Məhkəmə qərarları › İş №3(005)-1585/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1585/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1585/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis sədrliyi, Məhkəmə iclas katibi Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, Əmək və X13 Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X10, Şəxs QSC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətindən daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti (bundan sonra – DƏMX) tərəfindən «Uni Ko” QSC barəsində İXM-nin 192.1ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 12 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Protokola və digər sənədlərə əsasən, “Qarabağ və X22 zonalarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X11, X5 xx.xx.2024-cü il tarixdən, və X15, X3 xx.xx.2024-cü il tarixdən hal-hazırki tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdilər. Bununla da MMC-nin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi qənaətinə gəlinmişdir. Məhkəmə iclasında iştirak edən DƏMX-in nümayəndəsi X23 bildirdi ki, protokol Daxili İşlər Nazirliyinin məlumatları əsasında tərtib lunmuşdur, adları qeyd olunan şəxslərin heç birinin izahatı alınmamışdır. Sonda protokolun müdafiə etdiyini və hüquqi şəxs barəsində inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən «Uni Ko” QSC-nin nümayəndəsi X6 protokolu əsassız hesab edərək bildirmişdir ki, protokolda qeyd olunan şəxslər onların şirkəti tərəfindən işə qəbul olunmamışdır. Subodratçı kimi cəlb edilmiş şirkət tərəfindən işə götürülmüşdülər. «Uni Ko” QSC baş podratçı olduğu üçün subpodratçı şirkətin işlərini görmək məqsədilə portaldan işğaldan azad olunmuş ərazilərə giriş icazə almışdır. Həmin şəxslərlə əmək müqaviləsi bağlanmamışdır. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaşlar X11, X5 xx.xx.2024-cü il tarixdən və X15, X3 xx.xx.2024-cü il tarixdən hal-hazırki tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdilər və İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişir. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X1 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. - Şəxs QSC-nin nümayəndəsi X6 tərəfindən məhkəməyə ünvanlanmış izahatdan görünür ki; X5 — əmək müqaviləsi əsasında fərdi sahibkar X7 (VÖEN: **********) işçisi olmuşdur. X16 — "xxxx" MMC-nin (VÖEN: ********** ) subpodratçısı, "xxxx" MMC isə — Şəxs QSCnin (VÖEN: **********) subpodratçısı olmuşdur. X11 — əmək müqaviləsi əsasında fərdi sahibkar X12 (VÖEN: **********) işçisi olmuşdur. X24 — "xxxx" MMC-nin subpodratçısı, bu şirkət isə Şəxs QSC-nin subpodratçısı olmuşdur. X15 — əmək müqaviləsi əsasında fərdi sahibkar X8 (VÖEN: **********) işçisi olmuşdur. X20 da "xxxx" MMC-nin subpodratçısı olmuşdur, bu şirkət isə Şəxs QSC-nin subpodratçısı olmuşdur. X3 — əmək müqaviləsi əsasında fərdi sahibkar X4 (VÖEN: **********) işçisi olmuşdur. X9 isə Şəxs QSC-nin subpodratçısı olmuşdur. Protokolda adları qeyd olunan şəxslərə Ağdam şəhərində yerləşən, 960 şagird yerlik 1 nömrəli tam orta məktəbin tikintisi layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərə giriş icazələri alınmışdır. Həmin layihənin baş podratçısı Şəxs QSC olduğundan, giriş icazələri də Şəxs QSC tərəfindən təmin edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024 cü il tarixli 3(004)-4375/2024 saylı qərarından görünür ki, «UNİ KO” QSC-nin direktoru X17 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər idarəsinin 26 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər idarəsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2310/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, «UNİ KO” QSC-nin direktoru X17 tərəfindən verilmiş şikayətin qismən təmin olunması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər idarəsinin 26 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək qeyd olunan inzibati xəta haqqında işin baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər idarəsinə göndərilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsi ilə təsbit edilmiş təqsirsizlik prezumpsiyasına görə, şəxsin təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Təqsirliliklə bağlı bütün şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, proses iştirakçılarının izahatlarını dinləyərək və təqdim olunmuş sübutları İXM-nin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq öz daxili inamı əsasında qiymətləndirərək bu qənaətə gəlir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bu iş üzrə hüquqi mübahisənin predmeti, X11, X5, X15 və X1 müəssisədəki fəaliyyətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəaları çərçivəsində əmək münasibəti kimi təsnif edilməsinin mümkünlüyü ilə bağlıdır. İnzibati xəta tərkibinin mövcudluğu yalnız o halda təsdiqini tapmış hesab edilə bilər ki, X11, X5, X15 və X1 müəssisə tərəfindən konkret əmək funksiyasının icrasına (hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə) cəlb edilməsi faktı, qanunun tələblərinə uyğun olaraq toplanmış və tədqiq edilmiş mötəbər sübutlar məcmusu ilə təkzibolunmaz şəkildə sübuta yetirilsin. Təqsirsizlik prezumpsiyası prinsipi, inzibati xətalar qanunvericiliyinin fundamental əsaslarından biri olaraq tələb edir ki, şəxsin təqsirliliyi heç bir şübhəyə yer qoymayacaq şəkildə, mötəbər və kifayət qədər sübutlar toplusu ilə sübuta yetirilməlidir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın vəzifəsi təkcə pozuntunu iddia etmək deyil, həm də bu iddianı təkzibolunmaz dəlillərlə əsaslandırmaqdır. Lakin, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, inzibati orqanın gəldiyi nəticə işin faktiki hallarından daha çox, ehtimal xarakterli mülahizələrə əsaslanır. Belə ki, həm işdə olan materiallar, həm Şəxs QSC-nin nümayəndəsinin izahatları təsdiq edir ki, protokolda adları qeyd olunan şəxslər işçi olaraq həmin şirkətin işçiləri olmamışdırlar. Həmçinin protokol tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasında səmimi şəkildə qeyd etmişdir ki, protokol adları qeyd olunan şəxslərin izahatları alınmadan, Daxili İşlər Nazirliyinin sistem məlumatları əsasında tərtib edilmişdir. Mümkündür ki, qeyd olunan şəxslərin iş icazələri portala Şəxs QSC tərəfindən daxil edilmiş olsun. Lakin, həmin xüsusat sözügedən şəxslərin həmin cəmiyyət tərəfindən işə cəlb edilməsi qənaətinə gəlməyə birmənalı və dəqiq şəkildə əsas verə bilməz. Hazırkı iş üzrə X18 Xidməti tərəfindən təqdim edilmiş materiallar, tərəflərin məhkəmədə verdiyi izahat fonunda, Şəxs QSC–nin əməlində İXM-nin 192.1-ci maddəsinin dispozisiyasını təşkil edən inzibati xəta tərkibinin obyektiv və subyektiv cəhətlərinin mövcudluğunu sübut etmək üçün yetərli deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflərin mövqeləri və təqdim olunmuş sübutlar arasında yaranmış və aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələr barəsində icraat aparılan hüquqi şəxsin xeyrinə yozulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsində təqsirliliyinin sübuta yetirilməməsi qənaətinə gəlir və müəssisə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2ci maddəsinə, yəni təqsirliliyinin sübuta yetirilməməsinə əsasən xitam verilməsini zəruri hesab edir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53.2 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar