-hissə ödənişi qəbul etmir. Şəxs ona olan borcunu tam ödəməsini tələb edir. Hazırda Şəxs şikayətçidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 1(005)-70/2020 saylı, 05 fevral 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, mülki iddia qismən təmin edilmişdir. Vurulmuş maddi zərərə görə 5750 manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) - Şəxs tutularaq zərər çəkmiş şəxslər (mülki iddiaçılar) - X2, X5, X6 və X4 xeyrinə ödənilməlidir; İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 29.09.2020-cı il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, 153079/2020-15-26 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 1(005)-70/2020 saylı, 05 fevral 2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə 29 sentyabr 2020-ci il tarixdə xəbərdar edilmişdir; 23 noyabr 2020-ci il tarixli qəbzdən görünür ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-70/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar 500 (beş yüz) manat ödəniş etmişdir; 21 dekabr 2020-ci il tarixli qəbzdən görünür ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-70/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar 600 (altı yüz) manat ödəniş etmişdir; 21 yanvar 2021-ci il tarixli qəbzdən görünür ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-70/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar 600 (altı yüz) manat ödəniş etmişdir; 30 yanvar 2021-ci il tarixli qəbzdən görünür ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-70/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar 350 (üç yüz əlli) manat ödəniş etmişdir; 06 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-70/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar 500 (beş yüz) manat ödəniş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Şəxs icra sənədi üzrə 5750 manat borcdan 2550 manat ödəmiş, son ödəniş 06 iyul 20221-ci il tarixdə edilmişdir. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında borclu Şəxs tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 1(005)-70/2020 saylı, 05.02.2020-ci il tarixli tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməsini istisna edir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 1(005)-70/2020 saylı, 05.02.2020-ci il tarixli tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar