Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1582/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarınləğv olunmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 28 aprel 2023-cü il tarixdə AC 836062 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında ona məxsus "MAN YÜK” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı-Sumqayıt yolunda hərəkətdə olan zaman DİN BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları daşıdığı yükün çəkisinin və qabaritinin yoxlanılaraq qanunvericiliklə müəyyən edilmiş standartlara uyğunluğunun müəyyən ediləcəyini bildirdilər. Yoxlama nəticəsində idarə etdiyi nəqliyyat vasitəsinin ümumi çəkisinin 36800 kq olması müəyyən edildi. Polis əməkdaşları ona icazə verilən maksimum kütlə normasını pozduğunu və buna görə də barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini bildirmişlər. Hüquqi əsas kimi “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri ”nin və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarına istinad edildi. Həmin Qərarın 2 saylı əlavəsinə əsasən, 4 oxlu yük avtomobillərinə icazə verilən maksimum küllə 32000 kq müəyyən edilmişdir. O, etirazını bildirərək AR DİN tərəfindən ona verilmiş AC 836062 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilir ki, icazə verilmiş maksimum kütlə 41463 kq-dır. Buna görə də barəmdə aparılacaq inzibati icraatın qanuna zidd olacağını və rəsmi sənədlər arasında kolliziya yaranarsa bu zaman məsələnin vətəndaşın xeyrinə həll edilməli olduğunu bildirmişdir. Lakin, bu etirazına əhəmiyyət verilməmiş və xx.xx.2023-cü il tarixdə barəsində AR İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə) pozulması ilə əlaqədar TP ******* №-li inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. “MAN YÜK" markalı, 99-СA-616 dövlət qeydiyyat nişanlı yük avtomobili texniki baxışdan keçirilmiş, müvafiq prosedur əsasında AC 836062 №-li qeydiyyat şəhadətnaməsi ona təqdim edilmişdir və orada icazə verilmiş maksimal kütlənin 41463 kq olması öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 məhkəmə iclasında verilmiş şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Bu səbəblə də qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli, 4875 nömrəli tərəzi qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə “MAN” yük markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı betonqarışdıranda olan yükün çəkisi 36.800 kq olmuşdur. AC seriyalı, 836062 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “MAN” yük markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı betonqarışdırana 41463 kq kütləsində yük daşımasına icazə verilmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən riqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. İş materiallarının qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə X2 məxsus “MAN” yük markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə polis əməkdaşları tərəfindən saxlanılarkən keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, daşıdığı kütlə 36.800 kiloqramdır. Bu hal xx.xx.2023-cü il tarixli, 4875 nömrəli tərəzi qəbzi ilə təsdiq edilmişdir. Eyni zamanda xx.xx.2017-ci il tarixdə vətəndaş X2 məxsus yük avtomobilinə texniki baxış keçirilərək AC seriyalı, 836062 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmiş və həmin şəhadətnamə ilə həmin yük avtomobilinə maksimal 41.463 kiloqram yük daşımasına icazə verilmişdir. Beləliklə məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, X2 məxsus “MAN” yük markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə xx.xx.2023-cü il tarixdə ona şəhadətnamə əsasında icazə verilmiş maksimal kütlədən aşağı çəkidə, yəni 36.800 kiloqram yük daşınılmışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində göstərilən inzibati xətanın törədilmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1582/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1582/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver