Məhkəmə qərarları › İş №3(005)-1578/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1578/2021

22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1578/2021 22.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-ci Polis Bölməsindən daxil olmuş 14 iyul 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 13 iyul 2021-ci ildə saat 16:30 radələrində, Bakı şəhəri Nərimanov rayonu M.Araz küçəsi ilə Azadlıq prospekti kəsişməsində xidmətdə olan Bakı şəhər Baş polis idarəsinin Dövlət yol polisi idarəsinin Yol patrul xidmətinin polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq tabesizlik göstərmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 200 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 3(005)-1578/2021 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 3(103)-1992/2021 nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin Şəxs barəsində olan 14 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinin sahə inspektoru X1 apellyasiya instansiyası məhkəməsində onların hər biri çıxışında istinad etdiyi audiovideo diskə birinci instansiya məhkəməsinin baxış keçirib-keçirməməsi iş materialından görünməməsi ilə yanaşı, ümumiyyətlə hər hansı bir audio və video diskin olması müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin audio-video diskə baxış keçirilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətində istinad etdiyi hallara həmin diskə baxış keçirilməklə aydınlıq gətirilməli, həmin video görüntülərə istinad edilməklə tam, hərtərfli və obyektiv araşdırma aparılmaqla, qeyd edilən disk iş materiallarına əlavə edilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 13.07.2021-ci il tarixdə, saat 16:30 radələrində vətəndaş Nağızadə X2 rayonu, M.Araz küçəsi və Azadlıq prospekti kəsişməsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək özü ilə birlikdə məhkəməyə gətirildiyini bildirərək həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 13.07.2021-ci il tarixdə 1276 döş nişanlı Muxtar adlı, 474 dövlət qeydiyyat nişanlı avtomobil ilə xidmətdə olan X6 inspektoru ona saxla əmri vermişdir. Səbəbini izah etmədən, özünü təqdim etmədən ona avtomobilini tərk etməyini tələb etmişdir. Etibarnaməsi olmadığı üçün idarə etdiyi avtomobili duracağa yerləşdirəcəyini bildirmişdir. O isə cavab olaraq avtomobilin sahibinin yaxında olduğunu və qıza zamanda gələcəyini bildirmişdir. Lakin polis əməkdaşları buna məhəl qoymamışlar. Protokolu inspektorun və onun iştirakı ilə yazmasını istəmişdir ki, avtomobil duracağa təmin olunmasın. İnspektor avtomobili “mən sürəcəm və sən mənimlə gələcəksən” demişdir. Bu zaman o, etiraz və evakuator çağırmasını istəmişdir. İnspektor isə bu məsələni artıq şəxsi prinsip halına gətirib, avtomobili özü sürmədiyi təqdirdə Post Patrul əməkdaşlarını çağıracağını deyərək onu təhdid etmişdir. Onunla çox hörmətsiz bir şəkildə danışmış, onunla hörmətlə danışmağını istədiyində “sən uje artıq olursan” ifadəsini işlətmişdir. Avtomobilin sahibinin artıq gəldiyini görən inspektor onu tez tələsik post patrul avtomobilinə mindirmiş və 16-cı Polis Bölməsinə aparmışdır. Avtomobilin sahibi gəldikdən sonra avtomobili aparmamalı olduqlarını bildirsələr belə, bunun nartıq prinsip məsələsi olduğunu bildirən digər inspektor avtomobili cərimə meydançasına aparmışdır. Sonda əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, inzibati xəta törətmiş şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh növünün tətbiqinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin polis işçisi və hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına yönəlməsi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. Bu maddə üzrə məsuliyyətin yaranması üçün zəruri hallardan biri də polis işçisinin tələblərinin qanuni olması, yəni qanunda nəzərdə tutulmasıdır. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən polis əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində o cümlədən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək və hüquqi və fiziki şəxslərin əmlakını hüquqazidd əməllərdən qorumaq vəzifələri daşıyırlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən polis əməkdaşlarının, o cümlədən hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada cinayət və ya digər hüquqpozma törətmiş, yaxud törədilməsində şübhələnilən şəxsi tutmaq hüququ vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşları, o cümlədən inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, ictimai yerlərdə sərxoş vəziyyətdə olan və müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən şəxsi xüsusi tibb müəssisəsinə gətirmək hüququna malikdirlər. İş materiallarından, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun ictimai qaydanı və ictimai asayişi pozmamış, inzibati xəta törətməmiş və digər hüquqpozmalara yol verməmiş, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yaratmamış, həmçinin, ictimai yerdə müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən vəziyyətdə olmamışdır. İşdəki sübutlarla onun həmin vaxt qeyri-qanuni hərəkətlərə yol verməsi, həmçinin, polis əməkdaşlarının ona hansı qanuni tələblər irəli sürməsi və Şəxs hansı hərəkətləri ilə onların bu qanuni tələblərinə qəsdən tabe olmaması, bu qəsdin nədə ifadə olunması müəyyən olunmamışdır. Şəxs hərəkətlərinin polisin qanuni tələblərinə tabe olmamasına yönəlməsi (inzibati xətanın obyektiv tərəfi) və bunu qəsdən etməsi, yəni özünün əməlinin hüquqazidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi (inzibati xətanın subyektiv tərəfi) iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar