Məhkəmə qərarları › İş №3(005)-1503/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1503/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1503/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X6i şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Rodrigo Tekstil Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X5 Rodrigo Tekstil Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində İXM-in 347-ci maddəsi ilə AP seriyalı ******* nömrəli, 13 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “Rodrigo Tekstil Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 15.02.2021-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X6i şöbəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən Rodrigo Tekstil Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın təqdim edilməsinə dair məktub filial tərəfindən 15.02.2021-ci il tarixdə qəbul edilmiş, lakin həmin sorğuya cavab təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq Rodrigo Tekstil Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş AP seriyalı, ******* nömrəli, 13 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Rodrigo Tekstil Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən balansında olan “Volkswagen Polo” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar tərtib edilmiş elektron protokollar barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməmişdir. Buna görə də hüquqi şəxs barəsində İXM-in 347-ci maddəsi ilə protokol tərtib edilmişdir; DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, 14.02.2021-ci il tarixdə Rodrigo Tekstil Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialının mülkiyyətində olan “Volkswagen Polo” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Nərimanov RPİ-nin X6 X3 Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Rodrigo Tekstil Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialının hüquqi ünvanına göndərilmiş və 15.02.2021-ci il tarixdə “Məmmədov” soyadlı şəxs tərəfindən qəbul olunmuşdur. Məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Həmçinin, iş materiallarında olan poçt xəbərnaməsinin Rodrigo Tekstil Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi tərəfindən qəbul edilməsi təsdiq olunmur. Belə olan halda, məhkəmə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Rodrigo Tekstil Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialı inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 8, 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Rodrigo Tekstil Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibi olmadığından barəsində AP seriyalı ******* nömrəli, 13 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar