Məhkəmə qərarları › İş №3(005)-1581/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1581/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1581/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis sədrliyi, Məhkəmə iclas katibi Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, Əmək və X4 Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3, «BSB X8 Məktəbinin nümayəndəsi X1, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətindən daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti (bundan sonra – DƏMX) tərəfindən Şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 05 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Protokola və digər sənədlərə əsasən, Şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ünvan 1 ünvanında yerləşən tədris müəssisəsində inkluziv sinif üçün “pedaqoq-psixoloq” vəzifəsi üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozaraq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bununla da müəssisənin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi qənaətinə gəlinmişdir. Məhkəmə iclasında iştirak edən DƏMX-in nümayəndəsi X7 protokola uyğun çıxış edərək, protokolun əsaslı olduğunu və hüquqi şəxs barəsində inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X2 protokolu əsassız hesab edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə pedaqoq-psixoloq vəzifəsinə namizəd kimi müsahibə aparılmış, onun praktiki bacarıqlarının yoxlanılması məqsədilə bir neçə dəqiqəlik simulyasiya xarakterli sınaq prosesində iştirakı təmin edilmişdir. Lakin o, müəssisənin tələblərinə cavab vermədiyindən onunla əmək müqaviləsi bağlanmamışdır. Namizədə hər hansı dərs materialları və ya tematik-plan verilməmiş, o, hər hansı faktiki əmək funksiyasını icra etməmişdir. DƏMX-ə ünvanlanmış ərizə hüquqşünas olmayan şəxslər tərəfindən tərtib edildiyi üçün ifadələr düzgün seçilməmiş, bu səbəbdən anlaşılmazlıq yaranmışdır. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs qeyd etmişdir ki, qeyd olunan tarixlərdə Şəxsnə pedaqoq-psixoloq ixtisası üzrə işə qəbul məqsədilə müraciət etmişdir. Müsahibədən sonra ona müşahidəçi qismində dərslərdə iştirak etmək tapşırılmışdır. Həmin müddət ərzində özü hər hansı tədris prosesi aparmamış, lakin digər müəllimin tədris prosesində iştirak edərək, uşaqlarla tanışlıq məqsədilə ünsiyyət qurmuşdur. 4 gün ərzində saat 8:00-dan 16:00-dək məktəbdə olsa da, hər hansı konkret əmək funksiyasına cəlb edilməmiş və sadəcə gözləmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs DƏMX-ə ünvanlanmış məktubundan görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında əmək müqaviləsi imzalanmamış və işə qəbul edilməmişdir. Namizəd təcrübə mərhələsində auditoriyaya daxil olduqda, şagirdlər tərəfindən mənfi qarşılanmış, davranışları azyaşlı uşaqlar üçün uyğun olmamışdır. Nəticədə, azyaşlı şagirdlər onunla ünsiyyət qura bilməmiş və onların psixoloji rahatlığı təmin olunmamışdır. Ünsiyyət və dil bacarığı baxımından da məktəbdə əsas tədris dili ingilis dili olduğuna görə, namizədin dil bilikləri yetərli səviyyədə deyil və standartlara uyğun olmadığından onunla əmək müqaviləsi bağlanması nəzərdə tutulmamışdır. Həmin xüsusatlar 001/0014 nömrəli xx.xx.2024-cü il tarixli aktda da təsdiq edilmişdir. MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxsndə inklusiv sinif üçün pedaqoq-psixoloq vəzifəsi üzrə əmək müqaviləsi bağlamadan işə cəlb edilmiş və İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Zərərçəkmiş şəxs DƏMX-ə ünvanlanmış elektron ərizəsindən görünür ki, sonuncu Şəxsndə onunla əmək müqaviləsi bağlanıldığını, lakin dörd gün gözlədikdən sonra işə qəbul edilmədiyini bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsi ilə təsbit edilmiş təqsirsizlik prezumpsiyasına görə, şəxsin təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Təqsirliliklə bağlı bütün şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, proses iştirakçılarının izahatlarını dinləyərək və təqdim olunmuş sübutları İXM-nin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq öz daxili inamı əsasında qiymətləndirərək bu qənaətə gəlir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bu iş üzrə hüquqi mübahisənin predmeti, Zərərçəkmiş şəxs müəssisədəki fəaliyyətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəaları çərçivəsində əmək münasibəti kimi təsnif edilməsinin mümkünlüyü ilə bağlıdır. İnzibati xəta tərkibinin mövcudluğu yalnız o halda təsdiqini tapmış hesab edilə bilər ki, Zərərçəkmiş şəxs müəssisə tərəfindən konkret əmək funksiyasının icrasına (hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə) cəlb edilməsi faktı, qanunun tələblərinə uyğun olaraq toplanmış və tədqiq edilmiş mötəbər sübutlar məcmusu ilə təkzibolunmaz şəkildə sübuta yetirilsin. Təqsirsizlik prezumpsiyası prinsipi, inzibati xətalar qanunvericiliyinin fundamental əsaslarından biri olaraq tələb edir ki, şəxsin təqsirliliyi heç bir şübhəyə yer qoymayacaq şəkildə, mötəbər və kifayət qədər sübutlar toplusu ilə sübuta yetirilməlidir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın vəzifəsi təkcə pozuntunu iddia etmək deyil, həm də bu iddianı təkzibolunmaz dəlillərlə əsaslandırmaqdır. Lakin, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, inzibati orqanın gəldiyi nəticə işin faktiki hallarından daha çox, ehtimal xarakterli mülahizələrə əsaslanır. Belə ki, həm Şəxs nümayəndəsinin, həm də Zərərçəkmiş şəxs özünün izahatları bir-birini tamamlayaraq təsdiq edir ki, onun müəssisədə olması faktiki əmək münasibətlərinin yaranmasına deyil, potensial əməkdaşlıqdan əvvəlki müsahibə və müşahidə mərhələsinə xas olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs özü də qeyd etdiyi kimi, müəssisədə 4 gün müddətində iştirak etsə də, hər hansı faktiki işə cəlb edilməmiş, özünün də qeyd etdiyi kimi sadəcə “gözləmişdir”. Namizədə hər hansı konkret əmək funksiyası, vəzifə təlimatı və ya tədris-tematik plan həvalə edilməmiş, onun fəaliyyəti sistemli və ödənişli xarakter daşımamış, hər hansı tədrisə buraxılmamışdır. Bu isə, özlüyündə, tərəflər arasında əmək münasibətlərinin formalaşmadığını, münasibətlərin yalnız əmək müqaviləsinin bağlanması perspektivinin müzakirəsi ilə məhdudlaşdığını göstərir. Hazırkı iş üzrə X5 Xidməti tərəfindən təqdim edilmiş materiallar, xüsusilə də Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahat fonunda, Şəxs əməlində İXM-nin 192.1-ci maddəsinin dispozisiyasını təşkil edən inzibati xəta tərkibinin obyektiv və subyektiv cəhətlərinin mövcudluğunu sübut etmək üçün yetərli deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflərin mövqeləri və təqdim olunmuş sübutlar arasında yaranmış və aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələr barəsində icraat aparılan hüquqi şəxsin xeyrinə yozulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq, Şəxs əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin mövcud olmadığı qənaətinə gəlir və müəssisə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə, yəni əməllərində inzibati xəta tərkibi olmadığına əsasən xitam verilməsini zəruri hesab edir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53.1.2 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar