Məhkəmə qərarları › İş №3(005)-1513/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1513/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1513/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin yol-nəqliyyat hadisələri üzrə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1963-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09 radələrində sürücülük hüququ olmadan idarə etdiyi Vaz 21063 markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillə Ziya Bünyadov prospektində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozaraq Azadlıq prospekti istiqamətində olan X2 idarə etdiyi Lexus markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə Lexus markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobilin sahibi zərərçəkmiş Aynurə Rəhimovaya 6000 (altı min) manat məbləğində maddi zərər dəymişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2023-cü il qeydiyyat tarixli BB468914 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Lexus markalı 90-CT- 945 dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ ilə X3 məxsusdur. “Qarabağ Nemətləri” Kooperativinin arayışından görünür ki, Lexus markalı 90-CT- 945 dövlət nömrə nişanlı avtomobilə 6000 (altı min) manat məbləğində ziyan dəymişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 - 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 227- 1, 229, 249, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387-388-1, 394.0.5 (açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1-1, 398, 399, 401 - 404, 406 - 409, 410.3, 411- 1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442, 443.1, 445-1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464 - 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 517-1, 520, 523, 525 - 535, 537.1, 538-1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 592-1, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599-602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar