Məhkəmə qərarları › İş №3(005)-151/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-151/2022

08.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-151/2022 08.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 08.01.2022-ci il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vəzifəli şəxsi Şəxs (FİN xxxxxxx) "xxxx" MMC-nin nəzdində olan "xxxx" saytının rəhbəri olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3.10-1-ci bəndinin tələblərinə riayət etməli olduğu halda həmin qanunun tələblərini pozaraq 07.01.2022-ci il tarixdə "xxxx" saytında Qazaxıstan Respublikasında təbii qazın qiymətinin qaldırılması ilə əlaqədar baş vermiş mitinq və iğtişaşları Azərbaycan Respublikasında təbii qazın qiymətinin qaldırılması ilə analogiya gətirərib əlaqələndirərək, ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatı dərc edərək “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.3.10-1-ci maddəsi ilə nəzərdə tutulmuş Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən yerləşdirilməsinə yol verilməsi yolu ilə Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar, X4, X2, Şəxs izahatı və "xxxx" saytında yayılmış 07.12.2021-ci il tarixli məlumatla təsdiq edilir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3 “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 08.01.2022-ci il tarixli qərarın məzmununa uyğun çıxış edərək bildirdi ki, "xxxx" saytı tərəfindən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3-8-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Qazaxıstan Respublikasında təbii qazın qiymətinin qaldırılması ilə əlaqədar baş vermiş mitinq və iğtişaşları Azərbaycan Respublikasında təbii qazın qiymətinin qaldırılması ilə analogiya gətirərib əlaqələndirərək, ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar 07.12.2021-ci il tarixdə həmin saytda yerləşdirilmişdir. Bununla bağlı "xxxx" MMC barəsində icraat başlanılmışdır. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, "xxxx" xəbər agentliyi (“DİSPUTE.AZ” MMC , Vöen-**********) 15.03.2014-cü ildən fəaliyyətə başlayıb. Ölkədə qısa müddət ərzində müstəqil informasiya siyasəti həyata keçirən media kimi tanınan bu qurumun məsul redaktoru olaraq saytın xəbər siyasətinə, xəbər və məqalələrin yerləşdirilməsinə nəzarət edir. İnformasiya resursunda yerləşdirəcək məlumatların dairəsini müəyyən edərkən saytın oxuyucularının sayının və oxuyucu kütləsinin artması, hüquq şəxsin fəaliyyətinin xeyrinə işlər görmək məqsədilə digər meyarları rəhbər tutur. Son olaraq "xxxx" MMC rəhbəri kimi barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "xxxx" xəbər agentliyinin internet saytından çıxarışdan görünür ki, Qazaxıstan Respublikasında təbii qazın qiymətinin qaldırılması ilə əlaqədar baş vermiş mitinq və iğtişaşları Azərbaycan Respublikasında təbii qazın qiymətinin qaldırılması ilə analogiya gətirərib əlaqələndirərək, ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar yayılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisinə ünvanlanmış 07.01.2021-ci il tarixli təqrirdən görünür ki, "xxxx" saytında Qazaxıstan Respublikasında baş vermiş hadisələrinin Azərbaycan cəmiyyətinə proyeksiya olunmasını ehtiva edən yalan məlumatların yayılması ilə əlaqədar araşdırma aparılmasına icaze verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 08.01.2022-ci il tarixli qərardan görünür ki, vəzifəli şəxs Şəxs (FİN xxxxxxx) barəsində İXM-in 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. “İnformasiya, informasiyalaşdırma və”informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-2.3 və 13-2.3.8-ci maddələrinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar yerləşdirilməsinə yol verməməlidir; 13-4-cü maddəsinə əsasən bu fəslin müddəalarının pozulmasına görə internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər, həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İXM-in 388-1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: 388-1.1.1. informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş üzrə müəyyən olunmuşdur ki, informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması”əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması”və”onlardan istifadə”olunması, informasiyanın mühafizəsi ilə”əlaqədar olaraq yaranan münasibətləri tənzimləyən və”informasiya proseslərində”iştirak edən subyektlərin hüquqlarını”müəyyən edən “İnformasiya, informasiyalaşdırma və”informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri vəzifəli şəxs Şəxs (FİN xxxxxxx) tərəfindən pozulmuşdur. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, vəzifəli şəxs Şəxs (FİN xxxxxxx) tərəfindən İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs (FİN xxxxxxx) törətdiyi əməli etiraf edib peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs (FİN xxxxxxx) məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə, İXM-in 31.3-cü maddəsinə əsasən vəzifəli şəxs Şəxs (FİN xxxxxxx) barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, vəzifəli şəxs Şəxs (FİN xxxxxxx) İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni vəzifəli şəxs Şəxs (FİN xxxxxxx) qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar