Məhkəmə qərarları › İş №3(005)-1493/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1493/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1493/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, X1 barəsində tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, 19.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, 19.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Ağdam rayonundan olan məcburi köçkün ailəsində dünyaya gəlmiş və müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşmışdır. 2021-ci ildə Dövlət İmtahan Komissiyasının keçirdiyi universitetə qəbul imtahanlarını uğurla başa vurub Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmuş və hazırda birinci kurs tələbəsidir. Şikayətlə bağlı qeyd edir ki, 19 aprel 2022-ci il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Mc Donalds” restoranlar şəbəkəsi filialı qarşısından paralel istiqamətdə yerləşən Nərimanov parkına tərəf yolu keçdikdən sonra adını bilmədiyi, əvvəllər tanımadığı və aralarında heç bir münasibət olmayan polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmədən yol hərəkəti qaydalarını pozduğunu bildirib onun barəsində cərimə protokolu yazacağını söyləmişdir. O, ilk öncə tələbə olduğunu deyib hansı qayda pozuntusuna yol verdiyini soruşduqda ona, tələbə olduğu üçün protokol tərtib etməyəcəyini söyləyib onu yola salmışdır. Lakin daha sonra elektron sistemə baxarkən həmin polis əməkdaşının barəsində 20 (iyirmi) manat məbləğində cərimə protokolu tərtib etdiyini görmüşdür. Baş verənlərlə bağlı bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş polis əməkdaşı özünün şəxsiyyəti, vəzifəsi və rütbəsi barədə ona heç bir məlumat verməmiş, beləliklə Polis haqqında Azərbaycan Respublikası qanununun tələblərini pozmuşdur. Bundan başqa pozduğu qayda pozuntusunun nədən ibarət olmasını bildirməmiş, hüquq və vəzifələrini izah etməmiş, tərtib etdiyi protokol barədə məlumat verməmiş və protokolun surətini ona təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi və şikayıt vermiş şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, şikayətə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, X2 yazdığı şikayət ərizəsinə barəsində şikayət verdiyi qərarı əlavə etməmiş, eyni zamanda protokol tərtib etmiş şəxs və İXM-in hansı maddəsi üzrə protokol tərtib edilməsi göstərilməmişdir. Məhkəmə hesab edir ki, X2 inzibati icraat zamanı qaydaların pozulması barədə dəlilləri əsassız olmaqla hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 barəsində tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, 19.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, 19.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar