Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1510/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 499.1.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100/1151 nömrəli, 21 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda "xxxx" ASC-nin ünvanına Gürcüstandan 90JM320/10ZF590 nömrə nişanlı yük avtomaşınında daxil olmuş 1 ədəd “Kato HD-2045” markalı, KWJ87701C80005507 şassi/ban nömrəli tırtıllı ekskavator yükü **********5069 sorğu nömrəli 30.03.2018-ci il tarixli gömrük bəyannaməsi ilə 30.03.2019-cu il tarixədək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonuncu dəfə 06.03.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş 24/24/006768 qeydiyyat nömrəli ərizə əsasında sözügedən yükün müvəqqəti idxal müddəti 30.03.2021-ci il tarixədək 1 (bir) il müddətinə uzadılmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X2 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********5069 sorğu nömrəli 30.03.2018-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi 30.03.2021-ci il tarixi müəyyən edilmişdir. Lakin, müvəqqəti idxal müddətinin 30.03.2021-ci il tarixində bitməsinə baxmayaraq **********5069 sorğu nömrəli, 30.03.2018-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş "xxxx" ASC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və va digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, **********5069 sorğu nömrəli 30.03.2018-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən 1 ədəd “Kato HD- 2045” markalı tırtıllı ekskavator yükünün müvəqqəti idxal müddəti 30.03.2021-ci il tarixdə bitsə də, həmin malın sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilməsi məqsədi ilə "xxxx" ASC tərəfindən müvəqqəti idxal müddəti bitdikdən 1 (bir) ay 25 (iyirmi beş) gün sonra, yəni 25.05.2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə **********4442 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Bununla da "xxxx" ASC-nin barəsində İXM-in 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X6 izahatında göstərdi ki, "xxxx" ASC tərəfindən İXM-in 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Akkord Gəncə-Qazax-Qırmızı körpü (Azərbaycan-Gürcüstan dövlət sərhədi yolu) layihəsinin inşası ilə bağlı 1 ədəd “Kato HD-2045” markalı tırtıllı ekskavator yükü **********5069 sorğu nömrəli 30.03.2018-ci il tarixli gömrük bəyannamsi ilə 1 il müddətinə 30.03.2019-cu il tarixədək müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirmişdir. Tikinti layihəsi davam etdiyi üçün "xxxx" ASC tərəfindən 06.03.2020-ci il tarixli, 24/24/006768 saylı məktubla Bakı Baş Gömrük İdarəsinə müraciət edilmiş, qeyd edilən gömrük bəyannaməsi ilə bəyan edilmiş malın idxal müddəti 30.03.2021-ci il tarixədək daha 1 il müddətinə uzadılmışdır. Baş Gömrük İdarəsi qeyd olunan malların müvəqqəti idxal müddətinin bitməsi barədə Akkorda vaxtında xəbərdarlıq məktubu göndərməmiş, eləcə də Baş Gömrük İdarəsində inzibati xəta hadisəsinin araşdırılması zamanı 26 aprel 2021-ci il tarixdə Akkordun nümayəndəsi X3 izahat alınarkən idxal müddətinin uzadılmasının mümkünlüyü barədə məlumat verməmişdir. Gəncə-Qazax-Qırmızı körpü (Azərbaycan- Gürcüstan dövlət sərhədi yolu) layihəsinin inşası hazırda da davam edir, layihənin inşası başa çatmadığı üçün qeyd olunan texnikaya hələ ehtiyac vardır. Ona görə də "xxxx" ASC idxal müddətinin daha 1 il uzadılması barədə 14.06.2021-ci il tarixli məktubla Baş Gömrük İdarəsinə müraciət etmişdir. Yazılı izahatı təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09.04.2021-ci il tarixli raportdan görünür ki, "xxxx" ASC tərəfindən **********5069 saylı GB ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin ASC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır; Gömrük Xidmətinin Vahid X1 çıxarışdan görünür ki, 1 ədəd “Kato HD-2045” markalı, KWJ87701C80005624 şassi/ban nömrəli tırtıllı ekskavator yükünün müvəqqəti idxal müddətinin son tarixi 30.03.2021-ci ildir; 25.05.2021-ci il tarixli, **********4442 sorğu nömrəli GB-dən görünür ki, 1 ədəd “Kato HD-2045” markalı, KWJ87701C80005624 şassi/ban nömrəli tırtıllı ekskavator yükünün sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilməsi məqsədi ilə "xxxx" ASC tərəfindən 25.05.2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə gömrük bəyannaməsi təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, **********5069 sorğu nömrəli 30.03.2018-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən 1 ədəd “Kato HD-2045” markalı tırtıllı ekskavator yükünün müvəqqəti idxal müddəti 30.03.2021-ci il tarixdə bitsə də, həmin malın sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilməsi məqsədi ilə "xxxx" ASC tərəfindən müvəqqəti idxal müddəti bitdikdən 1 (bir) ay 25 (iyirmi beş) gün sonra, yəni 25.05.2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə **********4442 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Bununla da "xxxx" ASC tərəfindən İXM-in 499.1.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikadsı Gömrük Məcəlləsinin: 40-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər; 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır; 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır; 148-ci maddəsinə əsasən gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək bəyannaməçinin vəzifəsidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 499.1 və 499.1.3-cü maddələrinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" ASC-nin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1510/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1510/2021
15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver