Məhkəmə qərarları › İş №3(005)-1513/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1513/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1513/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rza-zadənin 26 aprel 2023-cü il tarixli qərarından və 07 may 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə saat 16.10 radələrində etibarnamə ilə idarə etdiyi Toyota Corolla markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən «Azpetrol» YDM-nin qarşısında geriyə hərəkət edərkən, ehtiyatsızlıqdan piyada qismində olan X3 vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ərizə verərək zərəçəkmiş şəxsə 250 manat ödəniş etdiyini, hər ay 150 manat ödəyəcəyini bildirmişdir. Göstərilənləri nəzərə alıb barəsində daha yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında ərizə verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən ona 250 manat ödənilmişdir. Qalan zərəri də hissə-hissə ödəməyə söz vermişdir. Hal-hazırda şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı izahatı alınmış Şəxs göstərmişdir ki, xx.xx.2023- cü il tarixdə saat 16.10 radələrində o etibarnamə ilə idarə etdiyi Toyota Corolla markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən «Azpetrol» YDM-nin qarşısına gəlib saxlamışdır.Bir neçə dəqiqədən sonra avtomobilini saatda 5-7 km sürətlə geriyə verərkən avtomobilin arxa sağ baqaj hissəsinə bərk zərbə səs eşitmiş və maşını dərhal saxlayıb maşından düşdükdə bir nəfər orta yaşlı şəxs dizi üstə yerdə oturmuş vəziyyətdə olduğunu görmüşdür.O həmin şəxsə nə olduğunu soruşduqda sonuncu onun avtomobili geriyə verərkən onu vurduğunu bildirmişdir.O həmin şəxsə köməklik edib onu öz avtomobilinə əyləşdirib xəstəxanaya aparmağını ona təklif etmişdir,lakin həmin şəxs onunla razılaşmayıb maşından düşüb başına oyun açdıracağını deyərək piyada yoluna davam etmişdir.O piyadanı geri səsləsədə sonuncu ona əhəmiyyət verməyib yoluna davam edərək çıxıb getmişdir. Aparılan təhqiqat araşdırması zamanı X10 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən «Azpetrol» YDM-nin qarşısından piyada keçib üzü Ayna Sultanova istiqamətinə doğru piyada gedərkən qəflətən bel hissəsinə bərk zərbə dəymiş və o yerə yıxılmışdır.Onu geriyə hərəkət edən markası yadından qalmadığı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. Bundan 2-3 dəqiqə sonra sürücü ona yaxınlaşıb telefonla danışaraq üzrxahlıq etmişdir.O sürücünün idarə etdiyi avtomobilə əyləşib onu evə aparmağını xahiş etmişdir. Lakin sürücü ona məhəl qoymayıb onu Çeremet körpüsü tərəfə aparıb guya dostunun gələcəyini bildirib əsassız fikirlər səsləndirib ona heç bir köməklik göstərməmişdir. O da avtomobildən düşüb öz yoluna davam etmişdir. Həmin şəxs ona öz anqket məlumatlarını verməmişdir. O sürücüdən şikyətçidir və ona dəymiş ziyanın ödənilməsini tələb edir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Zaur Axundov tərəfindən tərtib edilmiş HK-1N 321/102-1201/ nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:27-də DİN-in 102 Xidməti-zəng Mərkəzinə müraciət edən vət. X8 məlumat verərək, Z.Bünyadov pr-də Toyota markalı **-XH-*** d.q.n-lı avtomobilin onun atası X3 vuraraq xəsarət yetirməsini bildirdi. 2/8038 saylı xx.xx.2023- cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra H” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD 113313 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs BC kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X7 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 369 saylı xx.xx.2023-cü il tarixli rəyinə əsasən, X2 aşkar edilmiş xəsarətlər-qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, bel-oma nahiyəsinin bağ aparatının gərilməsi, sol aşıq baldır oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan sol ayağın topuq nahiyəsinin bağ aparatının gərilməsi, döş qəfəsinin küt travması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən qeyd olunan xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamığın qısa müdətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar