Məhkəmə qərarları › İş №3(005)-1584/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1584/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1584/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 18-cı PŞ-nin polis sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Fizuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli,orta təhsilli, Fizuli rayonu, Horadiz şəhərində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 18-cı PŞ-dən daxil olmuş 23 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, X5 xx.xx.2024-cü il tarixli 3626 nömrəli rəyinə əsasən Şəxs az miqdarda narkotik vasitədən istifadə etmişdir. Həmçinin xırda talama törətmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 18-cı PŞ-nin polis sahə inspektoru X3 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs 22 may 2024-cü il tarixdə Bravo marketdən 500 manat dəyərində oğurluq etmişdir. Həmçinin Şəxs müayinədən keçirildikdə onun narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. Daha sonra araşdırma başlanılmış və cinayət işinin başlanması rədd edildikdən sonra Şəxs barəsində tədbir görülməsi üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə X6 ərizə ilə Nərimanov RPİ-nin 18-ci PŞ-nə müraciət edərək xx.xx.2024-cü il tarixdə saat 13 radələrində şöbə müdiri işlədiyi ‘‘Bravo’’ marketdən 500 manat dəyərində oğurluq edən Şəxs xx.xx.2024-cü il tarixdə saxlayaraq 102 xidmətinə məlumat vermiş və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı X6 izahatında şöbə müdiri işlədiyi ‘‘Bravo’’ marketdən xx.xx.2024-cü il saat 13 radələrində bir kişinin 500 manat dəyərində müxtəlif məhsullar oğurladığını nəzarət kamerasından aşkar etdiyin,xx.xx.2024-cü il tarixdə saat 16 radələrində həmin şəxs yenidən marketə gəldikdə onu saxlayaraq 102 xidmətinə məlumat verdiyini, şübhəli bilinən Şəxs saxlanılarkən marketdən ərzaqları gizli apardığını etiraf etdiyini və Şəxs marketə 500 manat ziyan vurduğunu qeyd etmişdir.Bununla əlaqədar hadisə yerinə baxış keçirilmiş protokol tərtib olunaraq fotoşəkil çəkilmişdir.Bundan başqa araşdırma aparılan zaman xx.xx.2024-cü il tarixində Şəxs izahatı alındı o izahatında xx.xx.2024-cü il tarixdə saat 13 radələrində ünvan 1 ünvanında yerləşən ‘‘Gənclik Mall’’-da ‘‘Bravo’’ marketdən müxtəlif növ ərzaqları qara selefona yığdığını, daha sonra pul ödəmədən oradan uzaqlaşdığını,xx.xx.2024-cü il tarixdə marketin mühafizəçisinin onu saxladıqda oğurluq etdiyini səmimi etiraf etdiyini,az sonra polis şöbəsinə apardıqlarını, xx.xx.2024-cü il tarixdə Bravo marketdən təxmini 500 manat dəyərində ərzaqlar oğurladığını və narkotik maddə istifadə etmədiyini sadəcə təxminən bir həftə əvvəl tanımadığı şəxsdən qurudulmuş marexuana alıb 1 dəfə istifadə etdiyini qeyd etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, səhvə yol vermişdir. Əvvəllər narkotik vasitədən istifadə etdiyinə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 4 ay olar ki, azadlığa çıxmışdır. Son olaraq əməlindən səmimi peşman olduğunu bildirib barəsində maddənin sanksiyası həddində yüngül tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 23 may 2024-cü il tarixli, 3626 nömrəli ekspert rəyindən görünür ki, Şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Cinayət işinin başlanılması rədd edilməsi haqqında” 23 may 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” 22 may 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 14:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında ünvan 2 ünvanında olan “ Gənclik Mall” ticarət mərkəzində yerləşən Bravo marketdə baş vermiş oğurluq hadisəsinin videogörüntülərini əks etdirən “CD” diskə baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bravo marketdən qeyri qida məhsullarını gizli olaraq oğurlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati protokolu tərtib etmiş şəxsin, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri həbs tətbiq olunmalı, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 22 may 2024-cü il tarixdən saat 14:00-dan hesablanmalı, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində 01 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 22 may 2024-cü il tarixdən saat 14:00-dan hesablansın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar