Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1520/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X5 Xidmətinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 354.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X5 Xidmətindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X5 Xidmətindən daxil olmuş 14 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Z.Bünyadov prospektinin kəsişməsində (Polis Alayının yanı) Şəxs tərəfindən alınmış texniki şərtlərinə əməl etmədən avtomobil yolunda kommunikasiya xətti (rabitə xətti) çəkməklə yol hərəkəti təhlükəsizlik qaydalarını pozmuşdur. Bununla da Şəxs İXM-in 354.0.2-ci nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X5 Xidmətinin nümayəndəsi Nümayəndə etiraz təqdim edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində (X10 yanı) avtomobil yolunun hərəkət hissəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması, yəni alınmış icazənin şərtlərinə əməl edilmədən kommunikasiya xətti (rabitə xətti) çəkərək inzibati xəta hadisəsinə yol verildiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin tələblərinin pozulması səbəbindən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 14 may 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, Azərbaycan Avtomobil Yolları, Dövlət Agentliyi, X5 Xidməti (AAY DA AYMX) tərəfindən, tərtib edilmiş 14 may 2024-cü il tarixli, M№2093552 saylı İnzibati xəta haqqında qanunvericiliyin tələblərinin pozulmasına dair protokol əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilə bilməz. Sözügedən protokol üzrə görülmüş iş, layihə sənədləri əsasında görülmüş və bu işin görülməsi ilə bağlı AAY DA tərəfindən verilmiş 13 may 2024-cü il tarixli, №11-1/2-4001- 8/2024 saylı texniki şərt əsasında təmin edilmişdir. Müraciətə dair hadisəni təsdiq edən 14 may 2024-cü il tarixli akt, birtərəfli maraqlı şəxs tərəfindən təsdiq edilmiş və ərazi üzrə qeyri səlahiyyətli təşkilatın nümayəndəsi tərəfindən təsdiq edilməmişdir. ”BTR’’ MMC-nin əməkdaşı X1 №02471 saylı vəsiqəsinin surətinin haradan əldə edilməsini təsdiq edən sənəd olmadığı halda sübut növü olaraq işə əlavə edilməsi sübut kimi qiymətləndirilə bilməz. AAY DA AYMX tərəfindən 15 may 2024-cü il tarixdə, №11-1/2-222-125/2024 saylı məktubla inzibati xətaya dair protokol "xxxx" MMCə göndərildiyi tarixdə, yuxarıda qeyd edilən həmin tarixdə (xx.xx.2024-cü il) müraciətlə məhkəməyə təqdim edilmişdir. Müraciətə sübut kimi təqdim edilmiş texniki şərtdə qeyd edilən hallara tərəflərindən riayət olunmuşdur. Yolun hərəkət hissəsi hasarlanma dedikdə AAY nəyi nəzərdə tutduğu qeyd edilməsə də, həmin ərazi xüsusi qırmızı xətlərlə rənglənmiş lent vasitəsilə hasara alınmış, fotonun hansı istiqamətdən çəkilməsi və bu fotoları çəkmək səlahiyyəti olan şəxsin kimliyi qeyd edilməsə də, bəzi fotoların qərəzli çəkilməsi aydın görünməkdədir. Lakin, etiraza əlavə edilmiş fotodan aydın görünür ki, qazıntı aparılan əraziyə xüsusi xəbərdarlıq nişanları qoyulmuşdur. Avtomobillərin təhlükəsiz hərəkət etmələri üçün yaradılmış şərait həmin fotodan aydın görünmüşdür. AAY tərəfindən həmin yolun texniki şərtdən kənarlaşma ilə kəsilməsini təsdiq edən sübut işə əlavə edilməmişdir. İşə əlavə edilmiş fotoların hansı tarixdə, hansı ünvanda çəkildiyini təsdiq edən sübut qeyd edilməmişdir. Videogörüntülərdə isə şəxslərin razılığı olmadan çəkilməsi qanunsuzdur. Akt birtərəfli qaydada təsdiq edildiyindən, həmin şəxslər məhkəməyə cəlb edilməli və aktda qeyd edilənləri sübut etməli, fotoqraf və videoçəkliş aparan şəxsin adı,soy adı və ata adı göstərilməklə işə cəlb edilməli və bu işlərin aparılmasını kim tərəfindən səlahiyyət verildiyini əsaslandırmalı və bu barədə vəzifə təlimatı və ya daxili əmr məhkəməyə təqdim edilməlidir. Qazıntı işləri xüsusi texniki şərt əsasında və AAY-ın əməkdaşlarının iştirakı ilə aparılmış və xüsusi hallar yerində razılaşdırılmışdır. Qazılmış sahənin ölçüsü kiçik olduğundan, özüqazan texnikanın həmin ərazidə qazıntı işlərinin aparılması mümkün olmadığından, qazıntı işləri əl ilə aparılmış və birbaşa yük avtomobilinin platformasına atılması mümkün olmadığından, nəqliyyatın gediş-gəlişinə maneə olmadan yük avtomobilinə yüklənərək aidiyyəti əraziyə aparılmışdır. Görülən işlər texniki şərtdən kənarlaşma olmadan aparlmışdır. Bu halda İXM-nin 354.0.2-ci maddəsinə əsaslanmaq əsassızdır. Şəxs nümayəndəsi X6 inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati qaydada təhbeh edilməlidir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şəxs Baş direktor vəzifəsini müvəqqəti icra edən Tural Pirverdiyevə ünvanlanan №11-1/2-4001-8/2024 saylı, 13 may 2024-cü il tarixli müvafiq icazənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində, (X10 yanı) (yolun səki hissəsində- 2 yerdə 1 metr olmaqla) yerləşən yararsız kabel xətlərinin bərpası məqsədilə qazıntı işlərinin aparılmasına razılıq verilməsi barədə edilmiş müraciətə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin icrası məcburi olan texniki şərtlərini (tələblərini) təqdim olunur: - yolun hərəkət hissəsində qazıntı aparılacaq sahə hasarlanmalı, xəbərdarlıq nişanları qoyulmalı, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunmalıdır; - qazıntı işlərinə, xəndəyin qırmadaş, diş ələntisi, qum qarışığı ilə doldurulması və asfaltbeton-örtüyünün bərpa olunması üçün müqavilə, görüləcək bərpa işlərinin ödənilməsini təsdiq edən sənəd “X5 Xidmetfnin, "xxxx" MMC-nin nümayəndələrinə təqdim olunduqdan və ictimai nəqliyyatın hərəkətini tənzimləmək məqsədi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müvafiq məlumat verildikdən sonra başlanılmalıdır; - asfalt-beton örtük qayakəsən maşınla- düzbucaqlı şəklində kəsilməli, xəndək qazıldıqca çıxarılan torpaq birbaşa maşınlara yüklənilərək kənara daşınmalı yə bu torpaqdan təkrarən xəndəyin doldurulmasında istifadə edilməməlidir; - Bakı şəhəri ərazisində yerləşən prospekt və küçələrdə Nəqliyyat» X2 aid kabellərin olduğunu nəzərə alaraq, qazıntı işlərinə başlamazdan əvvəl müvafiq razılıq alınmalıdır; - kabel xətti təmir edildikdən sonra xəndək yalnız qırmadaş, daş ələntisi və qum qarışığı ilə doldurulmaqla təbəqə-təbəqə kipləşdirilməli, ən azı 20 sm qalınlığında asfalt örtük qoyulmalıdır; - qazıntı-bərpa işləri “X5 Xidmətinin, "xxxx" MMC-nin və Bakı şəhər-Dövlət Yol-Polisi İdarəsinin rəsmi nümayəndələrinin nəzarəti altında "xxxx" MMC-nin vəsaiti hesabına bir iş günüərzində başa çatdırılmalıdır; - qazıntı işləri başa çatdıqdan və asfalt örtük bərpa olunduqdan sonra yolun iş görülən sahələri “X5 Xidməti» və "xxxx" MMC-yə aktla, rəsmi qaydada təhvil verilməlidir; - verilmiş texniki şərt qeydiyyata düşmə günündən sonra 3 (üç) təqvim günü müddətində qüvvədədir; Texniki şərtlərdən hər hansı biri pozularsa, razılıq öz hüquqi qüvvəsini itirir və "xxxx" MMC qanunla, müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İş materiallarında olan 14 may 2024-cü il tarixdə tərtib olunmuş Aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Z.Bünyadov prospektinin kəsişməsində (Polis Alayının yanı) Şəxs tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş №11-1/2-4001-8/2024 saylı, 13 may 2024-cü il tarixli müvafiq icazənin (texniki şərtin) tələblərinə əməl etmədən avtomobil yolunda kommunikasiya xətti (rabitə) çəkməklə uzunluğu -1.20 metr, eni -1 metr olmaqla qazıntı işləri aparılmışdır. Aparılmış qazıntı işləri nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli, 11-1/2-4001-8/2024 saylı müvafiq icazənin (texniki şərtin) aşağıdakı tələbləri pozulmuşdur:
1. Qazıntı aparılacaq sahə hasarlanmamış, xəbərdarlıq nişanları qoyulmamışdır.
2. Asvalt-beton örtük qayakəsən maşınla kəsilməmiş, xəndəkdən çıxarılan torpaq maşınlara yüklənərək kənara daşınmamış və həmin torpaqdan xəndəyin doldurulması üçün istifadə edilmişdir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: 14 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11-ci fəsli maddə (61-74) inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları, onların hüquq və vəzifələri izah edilmişdir. BAKİ TELEFON RABİTƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 saylı Rabitə Xidmətləri Mərkəzinin mühəndisi X4 14 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu almaqdan və imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 354.0-ci maddəsinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni: 354.0.1-ci maddəsinə əsasən yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına; 354.0.2-ci maddəsinə əsasən geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə; 354.0.3.-cü maddəsinə əsasən daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına; 354.0.4-cü maddəsinə əsasən yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına; 354.0.5-ci maddəsinə əsasən avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsinə, həmçinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam və digər məlumat qurğularının yerləşdirilməsinə; 354.0.6-ci maddəsinə əsaən dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə; 354.0.7-ci maddəsinə əsasən bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə; 354.0.8-ci maddəsinə əsasən təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarət aparılmasına, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsinə, yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsinə; 354.0.9-cu maddəsinə əsasən yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə; 354.0.10-cu maddəsinə əsasən tırtıllı, uzunölçülü, iriqabaritli, ağırçəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə, avtomobil yoluna və ya yolda yerləşdirən qurğulara müdaxilə edilməsinə görəfiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Z.Bünyadov prospektinin kəsişməsində (Polis Alayının yanı) Şəxs tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş №11-1/2-4001-8/2024 saylı, 13 may 2024-cü il tarixli müvafiq icazənin (texniki şərtin) tələblərinə əməl etmədən avtomobil yolunda kommunikasiya xətti (rabitə) çəkməklə uzunluğu -1.20 metr, eni -1 metr olmaqla qazıntı işləri aparılmışdır. Aparılmış qazıntı işləri nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli, 11-1/2-4001-8/2024 saylı müvafiq icazənin (texniki şərtin) tələbləri pozulmuşdur. Bu fakt iş materiallarına əlavə edilmiş foto-şəkillər ilə də təsdiq olunur. Bununla da, Şəxs tərəfindən İXM-nin 354.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, “Şəxs hərəkətlərində İXM-nin 354.0.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3.000 (üç min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Gültəkin Əsədova