Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1529/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən Şəxs ASC-nin barəsində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AP ******* nömrəli 13 iyun 2021-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına əlavə edilmiş poçt qəbzindən ümumiyyətlə sorğunun göndərilməsi və yaxud hər hansı digər sənədin göndərilməsi müəyyən edilmir. Bundan başqa məhkəmə bildirir ki, iş materiallarında olan poçt xəbərnaməsinin surətindən məktubun hansı ünvana göndərilməsi müəyyən olunmur. Məhkəmə, həmin xəbərnaməyə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından Şəxs ASC barəsində İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Göstərilənləri və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1529/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1529/2021
08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver