Məhkəmə qərarları › İş №3(005)-1553/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1553/2020

05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1553/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli xx xxx 2020-ci il tarixli qərarına əsasən onun, yəni “Sanofi-Aventis Qrup” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri tərəfindən Hüseynov Ramil Zöhrab oğluna məzuniyyət haqqının hesablanmasında qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.4cü maddəsinə əsasən 1.000 manat məbləğində cərimə edilmişdir. Onun xx xxx 2020-ci il tarixli Qərardan verdiyi şikayət AR ƏƏSMN yanında DƏMX-nin QYB-001/20 nömrəli xx xxxx 2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. Belə ki, DƏMX Həsənova Nərgizin şikayətində göstərilən dörd dəlildən heç birini araşdırmamış, həmin dəlillərin heç birinə öz qərarında hüquqi qiymət verməmiş, həmin dəlillərlə razılaşmamağının səbəblərini öz qərarında qeyd etməmişdir. O, DƏMX-ya təqdim etdiyi şikayətində xx xxx 2020-ci il tarixli Qərarın ləğv edilməsi üçün dörd əsas göstərmişdir. Şikayətində bildirmişdir ki, inzibati orqan İXM-in 60.1. 60.3 və 60.4-cü maddələrinin tələblərini pozaraq onu inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla tələb olunan qaydada xəbərdar etməmişdir. xx xxx 2020-ci il tarixdə keçirilmiş baxış iclası barədə bildiriş yalnız xx xxxx 2020-ci il tarixdə poçt vasitəsi ilə ona təqdim edilmişdir. Lakin, DƏMX onun bu dəlilini araşdırmamış və ona heç bir hüquqi qiymət verməmişdir. O, DƏMX-ya təqdim etdiyi şikayətində qeyd etmişdir ki, inzibati orqan İXM-in 61.3-cü maddəsinin tələblərini pozaraq onun iştirakı olmadan işə baxaraq xx xxx 2020-ci il tarixli Qərarı qəbul etmişdir. O, işçinin əmək məzuniyyəti üçün əmək haqqının Əmək Məcəlləsinin 140.3-ci maddəsinin tələblərinə uyğun şəkildə və Nazirlər Kabinetinin 137 saylı xx xxxxxx 1999-cu il tarixli Qərarını nəzərə almaqla hesabladığından, İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Lakin DƏMX bu dəlili də araşdırmamış və ona heç bir hüquqi qiymət verməmişdir. Həmçinin şikayətdə bildirmişdir ki, hətta onun tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab olunsa belə, inzibati tənbehin tətbiq edilməsi üçün İXM-də 38.1-ci maddəsində nəzərdə tutulmuş 3 aylıq müddət bitdiyindən ona inzibati tənbeh tətbiq edilə bilməz. Lakin yenə də bu hal da DƏMX tərəfindən araşdırılmamış və ona heç bir hüquqi qiymət verilməmişdir. Əmək məzuniyyəti üçün əmək haqqının hesablanması Əmək Məcəlləsinin 140.3-cü maddəsi və Nazirlər Kabinetinin 137 saylı xx xxxxxx 1999-cu il tarixli Qərarı ilə tənzimlənir. Adıçəkilən normativ hüquqi aktlara görə işçiyə əmək məzuniyyətinə görə əmək haqqını hesablamaq üçün işəgötürən əmək məzuniyyətinin verildiyi aydan əvvəlki 12 ay ərzində işçinin aldığı ödənişlərin cəmini 12-yə bölməklə orta aylıq əmək haqqını tapmalı, daha sonra orta aylıq əmək haqqını 30.4-ə bölərək orta günlük əmək haqqını müəyyən etməli və nəhayət orta günlük əmək haqqını əmək məzuniyyəti günlərinin sayına vurmalıdır. Bu hesablama əməliyyatları nəticəsində alınmış məbləğ işçiyə ödənilməlidir. Nümayəndəliyin keçmiş işçisi Hüseynov Ramil Zöhrab oğlu xx.xx.2019-xx.xx.2019 tarixlərdə əmək məzuniyyətində olmuşdur. Nümayəndəlik qeyd edilən əmək məzuniyyəti dövrü üçün əmək haqqını hesablamaqdan ötrü məzuniyyətin verildiyi aydan əvvəlki 12 ay ərzində işçinin aldığı ödənişlərin cəmini müəyyən etmiş, həmin cəm məbləğini 12-yə bölmüş və daha sonra alınmış məbləği 30,4-ə bölərək Hüseynov Zöhrab Ramil oğlunun bir günlük orta aylıq əmək haqqını müəyyən etmişdir. Sonda isə Nümayəndəlik Hüseynov Zöhrab Ramil oğlunun bir günlük orta aylıq əmək haqqını əmək məzuniyyəti günlərinə vuraraq əmək məzuniyyəti üçün ödənilməli olan haqqın məbləğini hesablamışdır. Əmək məzuniyyətinə görə əmək haqqının hesablanması zamanı xx.xx.2019-xx.xx.2019 tarixlərinə aid xəstəlik vərəqələri üzrə müavinət məbləğinin nəzərə alınmaması məsələsinə gəldikdə isə qeyd edir ki, xx.xx.2019, xx.xx.2019 tarixlərinə aid xəstəlik vərəqələri üzrə müavinət Hüseynov Ramil Zöhrab oğluna 2019-cu ilin dekabr ayında ödənilmişdir. Əmək qanunvericiliyinə əsasən isə əmək məzuniyyətinə görə əmək haqqı hesablamaqdan ötrü işəgötürən yalnız və yalnız “dekabr 2018 - noyabr 2019” dövrü ərzində işçiyə ödənilmiş məbləğləri nəzərə almalı idi. xx.xx.2019 - xx.xx.2019 tarixlərinə aid xəstəlik vərəqələri üzrə müavinət isə həmin 12 aylıq dövr ərzində deyil, həmin dövrdən sonra ödənilmişdir. xx.xx.2019xx.xx.2019 tarixlərinə aid xəstəlik vərəqələri üzrə müavinətin işçiyə hansı səbəbdən 2019cu ilin dekabrında ödənilməsi məsələsinə gəldikdə isə qeyd edir ki, işçi həmin dövr üzrə xəstəlik vərəqələrini nümayəndəliyə yalnız və yalnız xx xxxxxx 2019-cu il tarixdə təqdim etmişdir və nümayəndəlik də ayın sonunda ona təqdim edilmiş xəstəlik vərəqələri üzrə müavinəti haqlı olaraq növbəti ay işçiyə ödəmişdir. Qanunvericilikdə xəstəlik vərəqələri üzrə müavinətin işəgötürən tərəfindən işçiyə hansı müddət ərzində ödənilməsi məsələsi qanunvericilikdə müəyyən edilməmişdir. Bu səbəbdən həmin müavinət işçiyə ağlabatan müddət ərzində ödənilməlidir. Xəstəlik vərəqələri üzrə müavinətin hesablanması müəyyən bir vaxt tələb edən prosesdir. Hesab edir ki, xx xxxxxx 2019-cu il tarixdə təqdim edilmiş xəstəlik vərəqələri üzrə müavinətin işəgötürən tərəfindən xx xxxxxx 2019-cu il tarixdə ödənilməsi ağlabatan müddət ərzində olmuşdur. Əmək Məcəlləsinin 140.2-ci maddəsinin tətbiqi məsələsinə gəldikdə isə bildirir ki, həmin maddəyə əsasən Hüseynov Ramil Zöhrab oğluna əmək məzuniyyətinə görə əmək haqqının hesablanması tətbiq edilməzdir. Belə ki, adıçəkilən maddədə qeyd edilir ki, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. X4 Zöhrab oğlunun isə xx xxxxxx 2019-cu il tarixinə Nümayəndəlikdə 8 ildən artıq iş stajı olmuşdur, halbuki Əmək Məcəlləsinin 140.2-ci maddəsində söhbət 12 təqvim ayından az işləmiş işçidən danışılır. Əmək məzuniyyətinə görə əmək haqqının hesblanması Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirildiyindən, burada İXM-in 192.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmamışdır. Buna görə özündə X2 tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini ehtiva edən xx xxx 2020-ci il tarixli Qərar tamamilə əsassız hesab edir. İXM-in 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməlidir. İXM-in 134.1.3-cü maddəsinə görə inzibati xəta hadisəsinin olmadığı təqdirdə şikayətə baxan yuxarı səlahiyyətli orqan qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Hətta əgər onun tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab olunsa belə, ona həmin inzibati xətaya görə inzibati tənbeh tətbiq edilə bilməz, çünki inzibati tənbehin tətbiq edilməsi üçün İXM-də nəzərdə tutulmuş 3 aylıq müddət bitmişdir. X2 əmək məzuniyyətinə görə əmək haqqını işçiyə xx xxxxxx 2019-cu il tarixdə ödəmişdir. DƏMX iddia edir ki, o, işçiyə xx xxxxxx 2019-cu il tarixdə ödədiyi əmək məzuniyyətinə görə əmək haqqını düzgün hesablamamış və düzgün ödəməmişdir. Başqa sözlə DƏMX iddia edir ki, İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi xx xxxxxx 2019-cu il tarixdə baş vermişdir. Hətta əgər o, xx xxxxxx 2019-cu il tarixdə İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab olunsa belə ona intizam tənbehi ən geci xx xxxx 2020-ci il tarixinədək verilə bilərdi. Lakin, o, İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə törədildiyi iddia edilən inzibati xətanın törədilməsi tarixdən 5 ay sonra (yəni xx xxx 2020-ci il tarixdə) inzibati qaydada cərimə edilmişdir. Beləliklə, törədildiyi iddia edilən inzibati xətanın törədilməsi tarixindən 5 ay sonra onu inzibati qaydada cərimə etməklə DƏMX İXM-in 38.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. İXM-in 53.0.6-cı maddəsinə görə inzibati təhbehin verilməsi üçün nəzərdə tutulmuş müddət başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraata isə xitam verilməlidir. İXM-in 134.1.3-cü maddəsinə görə inzibati təhbehin verilməsi üçün nəzərdə tutulmuş müddətin başa çatdığı təqdirdə şikayətə baxan yuxarı səlahiyyətli orqan qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Odur ki, göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə X1 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1685/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə “Sanofi-Aventus Qrup” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri X1 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xətaya dair iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş şəxs və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüseynov Ramil Zöhrab oğlu xx.xx.2019-cu il tarixdə ərizə ilə “Sanofi-Aventis Qrup” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərinə müraciət edərək 2019-cu ilin 4 dekabr tarixindən xx xxxxxx 2019-cu il tarixinədək növbəti əmək məzuniyyətə çıxmasına icazə verilməsi xahiş etmişdir; xx xxxxxx 2019-cu il tarixli 09 M/19 nömrəli əmrdən görünür ki, “Sanofi-Aventis Qrup” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Region üzrə menecer vəzifəsində işləyən Hüseynov Ramil Zöhrab oğluna xx.xx.2019-xx.xx.2020-ci il iş ili üçün xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində (xx.xx.2019-cu il də daxil olmaqla) 18 təqvim günü müddətinə növbəti əsas əmək məzuniyyəti verilmişdir; xx.xx.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Hüseynov Ramil Zöhrab oğluna 3030.64 manat məbləğində pul ödənilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin MN seriyalı ******* nömrəli xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, “Sanofi-Aventis Qrup” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri X2 Bakı şəhəri Nobel prospekti 25E ünvanında yerləşən “Sanofi-Aventis Qrup” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində Ramil Zöhrab oğlu Hüseynovun məzuniyyət hüququnun pozulmasında qanun pozuntusuna yol vermişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx xxx 2020-ci il tarixli MN nömrəli 046470 nömrəli qərarından görünür ki, “Sanofi-Aventis Qrup” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri X2 İXM-in 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 139-cu maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: İXM-in: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; Qeyd edilən normalardan göründüyü kimi, İXM-in 192.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün işəgötürən tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140.3-cü maddəsinə əsasən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Hüseynov Ramil Zöhrab oğlunun əmək məzuniyyəti üçün ödənilməli olan məbləğ hesablanarkən şikayətçinin təqdim etdiyi xəstəlik vərəqələri ilə əlaqədar ödənilməli olan müavinətin məbləği məzuniyyət pulu hesablaması zamanı nəzərə alınmamışdır. Belə ki, “Sanofi-Aventis Qrup” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Hüseynov Ramil Zöhrab oğlu xx.xx.2019-xx.xx.2019 tarixlərdə olan əmək məzuniyyəti dövrü üçün əmək haqqını hesablamaqdan ötrü məzuniyyətin verildiyi aydan əvvəlki 12 ay ərzində işçinin aldığı ödənişlərin cəmi müəyyən edilərək həmin məbləğ 12-yə bölünmüş, daha sonra alınmış məbləğ 30,4-ə bölünərək Hüseynov Zöhrab Ramil oğlunun bir günlük orta aylıq əmək haqqı müəyyən edilmiş və Hüseynov Zöhrab Ramil oğlunun bir günlük orta aylıq əmək haqqı əmək məzuniyyəti günlərinə vurularaq əmək məzuniyyəti üçün ödənilməli olan haqqın məbləği hesablanmışdır. Müvafiq hesablamalar aparılarkən Hüseynov Ramil Zöhrab oğlunun xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı xəstəlik vərəqələrini xx.xx.2019-cu il tarixdə şirkətə təqdim etməsi nəzərə alınmamış, həmçinin iş materialları ilə xəstəlik vərəqələri üzrə müavinətin bir hissəsinin 2020-ci ilin may ayında ödənilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Göründüyü kimi xəstəlik vərəqələri üzrə müavinətin Hüseynov Ramil Zöhrab oğluna vaxtında ödənilməməsi sonuncuya ödənilməli olan məzuniyyət pulunun xx xxxxxx 2019-cu il tarixdə qanunda nəzərdə tutulmuş qaydada hesablanmamasına, bu hal isə nəticədə şikayətçiyə məzuniyyət pulunun az miqdarda ödənilməsinə səbəb olmuşdur. Yəni, “Sanofi- Aventis Qrup” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən işçinin məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir ki, bu da İXM-in 192.4-cü maddəsinin tərkib hissəsini yaradır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə, həmçinin şikayətdə inzibati xətanın xx xxxxxx 2019-cu il tarixdə törədilməsinə istinad edərək İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətin artıq başa çatması barədə şikayətçinin dəlillərinə dair aşağıdakıları bildirir: İXM-in 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair”x xxxxxxxx 2018-ci il tarixli Qərarından görünür ki, “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati tənbeh təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. İş materiallarından müəyyən olunur ki, şikayətçiyə əmək məzuniyyəti üçün ödənilməli olan məbləğ düzgün hesablanmayaraq 2020-ci ilin may ayınadək davam etmişdir ki, bu isə öz növbəsində “Sanofi-Aventus Qrup” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri tərəfindən törədilməsi ehtimal olunan inzibati xətanın müvafiq inzibati xəta haqqında protokol (xx xxx 2020-ci tarixdə) tərtib olunanadək və səlahiyyətli orqan tərəfindən müvafiq qərarı (xx xxx 2020-ci tarixdə) qəbul olunanadək fasiləsiz olaraq uzanmasına dəlalət edir. Qeyd edilənlər isə “Sanofi-Aventus Qrup” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun tərəfindən törədilən inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçmədiyini təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Sanofi-Aventus Qrup” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri X1 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, X2 tərəfindən verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İXM-in 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İXM-in: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar