Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1556/2020 26.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 16cı PB-nin polis sahə inspektoru X2, zərərçəkmiş şəxs X1, müdafiəçi-Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrdində Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 36 ünvanının qarşısında “xxxxxxxx” şirkətinə məxsus 13 saylı sərnişin avtobusu ilə sürücünün ona maskadan düzgün istifadə etməməsini irad tutduqda o, avtobus sürücüsü vətəndaş V.İ.Həsənovu təhqir edərək onu sillə ilə vurmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə inspektoru X4 izahat verərək göstərdi ki, vətəndaş Şəxs xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrdində Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 36 ünvanının qarşısında “xxxxxxxx” şirkətinə məxsus 13 saylı sərnişin avtobusu ilə sürücünün ona maskadan düzgün istifadə etməməsini irad tutduqda o, avtobus sürücüsü vətəndaş V.İ.Həsənovu təhqir edərək onu sillə ilə vurmuşdur. Buna görə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək özü ilə birlikdə məhkəməyə gətirildiyini bildirərək həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə səhər saatlarında iş yerinə getmək məqsədilə “Şamaxinka” adlanan yerdə 13 saylı avtobusa minmişdir. Hərəkətdə olduqları müddətdə həmin avtobusun sürücüsü yüksək səslə sərnişinlərə maska taxmalarını və ödəniş kartları ilə bağlı iradını bildirmişdir. Bu hərəkət onun sinir sisteminə təsir etmişdir. Təxminən 30 dəqiqə sonra Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən “Asan Xidmət” mərkəzinin qarşısı ilə hərəkətdə olduqları zaman avtobusda olan naməlum qadın sərnişinlə sürücü arasında sözlü mübahisə yaranmışdır. Bundan sonra sürücü ondan maskanı tam olaraq taxmağını istəmişdir. O, sürücünün dediyini etməyəcəyi təqdirdə sürücü avtobusu sürməyəcəyini deyərək, avtobusu saxlamışdır. Bu zaman o, hislərinə hakim olmayaraq sürücüyə yaxınlaşaraq üz nahiyəsinə bir sillə zərbəsi vurmuşdur. Sonda Şəxs törətdiyi əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrində idarə etdiyi “xxxxxxxx” MMC-yə məxsus 13 saylı xətt avtobusu ilə Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən “Asan Xidmət” mərkəzinin qarşısı ilə hərəkətdə olduqları zaman avtobusda olan kişi sərnişinə maskanı tam olaraq taxmağını bildirmişdir. Həmin sərnişin onun iradlarına məhəl qoymadıqda o bildirmişdir ki, maskanı tam olaraq taxmasa avtobusu idarə etməyəcək. Bu zaman həmin sərnişin ona yaxınlaşaraq üz nahiyəsinə bir sillə zərbəsi vurmuşdur. Bundan sonra o, “xxxxxxxx” MMC-yə bu barədə məlumat vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkilləri Vasif Abışov və Elşən Quliyev tərəfindən həmin Bölmənin rəisi Xəyal Şükürova ünvanlanmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə AzTv-nin xəbərlər informasiya buraxılışında yayımlanan videoreportajda “xxxxxxxx” MMC-yə məxsus 13 saylı xətt avtobusunun sürücüsünü H.Əliyev küçəsi 36 ünvanının qarşısında qeyri-etik sözlərlə təhqir edərək üz nahiyyəsinə sillə vuran şəxsin şəxsiyyəti tərəflərindən müəyyən olunmuş və onlar həmin şəxsi saxlamaq üçün onun işlədiyi C.Hacıbəyli küçəsində yerləşən dönərxanaya getmişlər. Dönərxanada olan zaman həmin şəxsə avtobusda baş verənlərlə bağlı izahat vermək üçün onlarla birlikdə 16-cı PB-nə getməli olduqlarını bildirmişlər, lakin həmin şəxs PB-nə getməkdən qərəzli şəkildə imtina edərək polisin qanuni tələnbinə tabe olmadığı üçün onlar ona fiziki güc tətbiq edərək saxlayaraq polis bölməsinə gətirmişlər. Həmin şəxs Şəxsdur. Qeyd etdiklərinin nəzərə alınaraq vətəndaş Şəxs barəsində müvafiq tədbir görülməsi üçün sərəncam verilməsini xahiş etmişlər. “İnzibati qaydada tutma haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 03:10-da inzibati qaydada tutulmuşdur. Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı Allahyar Allahyarlı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət təqibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Tərəflərin çıxışlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Şəxs səs-küy salması və sürücünün üz nahiyəsinə sillə vurması və cəmiyyətə açıqca hörmətsizlik edərək ictimai qaydanı kobud surətdə pozması və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3cü maddəsi nəzərə alınmaqla barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 03:10-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-ə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1556/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1556/2020
26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver