Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-15/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 15 dekabr 2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin müfəttişi X3 tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər daxil olmuşdur. MN ******* nömrəli, 01 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, 01.12.2021-ci il tarixdə saat 12:08 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk ünvanında yerləşən Şəxs MMC-yə məxsus mebel salonunda işçi Nuriyeva karantin qaydalarını pozaraq maskadan istifadə etmədən xidmət göstərməsi faktı aşkar olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 01 dekabr 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında Protokolda 01.12.2021-ci il tarixdə, saat 12:08-də Şəxs MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən Şəxs mebel mağazasında çalışan əməkdaşın karantin qaydalarını pozaraq maskadan istifadə etmədən xidmət və Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilmişdir. Bildirib ki, tərtib edilmiş protokol ilə razı deyillər. Belə ki, protokola əlavə edilmiş fotoşəkildən görünür ki, işçi resepşn bölməsində olub. Bununla bağlı daxili araşdırma aparıblar. İşçi məlumat verib ki, mağazada resepşn bölməsində olarkən və müştəri olmadığı anda vergi əməkdaşları onun gözlənilmədən fotoşəklini çəkiblər. Ticarət obyektində mütəmadi olaraq işçilər işə başlamadan öncə onların və müştərilərin sağlamlığının qorunması məqsədilə termometr vasitəsilə onların hərarəti ölçülür, spirt tərkibli əl dezinfeksiyaedici məhlullardan və tibbi maskadan istifadə edilir, təmizlik və digər qabaqlayıcı tədbirləri həyata keçirilir. Bütün bu tədbirlərdən sonra əməkdaşlar işə buraxılırlar. Müştəri(lər)nin mağazada olmadığı zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən bütün iş günü istifadə edilməsi halı heç bir məntiqə sığmır. Əməkdaşların xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılması halı birbaşa olaraq qərarda qeyd edilib. Digər hallarda da işçi maskadan bir neçə saniyəlik istifadə etməyə bilər. Məsələn, istifadəyə yararsız maskanı yenisi ilə əvəz edərkən maskanın çıxarılması, fasilə zamanı çay içərkən maskanın çıxarılması, maskadan uzunmüddət istifadə zamanı ağız və üz nahiyəsində buxar əmələ gəlir və maskanı bir neçə saniyəlik çıxarıb həmin buxar yaranmış nahiyənin silinməsi zamanı və s. qeyd etmək olar. Bu kimi zərurətdən yaranmış hallarda maskadan istifadə edilmir və həmin anda vergi əməkdaşının ani zərurətdən yaranmış maskadan istifadə etməyən işçinin fotoşəklini çəkib protokol tərtib etməsi qanuna ziddir. Təbii ki, çay içərkən, yemək yeyərkən, ticarət obyektində müştəri olmadığı zaman və bu kimi hallarda tənəffüs yollarını qoruyan fərdi vasitələrindən istifadə edilməsinə ehtiyac yaranmır və yoluxma riski yaratmır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 01 dekabr 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında Protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar olmuş barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala inzibati xəta haqqında protokolu tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olundu ki, 01.12.2021-ci il tarixdə saat 12:08 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk ünvanında yerləşən Şəxs MMC-yə məxsus mebel salonunda karantin rejimi qaydalarını pozmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Şəxs MMC-də qoruyucu maskadan istifadə etmədən xidmət göstərilməsi müşahidə edilir. İş materiallarında olan MN ******* nömrəli, 01 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, 01.12.2021-ci il tarixdə saat 12:08 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk ünvanında yerləşən Şəxs MMC-yə məxsus mebel salonunda fərdi qoruyucu vasitə taxmadan fəaliyyət göstərilməsi, işlərin görülməsi və xidmətin göstərilməsi faktı aşkar olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə –fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, 01.12.2021-ci il tarixdə saat 12:08 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk ünvanında yerləşən Şəxs MMC-yə məxsus mebel salonunda fərdi qoruyucu vasitə taxmadan fəaliyyət göstərilməsi, işlərin görülməsi və xidmətin göstərilməsi faktı aşkar olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 211.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-15/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-15/2022
07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver