Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-15/2024 12.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Gela Kakhıdzenin, X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 04 dekabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X12 Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi Əmək Məcəlləsi nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X8 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Gela Kakhıdze izahatında göstərdi ki, X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş “İnzibati tənbeh vermə haqqında” Qərarda geyd edilmişdir ki, vətəndaş X12 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Pirosmani restoranında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yetirilməsinə cəlb edilmişdir. Şəxs. Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixində Pirosmani restoranında fəaliyyət göstərmək üçün Vergi Xidməti tərəfindən uçota alınmışdır. xx.xx.2023-cü il tarixində post terminal və nəzarət kassa aparatı geydiyyata alındıqdan sonra fəaliyyətə başlamışlar. Fəaliyyətə başladıqları tarixədək “Pirosmani restoranı”nın fəaliyyəti haqqında məlumatları yoxdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı təqdim etdikləri İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətindən əldə edilmiş arayışlarından və digər sənədlərdən görünür ki, Şəxs MMC xx.xx.2023-cü il tarixindən “Pirosmani restoranı”nda fəaliyyət göstərdiyi halda, Protokol Şəxs MMC barəsində tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstəmişdir ki, halhazırda Şəxs MMC-də administrator vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixində “Pirosmani” restoranına işə qəbulla əlaqədar müsabiqə keçirilmişdir. O da həmin müsabiqədə iştirak etmişdir. X12 da bu müsabiqəyə qatılmışdır. Lakin müsbət nəticə əldə etmədiyinə görə onunla əmək müqaviləsi bağlanmamışdır. Həmin vaxt “Pirosmani” restoranı fəaliyyət göstərmirdi. O işə qəbul olandan sonra bilmişdir ki, “Pirosmani” restoranı Şəxs MMC-nin tərkibində fəaliyyət göstərəcəkdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X12 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalininn Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətdən görünür ki, o, əmək hüquqlarının pozulması barədə müraciət etmişdir. X12 tərəfindən X5 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, “Pirosmani restoranı”nda stuart (qabyuyan bəy) vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində ona hər hansı bir əmək haqqı ödənişi edilməmiş, müəssisəyə qarşı əsas tələbi ona ödənilməli olan əmək haqqının ödənilməsidir. X12 tərəfindən X5 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, daha əvvəl “Pirosmani restoranı”ndan etdiyi şikayəti geri götürmüşdür. Səbəb olaraq əmək haqqının ödənilərək əmək hüquqlarının bərpa edilməsini göstərmişdir. Əvvəlki müraciəti ilə bağlı şikayətin baxılmamış saxlanılmasını xahiş etmişdir. Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, Şəxs MMC (**********) şirkəti (“Pirosmani” restoranı) xx.xx.2023-cü il tarixində obyektin kodunu almışdır. xx.xx.2023-cü il tarixində post terminal və kassa qeydiyyata alınmış və fəaliyyətə başlamışdır. Belə ki, restoranın fəaliyyəti ilə əlaqədar obyektdə remont işləri getdiyindən xx.xx.2023-cü il tarixində müsabiqə keçirilmişdir və bu müsabiqəyə bir neçə vətandaş dəvət olunmuşdur. Başqa vətəndaşlarla birlikdə X9 bu müsabiqədə iştirak etmişdir lakin, müsbət nəticə olmadığına görə onunla əmək müqaviləsi bağlanmamışdır. PKS-in qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Şəxs MMC-yə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən NMQ sertifikat yüklənmişdir. PKS-in və NMQ-nin təhvil alınması elektron imza ilə təsdiq edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X11 Qeydiyyat Vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin 1022 ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektində (obyektində) quraşdırılmış nəzarət-kassa aparatının qeydiyyatdan keçirildiyi təsdiq edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəvicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********9 nömrəli Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində Şəxs MMCnin 1022 ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması təsdiq edilmişdir. POS-terminalın qeydiyyatı ərizəsinin qəbul olunması haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs MMC-nin ərizəsi sistemdə **********467700 kargüzarlıq nömrəsi ilə qeydiyyata alınmışdır. POS-terminalın 1 iş gün ərzində qeydiyyata alınması qeyd olunmuşdur. Məhkəmə proses iştirakçılarının və şahidin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları ilə Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş 04 dekabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokolda X6 Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi Əmək Məcəlləsi nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi göstərilsə də, iş materiallarından görünür ki, Şəxs MMC (**********) şirkəti (“Pirosmani” restoranı) xx.xx.2023-cü il tarixində obyektin kodunu almışdır. xx.xx.2023-cü il tarixində post terminal və kassa aparatı qeydiyyata alınmış və bundan sonra fəaliyyətə başlamışdır. Belə olan halda isə Şəxs MMC inzibati xətanın subyekti hesab oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 04 dekabr 2023-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 04 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-15/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-15/2024
12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver