Məhkəmə qərarları › İş №3(005)-1518/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1518/2021

05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1518/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar - X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Donetsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 05 iyul 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. 05 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-562/2019 nömrəli, 29.01.2019-cu il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Beləliklə, barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 05 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, Şəxs icra sənədinin icrasından məlumatsız olması barədə dəlilləri tam əsassızdır. Belə ki, 16.10.2019-cu il tarixdə Şəxs Nərimanov rayon İcra Şöbəsində olmuş, bu zaman ona icraata başlamaq haqqında qərar və bildiriş təqdim olunmasına baxmayaraq o, bunu qəbul etməkdən imtina etmiş və şöbədən uzaqlaşaraq çıxıb getmişdir. Həmçinin, Şəxs özü 24.04.2019-cu il tarixdə Nərimanov rayon İcra Şöbəsinə ərizə ünvanlayaraq icra işi üzrə icraatın dayandırılmasını xahiş etmişdir ki, bu da öz növbəsində onun icradan tam məlumatlı olduğunu göstərir. Məhkəmə iclasında iştirak edən tələbkar X3 izahatında göstərdi ki, borclu qərəzli olaraq icra sənədinin icrasından yayınır. 2 ildir ki, borclunu tapa bilmir. Şəxs şikayətçidir. Bunu nəzərə alaraq borclunun barəsində ən sərt inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, icra məmuru tərəfindən ona icraata başlamaq haqqında qərar və bildiriş göndərilməmişdir. İcradan məlumatsız olmuşdur. Hazırda borcunu tam ödəmək imkanı yoxdur. Lakin, borcunu hissəhissə ödəyə bilər. İcra sənədinin icrasından isə qərəzli olaraq yayınmır. Odur ki, məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-562/2019 nömrəli, 29.01.2019cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 20.000 (iyirmi min) ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat ilə) borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı X1 xeyrinə ödənilməlidir; “İcraata başlamaq haqqında” 15.03.2019-cu il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında 46287/2019-15-12 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-562/2019 nömrəli, 29.01.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; 10.04.2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmurları Rafail Səfərov, Babək Qarayev və Azər Əliyev icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun qeydiyyatda olduğu ünvan 3 ünvanında olmuşlar. Məlum olmuşdur ki, borclu faktiki olaraq həmin ünvanda yaşamır; 16.10.2019-cu il tarixli Rafail Səfərov, Sevinc Qurbanova, İmran Cəfərquliyev və Azər Əliyevin iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu şöbəyə çağırılmışdır. Borclu şöbəyə gəlmiş və ona icraata başlamaq haqqında qərar bildirişlə birlikdə təqdim edilmişdir. Şəxs icraata başlamaq haqqında qərarı qəbul etməkdən imtina etmişdir. İcra məmurunun qanuni tələblərinə riayət etməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin borclu şöbəni tərk edərək uzaqlaşmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-758/2021 nömrəli, 06.11.2019cu il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-562/2019 nömrəli, 29.01.2019-cu il tarixli icra vərəqəsinin icrasının təmini istiqamətində borclu Şəxs məxsus “Jeep Cherokee” minik markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur; 13 aprel 2021-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir; Şəxs tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə ünvanlanmış 24.04.2019-cu il tarixli ərizədən görünür ki, o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-562/2019 nömrəli, 29.01.2019-cu il məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək üçün iş üzrə icranın dayandırılmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq icra sənədlərini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında borclu Şəxs “İcraata başlamaq haqqında” 15.03.2019-cu il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında 46287/2019-15-12 nömrəli bildirişin surətini almadığı bildirsə də, onun Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə 24.04.2019-cu il tarixdə iş üzrə icra hərəkətlərinin dayandırılması barədə ünvanlandığı ərizədən aydın olur ki, borclu Şəxs icra sənədinin icrasından məlumatlı olmuş və icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi qənaətinə gəlir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 05 iyul 2021-ci il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar