Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1562/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Xaspoladov Orxan Raiq oğlunun iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MMC-nin nümayəndəsi Seydiov İlkin Tofiq oğlunun iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2022-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC 1241761.50 Rusiya rublu məbləğində vəsaiti 31 mart 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1241761.50 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 01 aprel 2022ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Xaspoladov Orxan Raiq oğlu protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MMC-nin nümayəndəsi Seydiov İlkin Tofiq oğlu izahatında göstərmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 02 mart 2020-ci il tarixli, 427/20 nömrəli “Müqavilə” bağlanılmışdır. Göstərilən müqaviləyə əsasən, "xxxx" MMC “Alıcı” "xxxx" MMC-yə müvafiq mallarını satmaq barədə öhdəlik götürmüş və bunun müqabilində “Alıcı” "xxxx" MMC isə müqavilə dəyərinin 30 faizi həcmində “Satıcı”nın bank hesabına avans ödəməsi barədə öz üzərinə öhdəlik götürmüşdür. Nəticədə “Alıcı” "xxxx" MMC “Satıcı” "xxxx" şirkətinə müqavilə şərtlərinə əsasən göstərilən avans məbləği ödəmiş, lakin həmin ödənişə əsasən göndərilməli olan “Mallar” “Alıcı’ya “Satıcı” tərəfindən göndərilməmişdir. "xxxx" MMC-yə qarşı xüsusilə külli miqdarda dələduzluq cinayəti özünü bir çox əməllərdə aydın şəkildə ifşa edir. "xxxx" MMCqeyd olunan cinayətkar əməllə üzləşdikdən sonra Rusiya Federasiyasının vəkili ilə “Hüquqi xidmətlərin göstərilməsinə” dair xx.xx.2020-ci il tarixli “Müqavilə” bağlamış və qeyd olunan vəkil tərəfindən müvafiq orqanlara müraciətlər edilmişdir. xx.xx.2020-ci il tarixdə satıcı barədə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 165.1-ci maddəsi üzrə dələduzluq cinayəti barədə məhkəməyədək təhqiqat başlanılmışdır. Təəssüflər olsun ki, göstərilən məsələ ilə bağlı təhqiqat başlanılsa da, “Alıcı” "xxxx" MMC-yə qarşı xüsusilə külli miqdarda dələduzluq cinayəti törətmiş cinayətkar şəxslər hazırkı vaxtadək məsuliyyətə cəlb edilməmişlər. Qeyd olunmalıdır ki, tərəflərindən göstərilən cinayət hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna da müraciət edilmiş və AR-nın Baş Prokurorluğu baş vermiş hadisə ilə bağlı AR-nın Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə (xüsusilə külli miqdarda ziyan vurulduqda) cinayət işi başlamış, "xxxx" MMC zərərçəkmiş hüquqi şəxs qismində tanımış, həmçinin göstərilən cinayət hadisəsini törədən şəxslərin dairəsinin müəyyən edilməsi ilə əlaqədar müvafiq istintaq hərəkətlərinin aparılmasından ötəri aidiyyəti üzrə Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət etmişdir. Göründüyü kimi, "xxxx" MMC tərəfindən həyata keçirilən ödəniş dələduz şəxslərin cinayətkar əməlləri nəticəsində mənimsənilmiş və ödənişin müqabilində göndərilməli olan “Mallar” “Alıcı’nın ünvanı olan Azərbaycan Respublikasına göndərilməmişdir. Bununla da "xxxx" MMC-nin bu məsələdə hər hansı bir təqsirinin olmaması müəyyən edilir. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli, EP seriyalı ******* nömrəli “Protokol” tərtib edilərkən "xxxx" MMC-nin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr şirkətin müvafiq nümayəndəsinə izah edilməmişdir və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Həmçinin həmin “Protokol” şirkətin müvafiq səlahiyyətli şəxsi tərəfindən imza edilməmiş, onun surəti şirkətə təqdim olunmamış, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, “Protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək üçün onlara şərait yaradılmamışdır. inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə “Bildiriş” şirkətə çatdırılmamış və isin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. Odur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2022-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2022-ci il tarixli, 7389 nömrəli məktubdan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında "xxxx" MMC göstərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC 1241761.50 Rusiya rublu məbləğində pulu ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. İş materiallarında olan Moskva Şəhər Arbitraj Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-dən "xxxx" şirkətinin xeyrinə 1201761.50 Rusiya rublu məbləğində borcun tutulması qət edilmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, "xxxx" MMC barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP seriyalı ******* nömrəli protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə "xxxx" MMC-nin təqsiri müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi, həmin xəta təqsirli olaraq törədildikdə və həmin xəta üzrə şəxsin təqsiri sübuta yetirildikdə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş "xxxx" MMC barəsində xx.xx.2022-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 02 mart 2020ci il tarixli, 427/20 nömrəli müqaviləyə əsasən Satıcı ("xxxx" MMC”) göstərilən malları Alıcıya ("xxxx" MMC-yə) təhvil verməyi öz öhdəsinə götürsə də, sonuncu tərəfindən müqavilə üzrə öhdəliklərə riayət edilməməsini, bu barədə "xxxx" MMC tərəfindən müvafiq müraciətlərin edilməsini, lakin ödənilmiş vəsaitin geri qaytarılmasına nail olmamasını, həmçinin Moskva Şəhər Arbitraj Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli qərarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin təqsirliliyi sübuta yetirilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1562/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1562/2022
07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver